Türkiyə eksperti: Ermənilər Fransanın dəstəyi ilə “Qərbi Ermənistan” mifini təbliğ edirlər

post-img

Baş nazir Nikol Paşinyanın “müasir Ermənistandan kənarda Qərbi Ermənistan yoxdur” iddiasına baxmayaraq, ermənilər Fransanın dəstəyi ilə müasir Türkiyə daxilində “Qərbi Ermənistan” mifini təbliğ etməkdə davam edirlər.

AZƏRTAC xəbər verir ki, Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Selenay Erva Yalçın diqqəti bu mənfi tendensiyaya cəlb edib.

O, ermənilərin 2018-ci il sentyabrın 14-də informasiya məkanında “parlament seçkiləri” ilə bağlı qərarı açıqlanan qondarma “Qərbi Ermənistan Respublikası”nın yaradılması ilə bağlı bəyanatlarını xatırladıb. Üstəlik, psevdo-dövlətin əhatə dairəsi 27 bölgəni əhatə edirdi ki, onların da əksəriyyəti Türkiyədə, bəziləri isə Gürcüstanda yerləşir.

“Beləliklə, ermənilər Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmək istəmədiklərini bir daha nümayiş etdirdilər ki, bu da beynəlxalq hüquq normalarına əsaslı şəkildə ziddir”, - deyən analitik vurğulayır ki, “Qərbi Ermənistan” mifinin tərəfdarları heç vaxt qüvvəyə minməmiş 1920-ci il Sevr müqaviləsinə istinad edirlər.

AVİM eksperti qondarma virtual qurumun “mədəniyyət naziri” Yuliya Güloyanın UNESCO-nun Baş direktoru Odri Azuleyə göndərdiyi 29 avqust 2022-ci il tarixli açıq məktubu xatırladıb və orada “erməni irsinin tarixi erməni ərazilərində, o cümlədən Şanlıurfa və Qarsda qanunsuz qazıntılar fonunda qorunmasının zəruriliyi” haqda yazılıb.

Türkiyəli ekspert qeyd edir ki, “Qərbi Ermənistan” virtual psevdo-qurumunun eyni nümayəndələri 2018-ci ildən başlayaraq müxtəlif bəhanələrlə dörd dəfə, o cümlədən “Ümumdünya təşkilatına qəbul” məsələsi ilə bağlı BMT-yə müraciət ediblər. Hətta 2019-cu ildə “Qərbi Ermənistan hökuməti”nin Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsi ilə bağlı BMT-yə müraciəti yayılıb.

“Bütün bu bəyanatlar açıq-aşkar beynəlxalq strukturlar və ictimaiyyət tərəfindən diqqətdən kənarda qaldı” deyən analitik vurğulayır ki, “Qərbi Ermənistan parlamentinə” daxil olanların əksəriyyəti bu və ya digər dərəcədə Fransa ilə əlaqəlidir.

S.Erva Yalçının sözlərinə görə, “Qərbi Ermənistan parlamenti”nin yaradılması ilə bağlı bəyanatın Parisdə elan edilməsi təsadüfi deyil. Yenə də həmin Fransada “Qərbi Ermənistan” funksionerləri çoxsaylı görüş və digər tədbirlər keçirirlər.

“Ermənistan hakimiyyətinin Konstitusiyanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı İstiqlal Bəyannaməsinə istinad edən hazırkı variantının dəyişdirilməsi prosesini ləngitməsi İrəvanın sülh prosesi və regionda münasibətlərin normallaşması məsələsində səmimi olmadığını göstərir. Qərbi Ermənistanla bağlı davam edən yalanların yayılması da gözardı edilə bilməyən faktdır”, -deyə AVİM analitiki sözlərini yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sosial həyat