Xaçmaz rayonu Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan manifesti Gəncliyin gözü ilə” adlı tədbir keçirilib.
Gənclər Mərkəzi İctimai Birliyinin “Qərbi Azərbaycan manifesti gəncliyin gözü ilə” adlı layihəsi çərçivəsində baş tutan mərasimdə Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə çıxışında deyib: “Layihənin müddəti 3 aydır. Əsas məqsəd Qərbi Azərbaycanla bağlı həqiqətləri və hüquqi faktları sənədli film, bukletlər, kitabçalar və xüsusi geyimlər vasitəsilə daha çox böyük kütləyə çatdırmaq, eləcə də, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qeyd olunduğu kimi bu prosesdə ictimai rolun artırılması və gənclərin aktiv iştirakını təmin etməkdən ibarətdir”.
Sonra, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Quba-Xaçmaz Gənclər və İdman İdarəsinin Xaçmaz rayon üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov, Xaçmaz rayon Tarix-Diyarşünaslıq muzeyinin elmi işçisi Xumar Əsədova, könüllü fəal gənc Yusif Məmmədli layihənin əhəmiyyətindən söz açdılar. Bildirildi ki, Qərbi Azərbaycanın tarixi, mədəni irsi, müxtəlif illərdə həyata keçirilən köçürülmə siyasəti və bu müddət ərzində vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasını şərtləndirən məsələlərdə ictimai rolun artırılması çox vacibdir.
Sonda, layihə çərçivəsində hazırlanmış sənədli film nümayiş olundu, tədbir iştirakçılarına bukletlər, dəftərxana ləvazimatları və geyim dəsti paylandı, sertifikatlar təqdim olundu.
Xatırladaq ki, layihə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü ildə elan edilmiş qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
S. FİDAN
XQ