ABŞ-da yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam Vüqar Quliyevin əsəri Vaşinqtonda təşkil olunmuş rəsm müsabiqədə birinci yerə layiq görülüb.
Hill Mərkəzi tərəfindən təşkil olunmuş nüfuzlu 2026 Regional Münsiflər Sərgisində Virciniya və Merilənd ştatlarından və paytaxt Vaşinqtondan 800 rəsm əsəri müsabiqəyə təqdim eddilib. 124 sənət əsəri seçilərək sərgiyə çıxarılıb və aralarından azərbaycanlı rəssamın yağlı boya ilə çəkdiyi “Astral sürüşmə” əsəri 1-ci yerə layiq görülüb. Rəssama xüsusi sertifikat və mükafat təqdim olunub.
Xatırladaq ki, Vüqar Quliyev bundan əvvəl də ABŞ-də keçirilən sərgilərdə fərqlənərək, ard-arda uğurlara imza atmışdı. Daha öncə soydaşımızın “Absurd gecə gəzintisi” əl işi “Arlington Rəssamlar Alyansı” qalereyasında keçirilmiş sərgidə fərqlənib. Ötən ilin aprel ayında onun “Pıçıldayan atəş” əsəri “İncəsənət Liqası” qalereyasındakı “MiniMax” adlı sərgidə baş mükafata layiq görülmüşdü. İyul ayında isə Vüqar Quliyevin digər bir rəsm əsəri – “Xəyal meşəsi: nömrə 2” həmin qalereyada təşkil olunmuş sərgidə baş mükafat alıb.
Ə.DOSTƏLİ
XQ

