Görkəmli tibb alimi, tanınmış pedaqoq və ictimai xadim

post-img

Azərbaycan tibb elminin və təhsilinin inkişafına layiqli töhfələr vermiş professor Vaqif Şadlinski görkəmli alim və təcrübəli pedaqoq olmaqla yanaşı, həm də təşəbbüskar və bacarıqlı təşkilatçı, fəal ictimai xadim kimi tanınır. Onun Azərbaycan tibb elminin və təhsilinin çağdaş dünya təbabətinin inkişaf səviyyəsinə yüksəlməsinə yönəlmiş fəaliyyəti ölkəmizdə və xaricdə qədirbilənliklə dəyərləndirilir.

Vaqif Bilas oğlu Şadlinski 1940-cı il yanvarın 24-də Qərbi Azərbaycanın Vedi rayonunda ziyalı ailəsində anadan olmuşdur. Məşhur Şadlinskilər nəslinə mənsub bu ailədə elmə, təhsilə və milli dəyərlərə xüsusi önəm verilmişdir. Bu mühit onun dünyagörüşünün və şəxsiyyətinin formalaşmasında əsas rol oynamışdır.

1948–1950-ci illərdə azərbaycanlı əhaliyə qarşı həyata keçirilən deportasiya siyasəti nəticəsində Şadlinski ailəsi də dədə-baba yurdundan didərgin düşərək Azərbaycanın Şəmkir rayonunun Leninkənd qəsəbəsində məskunlaşmışdır. Bu faciəli hadisələr Vaqif Şadlinskinin həyatında dərin iz buraxmış, onda vətənpərvərlik, dözüm və əzm kimi keyfiyyətləri daha da möhkəmləndirmişdir.

Gələcəyin tibb alimi 1959-cu ildə Leninkənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidmət keçmiş, bölmə komandiri olmuşdur. Hərbi xidmət onun intizamlı, məsuliyyətli və liderlik keyfiyyətləri qazanan şəxsiyyət kimi formalaşmasına zəmin yaratmışdır. Ordudan tərxis olunduqdan sonra o, Şəmkir rayonunda Həzi Aslanov adına kolxozda çalışmışdır.

1963-cü ildə Vaqif Şadlinski Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olmuşdur. Tələbəlik illərindən etibarən o, yalnız təhsildə deyil, həm də ictimai fəaliyyət sahəsində fəallığı ilə seçilmişdir. Müxtəlif illərdə tələbə şuralarının və həmkarlar ittifaqlarının sədri kimi çalışaraq təşkilatçılıq bacarığını nümayiş etdirmişdir. 1967-ci ildə institutun partiya komitəsi bürosunun üzvü seçilməsi və Ümumittifaq Həmkarlar İttifaqının qurultayında nümayəndə kimi iştirakı onun ictimai fəallığının göstəricisi idi.

Bu dövrdə Vaqif Şadlinski elmi axtarışlarını daha da dərinləşdirərək tibb elminin fundamental sahələrinə yönəlmişdir. 1970-ci Vaqif müəllim Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamışdır. Uzun illər ərzində o, burada səmərəli elmi araşdırmalar aparmış, minlərlə tələbənin anatomiyaya dair dərin bilik qazanmasına töhfə vermişdir. Bütün bunlar onu kafedra müdiri vəzifəsinə yüksəlmişdir.

Professor Vaqif Şadlinski 1988–1991-ci illərdə ali məktəbin I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1992–1994-cü illərdə Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994–1995-ci illərdə ümumi işlər, 1996–2001-ci illərdə isə tədris işləri üzrə prorektor vəzifələrində çalışmış, ölkəmizdə tibb təhsilinin təkmilləşdirilməsi, elmi mühitin gücləndirilməsi və gənc kadrların hazırlanması istiqamətində bilik-bacarığını yüksək səviyyədə sərf etmişdir.

Müəllim kimi onun ən üstün cəhətlərindən biri də ədalətli və obyektiv qalması idi. O, tələbələri arasında heç vaxt fərq qoymaz, qiymətləndirmədə yalnız bilik və zəhməti əsas götürərdi. Bu xüsusiyyəti ona tələbələr arasında böyük hörmət və etimad qazandırmışdı. Vaqif müəllim üçün əsas məqsəd savadlı, vicdanlı və cəmiyyətə faydalı həkimlər yetişdirmək idi.

Vaqif Şadlinski məhsuldar elmi yaradıcılığı ilə seçilən alimlərdəndir. Onun 600-dən artıq elmi əsəri tibb elminin müxtəlif sahələrini əhatə edir. Bu əsərlər arasında 18 monoqrafiya, 46 dərslik, 23 tədris-metodik vəsait xüsusi yer tutur. Alimin müəllifi olduğu “İnsan anatomiyası üzrə atlas” tibb təhsili alan tələbələr üçün dəyərli mənbədir. alimin fundamental mövzulu əsərlərindən biri də Azərbaycan, rus, ingilis və latın dillərində nəşr olunmuş “Anatomik terminologiya” kitabıdır. Bu əsər tibb terminlərinin sistemləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından elmi nailiyyətdir.

Vaqif müəllimin elmi yaradıcılığı yalnız nəzəri biliklərlə məhdudlaşmamış, praktiki tibb və tədris prosesinin inkişafına da yönəlmişdir. Onun əsərləri bu gün də Azərbaycan tibb təhsilində əsas mənbələr sırasındadır.

Vaqif Şadlinski Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının üzvü, eyni zamanda yaradıcısı olduğu Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti İctimai Birliyinin sədridir. Alim bir sıra nüfuzlu elmi jurnalların redaksiya şuralarının üzvü kimi də fəaliyyət göstərmişdir. Onun ictimai fəaliyyəti də elmə və təhsilə xidmət prinsipi üzərində qurulmuş, gənc tədqiqatçıların yetişdirilməsinə, elmi məktəblərin formalaşmasına xidmət etmişdir.

Professor Vaqif Şadlinski Azərbaycan tibb elminin inkişafında silinməz iz qoymuş böyük alim, pedaqoq və ictimai xadimdir. Onun həyat yolu zəhmətkeşliyin, elmə sədaqətin və Vətənə xidmətin seçilən nümunəsidir. Zəngin elmi irsi, çoxsaylı əsərləri və yetişdirdiyi kadrlar görkəmli alimin milli tibb elminin yüksəlişinə samballı töhfədir.

Mirhaşim CALALOV,
Mərkəzi Neftçilər Xəstəxanasının hemodializ şöbəsinin müdiri, fəlsəfə doktoru

Mədəniyyət