Xakas türkoloqu Bakı toplantısında

post-img

Türkologiyada adları tez-tez qarışdırılan 2 Nikolay Katanov var. Onlardan birincisi – Nikolay Fyodoroviç Katanov (1862–1922) – XIX əsrin sonlarında fəaliyyət göstərmiş görkəmli türkoloq, Sibir türklərinin dili, folkloru və etnoqrafiyası üzrə mütəxəssis idi. O, Sibir xalqlarından 1200-dən çox folklor mətnini toplamış, türk dillərinin müqayisəli tədqiqinə mühüm töhfə vermiş və Kazan Universitetində professor kimi çalışmışdır.

Folklor tədqiqatçısı Əli Şamil qeyd edir ki, ikinci Katanov onun bacısı oğlu Nikolay Qavriloviç Katanovdur (1894–1938). Kiçik Nikolayın fəaliyyəti də elmi və ictimai-siyasi baxımdan diqqətəlayiqdir. Atası Qavril Leonteviç Tünitsev, anası isə professor Katanovun böyük bacısı Mariya idi. Dayısı – məşhur alim Nikolay Fyodoroviç Katanov bacısı oğlunu övladlığa götürərək ona öz adını və soyadını vermiş, təhsil və tərbiyəsini özü yönləndirmişdir. Beləcə hər iki Katanov türkoloji fikrin müxtəlif dövrlərində, lakin eyni ideya – Sibir türklərinin dil, mədəniyyət və kimlik mirasını qorumaq və tədqiq etmək uğrunda çalışmışlar.

Bakı Türkoloji Qurultayında iştirak edən şəxs Nikolay Fyodoroviç Katanovun bacısı oğlu – Nikolay Qavriloviç Katanov olmuşdur. O, 1926-cı ildə Bakıda keçirilən Qurultayda Xakas nümayəndə heyətinin üzvü kimi çıxış etmiş, türk xalqları arasında ortaq əlifba və mədəni yaxınlaşma ideyalarını müdafiə etmişdir. O, həmçinin Qərbi Sibir Türk Respublikası yaratmaq ideyası ilə çıxış etdiyi üçün sonradan Stalin repressiyalarının qurbanına çevrilmişdir.

1894-cü il dekabrın 5-də Sibiriyanın Askiz qəsəbəsi yaxınlığındakı Saraja kəndində dünyaya gəlmişdir. Onun həyatı elmi və milli ideallar uğrunda mübarizə nümunəsidir. Nikolay əvvəlcə Askizdəki ikisinifli kənd məktəbində, daha sonra isə Krasnoyarsk dini seminariyasında oxumuş, 1916-cı ildə Xarkovdakı Novo Aleksandrski Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Lakin Birinci Dünya müharibəsi və Rusiyada baş verən inqilabi hadisələr onun həyat yolunu dəyişmişdir. 1919-cu ildə Denikin ordusuna çağırılmış, daha sonra öz yazdığı kimi bolşeviklәrin tәrәfinә keçmiş və Qızıl Orduda xidmət etmişdir.

1921-ci ildә hәrbi xidmәtdәn azad olub vәtәninә qayıdan Katanov Millətlər Nazirliyinin Minisun qəzasındakı İcraiyyə Komitəsində, Askiz tərcümə komissiyasında, milli nəşriyyat və savadsızlığın ləğvi komissiyalarında çalışmışdır. O, 1927-ci ildәn ana dilindә nәşrә başlayan “Lenin yolu” qәzetindә və sonralar “Xızıl aal” qəzetinin əməkdaşı kimi yazılar yazır, xalq maarifinin inkişafına çalışırdı. Katanovun ən mühüm elmi işi xakas dilinin ilk qrammatikası və 1928-ci ildə nəşr edilmiş “Xakasca–Rusca lüğəti” olmuşdur. Bu əsərlər Sibir türklərinin dilinin öyrənilməsi və kodlaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. 1928-ci ildə latın qrafikalı türk əlifbası komissiyasına üzv seçilmişdir.

N.Q.Katanov bütün üzləşdiyi ciddi nəqliyyat və yol çətinliklərinə baxmayaraq, Birinci Ümumittifaq Türkoloji Qurultayın sonuncu günü – 6 mart 1926-cı ildə Bakıya çatmağa müvəffəq olur. Uzaq Sibirdən, minlərlə kilometr məsafəni qət edərək Qurultayda iştirak etməsi onun bu mötəbər elmi toplantıya verdiyi böyük əhəmiyyətin və türk xalqlarının elmi-mədəni birliyi ideyasına sadiqliyinin bariz göstəricisi idi.

Katanov iclasda xakas dilində çıxış edərək həm öz xalqının dil və mədəniyyətinə olan bağlılığını, həm də Türkoloji Qurultayın çoxdilli və beynəlmiləl xarakterini nümayiş etdirir. O, nitqinə dərin məna daşıyan bu sözlərlə başlayırdı: “Yoldaşlar, mən Birinci Ümumittifaq Türkoloji Qurultayını uzaq Sibirdən, keçmiş Yenisey quberniyasının cənubunda yaşayan xakasların adından salamlayıram”.

Bu sözlər zalda böyük təlatüm yaradır. Ardınca Katanov öz xalqının dil və mədəniyyət sahəsində üzləşdiyi çətinliklərdən danışır, Sibir türklərinin elmi-mədəni həyatla daha sıx əlaqə qurmasının vacibliyini vurğulayır.

Əslində, bu müraciət təkcə formal bir salamlaşma deyildi. Katanovun çıxışı, kiçik saylı və coğrafi baxımdan mərkəzdən uzaqda yaşayan türk xalqlarının da ümumtürk elmi prosesində yer aldığını, onların dil, folklor və etnoqrafiyasının öyrənilməsinin türkoloji tədqiqatlar üçün əvəzsiz əhəmiyyət daşıdığını vurğulayırdı. Onun Qurultaydakı iştirakı və çıxışı, türk xalqlarının elmi inteqrasiyası, qarşılıqlı tanınması və ortaq problemlərin müzakirəsi baxımından xüsusi simvolik məna kəsb edirdi.

Qurultay onun üçün həm də mənəvi oyanış mənbəyi olur. Xüsusilə Altay bölgəsindən gəlmiş Aleksey Sabaşkinin tribunada ucadan “Mən Türkəm!” sözlərini səsləndirməsi Katanovun qəlbində dərin iz buraxır. Bakıdan vətəninə döndükdən sonra N.Q.Katanov bu hadisədən aldığı ilhamla xakas dili və folkloru üzərində daha intensiv şəkildə işləməyə başlayır. O, türk xalqları arasında mədəni birliyin yalnız elmi müzakirələrdə deyil, həm də hər bir ziyalının əməli fəaliyyəti ilə mümkün olacağına inanırdı. Qurultay onun düşüncəsində türk kimliyinə bağlılıq və elmi məsuliyyət hissini daha da gücləndirmişdi.Amma...

Milli düşüncələr və “Sibir Türklərinin İttifaqı” adlı gizli təşkilatla əlaqədar şübhələr xüsusi xidmət orqanlarının diqqətini cəlb etmişdir. 1934-cü ildə ilk dəfə həbs olunaraq qısa müddət sonra bəraət almış, lakin 1937-ci ildə yenidən həbs edilmişdir. Onu Qərbi Sibir Türk Respublikasını yaratmaq cəhdində ittiham etmişlər.

1938-ci ilin 13 iyulunda SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Nikolay Qavriloviç Katanovu “xalq düşməni” kimi ölümə məhkum etdi və hökm elə həmin gün yerinə yetirildi. 1959-cu ildə ona bəraət verilsə də, bu sadəcə formal bir qərar idi – əsərləri unuduldu, adı uzun illər susqunluğa məhkum edildi...

Xakas türkoloqunun həyat yolu Bakı Türkoloji Qurultayının əsas idealları ilə – türk xalqlarının dillərinin qorunması, elmi əsaslarla tədqiqi, qarşılıqlı anlaşma və ortaq gələcək naminə birgə fəaliyyət göstərilməsi düşüncəsi ilə sıx bağlı olmuşdur. Qurultayın son günündə, bütün çətinliklərə baxmayaraq, Bakıya çatması və iclasda ana dili olan xakas dilində çıxış etməsi, bu ideallara formal deyil, dərin və sarsılmaz sədaqətinin açıq ifadəsi idi. Bu davranış onu sıravi bir iştirakçıdan çox, Qurultayın ruhunu və məqsədini təcəssüm etdirən simalardan birinə çevirmişdir.

Eyni zamanda, Katanovun taleyi, XX əsrin ilk onilliklərində türk xalqlarının ziyalılarını müşayiət edən mürəkkəb və çox zaman faciəvi tarixi reallıqları da simvolizə edir. Onun elmi və ideya fəaliyyəti yetərincə qiymətləndirilməmiş, adı və irsi uzun müddət kölgədə qalmışdır. Bu gün belə, Katanov haqqında məlumatların son dərəcə məhdud olması, hətta onun bir fotoşəklinin belə tapılmaması, yalnız fərdi bir alimə deyil, bütövlükdə türkoloji elmin erkən dövr nümayəndələrinə qarşı laqeyd münasibətin göstəricisi kimi dəyərləndirilə bilər.

Bütün bunlara baxmayaraq, Katanovun fəaliyyəti və mövqeyi onu elmə və ideyaya sədaqətin simvolu, Bakı Türkoloji Qurultayının ideallarını həyat yolu ilə təsdiqləmiş bir alim və ideya qəhrəmanı kimi tarixdə saxlayır. Onun adının və irsinin yenidən araşdırılması, elmi dövriyyəyə qaytarılması həm türkoloji elmin inkişafı, həm də milli-mədəni yaddaşın bərpası baxımından mühüm vəzifə olaraq qalır.

Namiq QƏDİMOĞLU
XQ



Mədəniyyət