23-25 yanvar 2026-cı il tarixlərində İsveçrənin Sankt-Moritz şəhəri bir daha dünyanın polo mərkəzinə çevrilərək qarüstü polo üzrə 41-ci Dünya kuboku turnirinə ev sahibliyi edəcək.
Sankt-Moritz gölünün donmuş buz qatı üzərində keçirilən turnirdə dünya miqyasında tanınmış və ən güclü idmançılar mübarizə aparacaqlar.
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə bu nüfuzlu yarışda ölkəmizi “Land of Fire” komandası təmsil edir.
Yarışlar çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin tarixi, mədəniyyəti, zəngin turizm imkanlarını təbliğ edən Azərbaycan pavilyonu fəaliyyət göstərir. Povilyonda müxtəlif milli brendlər, sənətkarlıq nümunələri və eksponatlar nümayiş olunur.
Dünya kuboku uğrunda “Land of Fire”, “Sankt Moritz”, “Flexjet”, “Standing Rock”, “Investec” və “Mackage” komandaları mübarizə aparacaqlar.
Çempionatda komandamız ilk rəsmi görüşünü yanvarın 23-də Bakı vaxtı ilə saat 15:15-də “Sankt Moritz”ə qarşı keçirəcək. İlk yarış günündən sonra 4 komanda yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Turnirin sonuncu günü – yanvarın 25-də üçüncü yer uğrunda görüş və final oyunu keçiriləcək.
Final qarşılaşmasından sonra turnirin qalibi, ən yaxşı oyunçusu və ən yaxşı polo atı mükafatlandırılacaq.
Qabil YUSİFOĞLU
XQ

