Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda keçirilən konfransda dünyada baş verən qlobal istiləşmənin, quraqlıqların artmasının aqrar sektora, nəticədə, ərzaq təhlükəsizliyi təminatına da mənfi təsir göstərdiyi bildirilib. Kənd təsərrüfatının muxtar respublika iqtisadiyyatının əsasını təşkil etdiyi üçün belə bir vəziyyətin aqrar sektora da təsirsiz ötüşmədiyi vurğulanıb. Bu səbəbdən də konfransda muxtar respublikada ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi prioritet məsələlər sırasında dayandığı diqqətə çatdırılıb.
Konfransda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qədim diyarda bu sahədə atılacaq addımların təməlini təşkil etdiyi, həmin sənəddə regionda ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunması, yaşıllıqların mühafizəsi və artırılmasının əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirildiyi bir daha xatırladılıb. Eyni zamanda, belə bir əlverişli şəraitin muxtar respublikada iqlim dəyişikliklərinin ətraf mühit komponentlərinə təsirlərinin minimuma endirilməsi işinə mühüm töhfə verəcəyi əminliyi diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vurğulayıb ki, qlobal iqlim dəyişikliyi yağıntıların davamlı azalmasına və su qıtlığının artmasına səbəb olur. Bu da kənd təsərrüfatı sektoru üçün ciddi çətinliklər yaradır. Ölkəmizdə kənd təsərrüfatının inkişafı bir çox hallarda birbaşa su təchizatının yaxşılaşdırılmasından asılıdır. Bundan başqa, ölkə ərazisinin 15 faizi quraqlıq, 6 faizi isə səhralaşma təhlükəsi altındadır. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud su, torpaq və iqlim ehtiyatlarından daha səmərəli istifadə, kənd təsərrüfatı sahəsinin iqlim dəyişikliyinə uyğunlaşdırılması, su təchizatının yaxşılaşdırılması, müasir su təchizatı texnologiyalarının səmərəli tətbiqi mühüm rol oynayır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29-a ev sahibliyi edən və bu mötəbər tədbiri uğurla başa vuran Azərbaycanın dünya ekosisteminin qorunması tədbirlərinə mühüm töhfələr verdiyini bildirib. Nazir müavini qeyd edib ki, bioloji müxtəliflik indiki və gələcək nəsillər üçün çox böyük dəyərə malik qlobal sərvətdir. Lakin növlər və ekosistemlər heç vaxt indiki qədər böyük təhlükə altında olmayıb. Ölkəmizdə son 30 ildə ortaillik havanın temperaturu əvvəlki dövrlə müqayisədə orta hesabla 0,9 dərəcə yüksəlib. Ərazinin əksər hissəsində yağıntının miqdarı orta hesabla 4 faiz azalıb. İqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi bir-biri ilə bağlı proseslərdir və birlikdə həll edilməlidir.
Bütün bunlara görə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qlobal iqlim dəyişikliklərinə cavab verən yüksək keyfiyyətli təmiz ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə müəyyənləşdirilib. Ölkəmizdə ətraf mühitin mühafizəsini və təbii ehtiyatların səmərəli istifadəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi prioritet istiqamətdir.
Vüqar Kərimov daha sonra qeyd edib ki, Azərbaycan da iqlim dəyişmələrinin təsirlərini hiss edən həssas ölkələrdəndir. Son 30 ilə yaxın dövrdə respublikamızın su ehtiyatları 15 faizə qədər azalıb və 2050-ci ilə qədərki dövrə aid proqnozlar da ürəkaçan deyil. Belə ki, su ehtiyatlarının daha 20 faizə qədər azalması gözlənilir. Yağıntıların miqdarının azalması su qıtlığına yol açan əsas amillərdir. Əlbəttə ki, istiləşmə, su ehtiyatlarının azalması, torpaqların deqradasiyası meşələrin seyrəlməsi və məhv olması ilə nəticələnir.
Ekologiya və təbii sərvətlər nazirinin müavininin sözlərinə görə, kənd təsərrüfatı iqlim dəyişmələrindən ən çox zərər çəkən sahədir. Həm su ehtiyatlarının azalması, həm də torpaqların deqradasiyası məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Kənd təsərrüfatı həm də iqlim dəyişmələrinə təsir edən sahədir. Belə ki, iqlim dəyişmələrini şərtləndirən, qlobal istiləşməyə səbəb olan istilik effekti yaradan qazları formalaşdıran əsas sahələrdən biri də kənd təsərrüfatıdır. Metan qazı daha çox bu sahənin istifadəçiləri tərəfindən ətraf mühitə, atmosferə atılır. Müxtəlif kimyəvi maddələrdən, pestisid və gübrələrdən istifadə olunması torpaqların keyfiyyətini aşağı salır. Bakının ev sahibliyi etdiyi COP29-da da bu təsirlərin aradan qaldırılması ilə bağlı çağırışlar diqqət çəkib.
Vüqar Kərimov jurnalistlərə müsahibəsində Azərbaycanın COP29-da 14 təşəbbüslə çıxış etdiyini və bu təşəbbüslərdən birinin də Harmoniya Təşəbbüsü olduğunu deyib: “Məhz bu təşəbbüs fermerlərlə birgə Azərbaycanın kənd təsərrüfatı sahələrinin iqlim dəyişmələrinə adaptasiyası, uyğunlaşması ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Azərbaycan, əlbəttə ki, iqlim dəyişmələrinin təsirlərinin aradan qaldırılması ilə bağlı bütün çağırışlara dəstək verən ölkədir. Buna baxmayaraq, ölkəmiz sağlam dünya naminə bir çox əhəmiyyətli təşəbbüslərlə də çıxış edir. Halbuki qlobal istiləşməyə təsiri olan karbon emissiyalarının yaradılmasında Azərbaycanın payı çox kiçikdir. Ancaq ölkəmiz ümumdünya naminə bütün gücünü səfərbər etməyə hazırdır və bu istiqamətdə mühüm töhfəsini verməyə qadirdir”.
XQ