“Çin səddi” körpüsünü aşan həmyerlimiz

post-img

Çin Xalq Respublikasının nüfuzlu dövlət xəbər agentliyi olan “China News” Hökumətlərarası təqaüd proqramları çərçivəsində bu ölkədəki Yanşan Universitetində Çin hökumətinin təqaüdü ilə “Dövlət idarəetməsi” ixtisası üzrə doktorantura təhsili alan həmyerlimiz Sadiq Qaçayev haqqında geniş videosüjet hazırlayıb.

Bir neçə dildə yayılan saytın “Azərbaycanlı tələbə Sadiq: Böyük Çin səddi Çini dünyaya bağlayan körpüdür” adlı materialı bu qədim ölkənin müxtəlif ərazilərində çəkilmiş videolentlərlə müşayiət olunur.

Orada əcnəbi tələbə Sadiq Qaçayevin bundan əvvəl də (2016–2019-cu illərdə) Çində olduğu, Pekində magistr təhsili aldığı bildirilir, doktorantura təhsili üçün də bu ölkəni seçdiyi təqdir olunur. Süjetin müəllifi azərbaycanlı doktorantın Çinin tarixi, ədəbiyyatı, siyasi, iqtisadi, sosial və mədəni həyatı haqqında araşdırmalarını təqdir edir və bu barədə doktorantın ürək sözlərini öz tamaşaçılarına təqdim edir.

Sadiq Qaçayev Pekində magistraturada oxuyarkən Böyük Çin səddinin müxtəlif hissələrində olduğundan, hazırda təhsil aldığı Yanşan şəhərində isə bu səddin birbaşa dənizdən başlayan hissəsinin ecazkarlığını dəfələrlə gördüyündən söz açır:

“Mənim fikrimcə, Böyük Çin səddi Çini dünyaya tanıdan simvollardan biri və bəlkə də, birincisidir. Bu möhtəşəm tarixi abidə insanlar tərəfindən inşa edilən və açıq kosmosdan adi gözlə görünə bilən yeganə tikilidir və eyni zamanda sədd dünyanın 7 möcüzəsindən biridir. Universitetimizin beynəlxalq tələbələr ofisi müsahibə haqqında mənə məlumat verəndə tərəddüd etmişdim və demişdim ki, bu, çox məsuliyyətli və ciddi işdir. Amma, sonra razılaşdım və belə bir maraqlı müsahibə alındı. Həm də, mənim üçün böyük fürsət oldu ki, Azərbaycan haqqında məlumat verim.

Olduğum hər yerdə ölkəmizi tanıtmaq üçün mümkün imkanlardan istifadə edirəm və çalışıram ki, Azərbaycanla Çin arasında qurulmuş sıx əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfələrimi verə bilim. Bir daha xatırladıram: Böyük Çin səddi Çin adlı qüdrətli dövləti dünyaya bağlayan körpüdür”. Biz gənclər isə öz miqyasımızda körpülər yaratmaq barədə düşünməliyik və düşünürük.

XQ



Sosial həyat