Sabir RÜSTƏMXANLI,
Xalq şairi
Rəhim Əliyevin “Yeni Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” kitabı haqqında
Azərbaycanın tarixi ərazilərində və sərhədlərindən kənarda ana dilimizdə yaranmış ədəbiyatımızın tarixini, təsir dairəsini, bağlı olduğu siyasi, dini, bədii, fəlsəfi, estetik dəyərləri araşdırıb, birlikdə təhlil edib mövcud ədəbi, nəzəri prinsiplərə uyğun sistemləşdirmək son dərəcə çətin bir işdir.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunda son illərdə bu məsələlərlə bağlı xeyli iş görülmüşdür. Nəticə göz qabağındadır: illik ədəbi həyatın təhlilini aparan “Ədəbi proses” silsiləsinin 10-cu buraxılışı, iki cildlik “Ədəbiyyat nəzəriyyəsi”, iki cildlik “Cənubi Azərbaycan ədəbiyyatı” və çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi” və s. Ədəbiyyatın dövrləşməsi probleminə həsr edilmiş elmi araşdırma və ayrı-ayrı ədəbi şəxsiyyətlər haqqında monoqrafiyalar, müstəqillik dövrü ədəbiyyatımızı əhatə edən iki cildlik fundamental nəşr, “Azərbaycan ədəbiyyatı tarixi”nin 7-ci cildi və Cənubi Azərbaycan ədəbiyyatına həsr edilmiş özəl cildi də bura əlavə olunmalıdır. Bütün bunlar Ədəbiyyat İnstitutunda gedən ardıcıl və səmərəli yaradıcılıq işinin göstəricilərindəndir.
Bununla belə, neçə-neçə din, inanc və hakimiyyət sisteminin, bədii-estetik cərəyanların izini, səsini, insan xarakterlərini, uğur və faciələrini qoruyub bu günə çatdıran ədəbiyyatımızın uzun əsrlər boyu yaratdığı söz xəzinəsini populyar nəzəri qəliblərə və ya ədəbi-ictimai ölçülərə sığışdırmaq mümkün deyildir. Buna görə də ədəbiyyat tarixi, yazılı ədəbiyyatın folklorla sərhədləri, ədəbi cərəyanlar və məktəblər, bir sıra dil və üslub məsələləri hələ də aydınlaşdırılmasını gözləyən mövzularla doludur, Üstəlik, klassik ədəbiyatımızın bir sıra nümunələri nəşr edilib, oxuculara çatdırılmamışdır. Örnəyi: indiyədək ana dilli yazılı ədəbiyyatımızdan yalnız İzzəddin Həsənoğlunun cəmi 3 şeiri haqqında məlumatımız var idisə, bu yaxınlarda türkiyəli dostumuz, ədəbiyyatşünas alim Seyfəddin Altaylı onun 900 səhifəlik “Kitab-i sürətün Nəbi” poetik dastanını tapıb nəşr etdirmişdir. Bu böyük hadisə ədəbiyyat tariximizlə bağlı bundan sonra da yeni sürprizlərlə qarşılaşa biləcəyimiz ehtimalını gücləndirir.
Nizami adına Ədəbiyyat İnstitutnun bu dəyərli elmi əsərlərinin yazılıb ortaya çıxarılmasında, başqa həmkarları ilə birlikdə, institutun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, ədəbiyyatşünas və nəzəriyyəçi alim, tənqidçi, yazıçı Rəhim Əliyevin də böyük xidməti var.
Onun bu yaxınlarda nəşr edilmiş “Yeni Azərbaycan ədəbiyyat tarixi oçerkləri” kitabı (Bakı, 2024) yuxarıda söylədiyimiz problemlərin həlli həm də humanitar fikrimizin genişlənməsi baxımından yeni bir addım kimi dəyərlidir, ədəbiyyatşünaslıq elmimizə ciddi bir töhfədir.
Rəhim Əliyevin araşdırma sahəsi genişdir. O, müasir Azərbaycan şeri və nəsri ilə yanaşı, Qazi Bürhanəddindən, Nəsimidən, Xətaidən, Cəfər Cabbarlıya qədər klassik ədəbiyatımızı hərtərəfli araşdırmış, təhlil etmiş və bir sıra sanballı əsərlər yazmışdır. Yəni o, XX yüzil ədəbiyyatımızla yanaşı, orta əsrlər Azərbaycan klassiklərinin yaradıcılığını dərindən araşdırıb dəyərləndirən görkəmli ədəbiyyat tarixçisi, eyni zamanda, nəzəriyyəçi alimdir.
Rəhim Əliyev böyük yazıçımız Mirzə İbrahimovun başladığı işi bacarıqla davam etdirir. İnstitutun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində, milli taleyimiz baxımından ciddi strateji əhəmiyyət daşıyır, səmərəli fəaliyyət göstərir. Güney ədəbiyyatı tarixinə həsr edilmiş kitabların məsul redaktorudur. Qələm dostum həm də istedadlı bir nasir olaraq bir çox nəsr əsərinin müəllifidir.
Rəhim Əliyevin “Yeni Azərbaycan Ədəbiyyatı tarixi oçerkləri” onun ardıcıl ədəbi fəaliyyətinin ciddi və qiymətli nəticəsidir. O, öz yaradıcılığında klassik və çağdaş ədəbiyyatımızı bir arada, həm də müasir ədəbi təfəkkürlə, yüksək ədəbi-elmi, nəzəri-fəlsəfi hazırlıqla təsvir edir. Bu baxımdan əsərləri ədəbiyyatşünaslığımızda özəl bir yer qazanmışdır.
Haqqında söhbət gedən kitab müəllifin ana dilli ədəbiyatımızın tarixinə həsr olunan oçerklər toplusunun III cildidir. Onun, təvəzökarlıqla yazdığı kimi, bu cild tam müfəssəl ədəbiyyat tarixi deyildir, lakin müstəqillik dövrünün verdiyi fikir azadlığına uyğun, ədəbiyyatımıza yamaq olan köhnə prinsiplərdən xilas olmuş yeni ədəbiyyat tarixilərnin yaranmasında ciddi rol oyanayacaqdır. Məncə, müəllifin bu kitabı da arzusunda olduğu həmin ədəbiyyat tarixinin özüllərindən biridir.
Reallığa və qəbul edilmiş prinsiplərə uyğun olaraq, müəllif Yeni Azərbaycan ədəbiyyatını Azərbaycanın parçalanması, Şimal torpaqlarımızın Rusiya tərəfindən işğalı və Avropaya açılması, bu bölgədə Avropa və rus maarifinin təsirinin güclənməsi ilə bağlayır; lakin haqlı olaraq, bu yeniləşmə hərəkatının köklərinin daha əvvəllərdə mərkəzdən qaçma hərəkatının və müstəqil Azərbaycan xanlıqlarının yaranması dövründə olduğunu qeyd edir.
Kitab təxminən ikiyüzillik ədəbi hərəkatın mürəkkəb mənzərəsinə işıq salan on bir fəsildən ibarətdir. Birinci fəsildə Rusiya işğalından XIX yüzilin ortalarına qədərki dövrün təhlili verilir.
Bu, əslində, Mirzə Fətəli Axundzadənin (kitabda Axundov-S.R.) fəal ədəbi fəaliyyətindən öncəki dövrdür.
M.F.Axundzadə yeni Azərbaycanın fikir babası və memarıdır. Onun ədəbi, nəzəri, fəlsəfi baxışları ədəbiyyatşünaslar tərəfindən müxtəlif terminlərlə təqdim edilir. Rəhim Əliyev onu “Avropa tipli liberal-burjua maarifçiliyi” müstəvisində qiymətləndirir.
M.F.Axundzadə, yaşadığı mürəkkəb şəraitə baxmayaraq, xalqına fədakarlıqla xidmət etmiş, Azərbaycanın gələcək taleyini müəyyənləşdirən yeni bir yol başlamışdır.
Kitabın “Osmanlı maarifçiliyini Azərbaycana gətirmək təşəbbüsü. Divan ədəbi dili və gecikmiş romantizm” fəslində Əli bəy Hüseynzadənin; “Rusiya, Azərbaycan, Osmanlı Birinci Dünya müharibəsində. “Açıq söz” və müsavatçı hərəkat” fəslində Cəfər Cabbarlının; “Ikinci Azərbaycan Respublikasının (Aprel 1920-may 1922) ləğvi və Moskva–Bakı konfliktləri.
1918–1934-cü illərdə marksist milli hərəkat.” fəslində Nəriman Nərimanovun şəxsiyyəti, yaradıcılığı və taleyi araşdırılır və təhlil edilir.
Fəsillərin adlarından da göründüyü kimi, kitabda bu böyük ədəbi simalarımızın yaradıcılığı ilə yanaşı, onların dünyagörüşünə təsir göstərən tarixi amillər, ictimai-siyasi mühiti də müəllifin diqqət mərkəzindədir. Həmin silsilədən olan yazıları digər ədəbiyyat tarixlərindən fərqləndirən cəhətlərdən biridir.
Bu fəsillərdə araşdırmaya xeyli tarixi sənəd, arxiv materialı cəlb edilmişdir. Həmin məlumatların bəzisi oxucu üçün yenidir. Bütün bunlar göstərir ki, Rəhim Əliyev yalnız ədəbiyyatşünas deyil, həm də tarix üzrə görkəmli mütəxəssisdir.
Ümumiyyətlə, tarixlə ədəbiyyatın əlaqələri əsrlər boyu müzakirə edilən mövzulardandır: həqiqətə tarixçi daha yaxındır, yoxsa tarixdən yazan yazıçı? Bu məsələnin üzərində geniş dayanmaq istəmirəm. Əsas budur ki, tarixi və ədəbiyyatı biri-birinə bağlayan cəhətlər çoxdur və bu bağlılıq hər zaman bədii fikrin və humanitar elmlərin inkişafına yardım edib. Buna görə də ədəbi şəxsiyyətləri və onların əsərlərini təkcə Azərbaycanda və dünyada gedən proseslərlə birgə təhlil etməsi Rəhim Əliyevin kitabının dəyərini artıran cəhətlərdəndir.
Kitabın VI fəslində Marksist dünyagörüşünün hakim olduğu 1920-1940-cı illərin proletkult ədəbiyyatı araşdırılır. Alimin diqqət mərkəzində o dövrdə əsərləri ən çox müzakirə edilən parlaq ədəbi simalardan biri, bəlkə də birincisi olan Cəfər Cabbarlı dayanır; onun “Od gəlini” pyesi “peyğəmbərlik və antiutopiya” tezisi ilə təhlil edilir. Bu fəsildə eləcə də Birinci Türkoloji Qurultayın qərarları gözdən keçirilir, əlifbanın və orfoqrafiyanın dəyişdirilməsi barədə müəllifin irəli sürdüyü mülahizələr maraqlıdır. Cənubi Azərbaycanda ortaya çıxmış “Danişməndani-Azərbaycan” adlı məşhur kitabın müəllifi Məhəmmədəli Tərbiyətin həyat və yaradıcılığı haqqında ətraflı məlumat da həmin fəsildə yer almışdır. Göründüyü kimi, mövzu çox genişdir; müəllif dövrün biri-birindən uzaq fikir qütbləri arasında dolaşmağı və doğru elmi nəticələr çıxarmağı bacarmışdır.
Böyük dramaturqumuz Cəfər Cabbarlının yaradıcılığı, gənclik illərindən başlayaraq Rəhim Əliyevin əsas tədqiqat mövzularından biridir və böyük dramaturqun əsərlərinə hər müraciətində ədəbiyyatşünaslığımızı zənginləşdirən yeni mövzulara toxunur. O, haqlı olaraq, belə hesab edir ki, Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadədən sonra yeni Azərbaycan ədəbiyyatının ən görkəmli simasıdır və toxunduğu mövzuların milli düşüncəyə təsiri baxımından bir dahidir.
Müəllifin bu fikri ilə də razılaşmamaq olmaz ki, “Od gəlini” bizim milli düşüncəmizin və ana dilimizin ən müdrik kitabı olaraq həmişə ən fəxri yerdə duracaqdır”.
Rəhim Əliyevin Birinci Türkoloji Qurultayın türkologiyaya xidmətdən daha çox mərkəzi hakimiyyətin türk respublikalarını öz köklərindən qoparmaq və ruslaşdırmanı sürətləndirmək işinə xidmət etdiyi barədə fikirləri də doğrudur. Lakin türk xalqlarının immuniteti və öz külündən doğulmaq gücü nəticədə qurulan planları pozdu.
Kitabın ən maraqlı və zəngin bölmələrindən biri “İkinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda muxtariyyət uğrunda hərəkat və ədəbiyyat” fəslidir. Cənubi Azərbaycanın o dövrki ədəbiyyatı ilə yanaşı, 1945-1946- ci illər Milli hökumətin yaranma tarixi, əlaqələri və tənəzzülü, bu işdə SSRİ, ABŞ və Böyük Britaniyanın xəyanətkar və qanlı rolu ətraflı şəkildə təhlil olunur; milli mətbutın yaranması, ana dilli ədəbiyyatın inkişafı haqqında söz açılır.
Stalinin ölümündən sonrakı, liberallaşma dövründə yaranan ədəbiyyatımız kitabda geniş yer tutur. Burda da müəllif öz təhlil tərzinə və üslubuna sadiq qalaraq ədəbi şəxsiyyətləri və əsərləri zaman kontestində qiymətləndirir.
Rəhim Əliyevin oçerklərdə təhlil etdiyi son iki əsr həm Azərbaycan, həm dünya tarixinin son dərəcə mürəkkəb dövrüdür; qanlı-qadalı işğallarla, dünya savaşlarıyla, inqilab və repressiyalarla, xalqları öz torpaqlarından qoparan böyük köç dalğalarıyla səciyyələnir.
İki yüz ilin ədəbi mənzərəsi də yarandığı zamana uyğundur və mürəkkəbdir; deyək ki, Füzulidən Vaqifə kimi, hətta M.F.Axunzadəyə kimi daha çox divan ədəbiyyatından və aşıq şeirindən gələn ənənələr son 150 ilin hər 30-40 ilində fərqli bir ictimai fırtınadan keçmiş, yeni-yeni cərəyanlara qoşulmuş, yeni forma və üslublarla zənginləşmişdir.
Belə bir mürəkkəb mühitin ədəbi meyillərini və yaradıcılarını obyektiv və layiqli şəkildə dəyərləndirmək, ümumiləşdirmək böyük ədəbi təcrübə, yüksək peşəkarlıq tələb edir. Bu dövr kitabın 8–11-ci fəsillərində əksini tapıb. Həmin fəsillərdə adları çəkilən qələm sahiblərinin, SSRİ-nin dağılması ərəfəsində yaranan və milli şüurun inkişafında ciddi rol oynayan şair və yazıçıların əsərlərini təhlil edərkən, ədəbi portertlərini yaradarkən və ya bütövlükdə sovet dövrü Azərbaycan ədəbiyyatı haqqında danışarkən Rəhim Əliyevi fərqləndirən başqa yeni keyfiyyətlər ortaya çıxır. Bu yazılarda biz onu kamil ədəbi tənqid ustası olmaqdan əlavə, həm də gedən proseslərə müdrikliklə qiymət verən bir filosof, sözünün məsuliyyətini dərk edən və mürəkkəb proseslərin içində həqiqəti görən və xalqın gələcəyi, inkişafı baxımından dəyərləndirən ayıq bir ictimai-siyasi xadim kimi görürük. Məsələn, müstəqilliyin coşqun, qurucu olmaqla yanaşı, bəzən də dağıdıcı havasında keçmişdə olanların bütünlüklə inkarı bir xəstəliyə çevrilir. Bolşevik inqilabının bu pis “ənənəsi” 1990-cı illərin əvvəllərində də baş qaldırmışdı və keçmişdən qalan hər şeyin üstündən xətt çəkmək istəyənlərin səsi ədəbiyyatı da bürümüşdü. Hətta bütöv bir nəsil üçün vətənpərvərlik məktəbi olan Cəfər Cabbarlı və Səməd Vurğun kimi böyüklərimizə də qarayaxmalar kampaniyası başlanmışdı. Qaragüruha qarşı dayanmaq və inandığın həqiqətləri demək həmişə çətindir. Lakin Rəhim Əliyev öz təbiətinə xas təmkin və inamla səsini qaldırır: “Sovet sisteminin radikal tənqidçiləri ifrata vararaq 1920-1990-cı illər dövründə yaranan ədəbiyyata, Marksist-Leninçi məfkurəsini daşıdığı üçün neqativ qiymət verir, onun heç bir müsbət xüsusiyyətini görmürdülər. Halbuki sovet ədəbiyyatı da bir sıra mərhələlərdən keçmiş, bu mərhələlərin hər birində özünəməxsus müsbət və mənfi keyfiyyətlərlə, ənənələrlə zənginləşmişdir”. Bu mənfi xüsusiyyətləri göstərdikdən sonra müəllif ictimai-bədii fikrin tarixinə, inkişaf təcrübəsinə və real mənzərəsinə uyğun, dəqiq nəticəyə gəlir. “...SSRİ imperiyasının tərkibinə daxil olan bir sıra xalqların, o cümlədən Azərbaycan xalqının da ədəbiyyatı və mədəniyyəti, xüsusilə mətbuatı və ədəbi dili, tərcümə mədəniyyəti, ədəbiyyatşünaslıq və ədəbi tənqid, estetika və fəlsəfə tarixi sahəsində son dərəcə qiymətli işlər görülmüş, elmi məktəb və ənənələr yaradılmışdır. ...Keçmişi, o cümlədən sovet dövrü tarixini bilmək, onun faciələrindən nəticə çıxarmaq, bu dövrdə yaxşı nə varsa, qorumaq, mədəniyyətimizin sabahı naminə irəli aparmaq lazımdır”. Bu, artıq hadisələrin, məsələlərin bəsit izahatından daha çox xalqının sabahını düşünən mütəfəkkir yanaşmasıdır.
Ədəbiyyatın milli taledəki rolu haqqında da danışarkən biz Rəhim Əliyevi həmin fikir yetkinliyində görürük.
“...Azərbaycançılığın, milli şüurumuzun başlıca xəzinəsi bütün dövrlərdə bədii ədəbiyyatımızla, böyük söz sənətkarları ilə bağlı olmuşdur. Bu şüurun ən qiymətli tərkib hissələrindən biri də sovet dövründə, bolşevik terroru, birpartiyalı totalitarizm təzyiqi altında yaransa belə, sovet quruluşu illərində yaradılmışdır. ... Bu mənada sovet dövründəki mətbuat və təhsil sisteminin ən yaxşı xüsusiyyətləri qorunmalı, təbliğ və inkişaf etdirməlidir”. Rəhim Əliyev kitabının son 4 fəslində məhz bu obyektiv yanaşması ilə diqqəti cəlb edir.
Sovetlərdə nisbi liberalizm illərinə (1946-1964) həsr olunmuş bölmədə müəllif Mirzə İbrahimov, İlyas Əfəndiyev, İsa Hüseynov, Məmmədcəfər Cəfərov, Məhəmmədhüseyn Şəhriyar və Məmməd Arif kimi ötən əsrdə, güneyli-quzeyli Azərbaycanda yetişmiş və əsərlərində hər iki tərəfin problemlərini dilə gətirmiş görkəmli sənətkarlarımızın ədəbi portretlərini yaratmış, yığcam şəkildə onların həm ömür yolu, həm ədəbi yaradıcılığı, həm də ictimai-siyasi həyatımızda tutduqları mövqe haqqında dəqiq məlumatlar vermişdir. Onun bu seçiminin ümumi məntiqini anlamaq üçün Mirzə İbrahimov haqqında dediyi sözləri oxumaq yetərlidir: “Mirzə İbrahimov sovet dövründə Azərbaycan xalqının milli istəklərini dövlət və ədəbi səviyyədə təmsil edən böyük tarixi şəxsiyyətimiz idi. Onun ömrü ədəbiyyatımızın maarif və mədəniyyətimizin, milli dilimizin və dövlətçilik arzularımızın axtarıldığı, qurulduğu ən qaynar yerlərdə keçib.”
Kitabın “Nomenklatura ədəbiyyatı və onun sosrealizmdən uzaqlaşıb ümumbəşəri ədəbi təcrübəyə qayıtma meyilləri.
(1964-1982” fəslində müəllif Cəmil Əlibəyov, Əfqan Əsgərov, Əkrəm Əylisli, Anar və Elçinin yaradıcılığının ideoloji basqıdan xilas olmasının əhəmiyyətindən söz açır.
“SSRİ-nin dağılması ərəfəsində milli-bədii fikrin sürətli tərəqqisi (1982-1991)” fəslində isə Çingiz Hüseynov, Musa Yaqub, İsi Məlikzadə, Afaq Məsud, Yaşar Qarayev, Asif Əfəndiyev və başqa müəlliflərin yaradıcılığının bədii-ictimai məziyyətləri təhlil edilir...
Kitabı dövrün ədəbiyyat tarixinə tam yaxınlaşdıran cəhətlərdən biri müəllifin çox vaxt tənqidi fikrimizin diqqətindən kənarda qalan, əslində isə, müstəqillik dövrü ədəbiyyatımızın əsas ruhunu və istiqamətlərini müəyyənləşdirən qələm sahiblərindən Aslan Quliyev, Rasim Qaraca, Həmid Herisçi, Seymur Baycan kimi istedadlı yazıçılarımızın hər biri haqqında mükəmməl portret oçerklər yazmasındadır. Doğulub yaşadıqları mühit, keçdikləri yaradıcılıq yolu haqqında ətraflı və maraqlı məlumat verən tənqidçi həm də onların demək olar ki, bütün iri əsərlərini tək-tək təhlil edir, dünya və Azərbaycan ədəbiyyatı kontekstində qiymətləndirir. Bu yazıları fərqləndirən əsas cəhət tənqidçinin adları çəkilən müəlliflərə son dərəcə böyük səmimiyyət, diqqət və sevgi ilə yanaşmasıdır. Bu xüsusiyyət, bütövlüklə, Rəhim Əliyevin yaradıcılığına, o cümlədən müstəqil ədəbi cərəyan kimi meydana çıxmış, “Azad yazarlar ocağı” və ayoçular haqqında kitabda gedən yazılarına xasdır. “Alatorançılara məktub və ya 13-cü say haqqında” başlığı daşıyan bölmədə o, yeni ədəbiyyata diqqətinə, təhlil və tanıtma prinsiplərinə sadiq qalaraq Rafiq Tağı, Nərmin Kamal, Azər Əhmədov, Günel Mövlüd, Əli Əkbər, Azad Yaşar, Aqşin Yenisey və Sevinc Pərvanənin yaradıcılığını yığcam şəkildə dəyərləndirməyə çalışır. Bundan əlavə, kitabda müəllifin “Şamaxı ədəbi məktəbinin davamı – “Tək səbir” qəzeti və istedadlı gənc yazıçı Həmid Piriyev haqqında resenziyaları da yer almışdır.
Rəhim Əliyevin ədəbiyyat tarixi ümumi tariximizi dərindən bilən bir alimin uzun illər davam edən yaradıcılıq axtarışlarının nəticəsidir. Bir sıra hallarda o, qəbul edilmiş şablon yollardan uzaqlaşır, söz sənətimizin tarixinə öz məntiqi və elmi nəticələri işığında yanaşır. Axına qarşı üzməkdən, rəsmi mövqelərə qarşı alternativ söz deməkdəm çəkinmir. Bu hər bir alim üçün son dərəcə gərəkli olan bir xüsusiyyətdir. Bununla belə, mən kitabın ümumi əhəmiyyətini nəzərə alaraq, belə hesab edirəm ki, on birinci fəsildəki “açıq məktub”un əvəzinə həm xalq şairi Rəsul Rzanın, həm də Xalq yazıçısı Anarın yaradıcılıqları, xidmətləri, Yazıçılar Birliyi ilə müəllifin arasındakı konfliktdən asılı olmadan, ədəbiyyatımızdakı yerlərinə görə, obyektiv təhlil edilib oçerklərin sırasına qoşulsa, kitabın xeyrinə olardı. Çünki həm ata, həm oğul ədəbiyyatımızın böyük simalarıdır. Bu, inkarı mümkün olmayan bir məsələdir.
Azərbaycan ədəbiyyatının bütün tarixi insan sevgisindən yoğrulub və gözəlliyin, xeyirin, işığın qorunmasına xidmət edir. Mən bütün keçdiyimiz yollara və qarşılaşdığımız çətinliklərə bu mövqedən baxmağın tərəfdarıyam. Son hakim biz deyilik, zamandır.
Görkəmli ədəbiyyatşünas alimimizin, ədəbi tənqidimizin böyük yaradıcılarının yolunu uğurla davam etdirən Rəhim Əliyevin bu silsilədən olan yeni cildlərini gözləyirik...