“Azərbaycan – Latviya informasiya və şəbəkə görüşü”

post-img

Hazırda ölkəmizdə təxminən 40 Latviya şirkəti fəaliyyət göstərir. Bu fikri Bakıda keçirilmiş “Azərbaycan – Latviya informasiya və şəbəkə görüşü” mövzusunda keçirilən tədbirdə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev səsləndirib. Onun sözlərinə görə, ikitərəfli əlaqələrin gücləndirilməsi, eləcə də ticarət dövriyyəsinin genişləndirilməsi və şirkətlərin fəaliyyətinin genişləndirilməsi sayəsində bu göstəricini daha da artırmaq mümkündür.

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Latviya Ticarət və Sənaye Palatası 2025-ci ildə əməkdaşlıq razılaşması imzalamağı planlaşdırır. Bu barədə məlumat verən AZPROMO-nun icraçı direktoru deyib ki, Azərbaycan və Latviya arasındakı mövcud əlaqələr, tarixi ənənələr, xüsusilə də ixrac-idxal göstəriciləri baxımından ölkələrimizin potensialını tam əks etdirmir. Bu istiqamətdə ciddi işlərin görülməsinin vacibliyini vurğulayan Y. Abdullayevin sözlərinə görə, şəbəkələşmə və əlaqələrin qurulması istiqamətində keçirilən tədbirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində Latviya Ticarət və Sənaye Palatası ilə 2025-ci ildə razılaşma imzalanması barədə razılıq əldə olunduğunu diqqətə çatdıran AZPROMO rəhbəri deyib ki, bu razılaşma çərçivəsində əməkdaşlıq istiqamətlərini müəyyən edən tədbirlər planı hazırlanacaq. Onun sözlərinə görə, tədbirlər planına Latviya şirkətlərinin Azərbaycana və Azərbaycan şirkətlərinin Latviyaya cəlb olunması, hər iki ölkənin iqtisadiyyatlarının inkişafı və ixrac-idxal əməliyyatlarının artırılması kimi məsələlər daxildir. Bununla yanaşı, iki ölkə arasında investisiyaların stimullaşdırılması, texnologiyaların transferi və təcrübə mübadiləsi də mühüm əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, bu ilin yanvar–oktyabr aylarında Azərbaycanla Latviya arasında ticarət dövriyyəsinin həcmi 22 milyon 943 min ABŞ dolları təşkil edib. Bunun da 4 milyon 806 min dolları ixracın, 18 milyon 137 min dolları isə idxalın payına düşüb. Hesabat dövründə Azərbaycanın Baltikyanı ölkədən idxal etdiyi əsas məhsullar ayran, çürümüş qatıq və qaymaq, kefir və digər qıcqırdılmış süd və qaymaq, konservləşdirilmiş balıq, tərkibində dad-aromatik və ya boyaq əlavələri olan şəkər siropları, benzin və dərman vasitələrindən ibarət olub. Ölkəmizdən isə Latviyaya meşə fındığı, qara metallardan qeyri-elektrik havaqızdırıcıları, hava və qaz kompressorları, ventilyasiya qurğuları, inersiyasız su qızdırıcıları və ya istilik su akkumulyatorları, meşə materialları ixrac olunub.

Xatırladaq ki, gələn ilin I yarısında Bakıda Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının keçirilməsi planlaşdırılır. Komissiyanın 8-ci iclası 20 may 2022-ci ildə Riqada keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri ekologiya və təbii sərvətlər naziridir.

AZPROMO və Latviya Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan – Latviya informasiya və şəbəkə görüşü”ndə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, İKT, təhsil, sənaye, logistika, tikinti materiallarının istehsalı və digər sahələri təmsil edən şirkət nümayəndələri iştirak ediblər. Bununla yanaşı, biznes subyektləri arasında tanışlıq məqsədi daşıyan tədbirə iki ölkənin 20-dən artıq şirkət də qatılıb. Görüşdə Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti və Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri təqdimatlarla çıxış ediblər.

 

İqtisadiyyat