Vaşinqton müzakirəsində soydaşlarımızın qayıdış hüququ dəstəklənib
Dünən Vaşinqton şəhərində, Konqres binasında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
BTQ-dən verilən xəbərə görə, bu, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk belə toplantıdır. Konfransa qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqiblərə məruz qalmış diaspor təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və zərərçəkmiş icmaların nümayəndələri qatılıblar. İştirakçılar etnik təmizləmə siyasəti nəticəsində indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının nümunəsində fundamental hüquqlarının – öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüququnun tanınmasının beynəlxalq təşkilatların diqqət mərkəzində daim saxlanılması məsələsini müzakirə ediblər.
Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi, qeyd olunan pozuntuların BMT və onun aidiyyəti strukturları çərçivəsində beynəlxalq hesabatlılıq və monitorinq mexanizmlərinə çıxarılması, yerində araşdırılması və sənədləşdirilməsi, bu məqsədlə faktaraşdırıcı missiyaların cəlb olunması, eləcə də xüsusi məruzəçilər və digər beynəlxalq mandat sahibləri səviyyəsində araşdırma və hesabatlılıq mexanizmlərinin işlənib hazırlanması imkanları ətrafında fikir mübadiləsi aparılıb. Toplantıda həmçinin, müstəmləkəçilikdən əziyyət çəkən xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, xüsusilə, koloniyaların BMT-nin Dekolonizasiya edilməli olan Özünüidarəetməyən Ərazilər siyahısına əlavə edilməsinin BMT-nin gündəliyinə salınması məsələləri ətrafında müzakirələr aparılıb.
***
1951-ci ildə qəbul olunan Qaçqınların Statusu haqqında Cenevrə Konvensiyası qayıdış hüququnu, etnik təmizləmə nəticəsində didərgin salınmış şəxslərin hüquqlarının bərpasını beynəlxalq hüququn mühüm tələblərindən biri kimi təsdiqləyir. Bu baxımdan, indiki Ermənistan ərazisindən zorla çıxarılmış Qərbi azərbaycanlıların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə öz tarixi yurdlarına qayıdışının təmin edilməsi, onların mənzil, torpaq, əmlak, mədəni və dini irs üzərində hüquqlarının bərpası Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti kontekstində qiymətləndirilməlidir. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı məsələsi son illərdə Azərbaycan diplomatiyasının ən mühüm beynəlxalq gündəliklərindən birinə çevrilib. Bir neçə il əvvələ qədər əsasən regional müstəvidə müzakirə olunan bu məsələ artıq beynəlxalq təşkilatların, xarici ekspert dairələrinin və siyasi institutların diqqət mərkəzində yer alır. Burada söhbət yalnız tarixi ədalətin bərpasından deyil, beynəlxalq hüququn tanıdığı fundamental insan hüquqlarının təmin edilməsindən gedir. Son illər bu istiqamətdə mühüm irəliləyiş əldə olunub. Mövzunun hüquqi və siyasi aspektləri müxtəlif beynəlxalq platformalarda müzakirə olunur, BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının sənədlərində əksini tapır. Eyni zamanda, parlament diplomatiyası mexanizmləri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qəbul edilən qərar və sənədlər bu məsələnin beynəlxalq legitimliyini daha da gücləndirib.
Məhz belə bir şəraitdə ABŞ-ın paytaxtında, dünyanın siyasi qərarvermə mərkəzlərindən biri sayılan Kapitoli Hilldə Qərbi azərbaycanlıların hüquqlarına həsr olunmuş beynəlxalq konfransın keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu tədbir göstərir ki, məsələ artıq yalnız Ermənistan–Azərbaycan münasibətlərinin tərkib hissəsi kimi deyil, insan hüquqları, məcburi köçkünlərin hüquqları, etnik təmizləmə və tarixi irsin qorunması kontekstində qiymətləndirilir. ABŞ Konqresində bu mövzunun müzakirəyə çıxarılması beynəlxalq auditoriyanın diqqətinin daha geniş şəkildə cəlb olunmasına xidmət edir.
Əslində, Qərbi azərbaycanlıların qayıdış hüququnun mahiyyəti olduqca sadədir. Söhbət bir xalqın öz tarixi yaşayış məntəqələrinə təhlükəsiz və ləyaqətli şəkildə dönmək hüququndan gedir. Bu hüquq beynəlxalq sənədlərdə təsbit olunub və dünyanın müxtəlif regionlarında analoji hallarda tətbiq edilib. Buna görə də məsələnin siyasi emosiyalar çərçivəsində deyil, beynəlxalq hüququn prinsipləri əsasında müzakirə olunması getdikcə daha çox qəbul edilən yanaşmaya çevrilir.
Vaşinqtonda keçirilən toplantının başqa bir mühüm tərəfi qayıdış hüququ ilə bağlı müzakirələrin daha geniş auditoriyaya çatdırılmasıdır. ABŞ Konqresi qlobal siyasi proseslərə təsir imkanları olan əsas platformalardan biridir. Burada keçirilən hər hansı toplantı təkcə Birləşmiş Ştatlar ictimaiyyətinə deyil, beynəlxalq siyasi dairələrə də ünvanlanmış mesaj kimi qəbul edilir. Bu baxımdan Kapitoli Hilldə Qərbi azərbaycanlıların hüquqlarının müzakirəyə çıxarılması məsələnin beynəlxalq səviyyədə tanınması istiqamətində növbəti mühüm addım hesab oluna bilər. Hazırkı mərhələdə diqqətçəkən əsas məqam ondan ibarətdir ki, qayıdış mövzusu artıq nəzəri müzakirə çərçivəsindən çıxaraq konkret hüquqi və siyasi mexanizmlərin müzakirə olunduğu mərhələyə qədəm qoyub. Beynəlxalq platformalarda aparılan müzakirələr, qəbul olunan sənədlər və təşkil olunan tədbirlər göstərir ki, Qərbi azərbaycanlıların hüquqlarının tanınması istiqamətində formalaşan beynəlxalq anlayış getdikcə güclənir. Vaşinqtonda keçirilən konfrans da bu prosesin yeni mərhələyə daxil olduğunu və məsələnin beynəlxalq gündəmdə mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirir.
Milli Məclisin deputatı Rizvan Nəbiyev mediaya açıqlamasında Qərbi azərbaycanlıların qayıdış məsələsinin artıq hüquqi müstəvidə irəlilədiyini bildirib. Onun sözlərinə görə, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış məsələsi uzun müddət əsasən humanitar aspektdə müzakirə olunub: “Artıq qayıdışın hüquqi baxımdan həlli istiqamətində beynəlxalq təşkilatlarda çoxsaylı sənədlər yayılıb, həmçinin parlament diplomatiyası çərçivəsində müvafiq sənədlər qəbul olunub. Qərbi azərbaycanlıların deportasiyasından sonra və Ermənistan müstəqillik əldə etdikdən sonra onlara vətəndaşlıq hüququ verilib”.
R.Nəbiyev bildirib ki, 1998-ci ildə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanun qəbul edilərkən Prezident Heydər Əliyev tərəfindən irəli sürülən təşəbbüsə əsasən, Azərbaycan vətəndaşlığını alan və 1988-1992-ci illərdə ölkəyə qaçqın kimi gələn şəxslərin öz tarixi torpaqlarına qayıtmaq hüququ qorunub saxlanılıb. Deputat qeyd edib ki, məsələnin mürəkkəb tərəflərindən biri Ermənistan cəmiyyətində qayıdacaq azərbaycanlıların təhlükəsiz yaşayışının təmin edilməsidir. Çünki uzun illər ərzində azərbaycanlılara qarşı düşmən obrazı formalaşdırılıb və aparılan araşdırmalar bunun əsas səbəblərindən birinin Ermənistanın təhsil sistemində istifadə olunan dərsliklər olduğunu göstərir. Həmin dərsliklərdə uzun müddət kollektiv düşmən obrazının yaradılması bu gün də öz təsirini göstərməkdədir.
Səxavət HƏMİD
XQ


