Şuşadan Təbrizə Zəfər salamı

post-img

“Qarabağım- qara baxtım, Qalmaz belə, qalmaz dünya! Xalq artisti Zeynəb Xanlarovanın yanğılı səsində bu ifanı əmim Cavad Heyətlə dinləyər, qeyri-ixtiyari göz yaşları axıdardıq. Qarabağ itkisi, Vətən ağrısı biz güneyliləri də siz qədər göynədirdi!”

O kədərli tarixi indiki öyünclü günlərimizdə belə xatırlayan güneyli soydaşımız, dünyaca məşhur ürək cərrahı Cavad Heyətin qardaşı oğlu və mənəvi varisi Məmmədrza Heyət ilə bu ilin sentyabr ayında Bakıda keçirilən ”Xaricdə yaşayan alimlərin forumu”nda tanış olmuşduq. Söhbət zamanı öyrəndik ki, o, bir qrup alimlə Qarabağa səfər edəcək. Səfərdən qayıdanda təəssüratlarını “XQ”nin oxucuları ilə bölüşməsini xahiş etdik.

Məmmədrza bəy Qarabağdan gələndə elə kövrəlmişdi ki, bir qədər vaxt istədi. Nəhayət, görüşdük, bioqrafiyası ilə tanış olduq:

–1972-ci ildə Təbrizdə tanınmış bir ailədə – Hidayət Heyətinin ocağında doğulmuşam. İbtidai məktəbə gedəndə Cavad əmimin “Varlıq” jurnalı nəşr olunmağa başladı. Atam bu dərginin Təbriz üzrə təmsilçisi olduğu üçün evimiz sanki redaksiyanı xatırladırdı.

“Varlıq” ruhumuzu qidalandırmış, səs-sorağı Quzey Azərbaycanda yaşayan qardaşlarımıza da çatmışdı. Mənim uşaqlığım beləcə “Varlığ”ın milli mətbəxində formalaşırdı. Gördüklərimi ruhumda yazırdım, ürəyim sözlə dolu idi. Beləliklə, ana dilimin ədəbi-bədii xüsusiyyətlərini öyrənməyə başladım. Çünki biz sizdən fərqli olaraq, ana dilimizdə təhsil almağa həsrətik. Ana dilli məktəblərimiz bu günə kimi də yoxdur, bu, bizim ən böyük faciəmizdir.

Dilimizin, milli varlığımızın yaşaması yolunda qovrularaq yanan “Varlıq” jurnalının yazdıqları Arazın o tayında yaşayan qardaşların nisgilli taleyidir! Bir millətin ki, dili, məktəbi onun üçün yasaq ola, bilirsinizmi bu, nə deməkdir?

Beləliklə, ibtidai, orta və lisey təhsilimi Təbrizdə tamamladım. 1987-ci ildə lisey tələbəsi ikən əlimə keçən bir uşaq dərgisindən o dönəmdə Quzey Azərbaycanında istifadə olunan kiril əlifbasını öyrəndim.

1991-ci il idi. Əmim Cavad Heyət Təbrizdə evimizə qonaq gəlmişdi. Mənim dilimiz və ədəbiyyatımıza olan sonsuz sevgimi, ədəbiyyatımız və tariximiz haqqında öyrəndklərimi dinlədikcə qürur hissi keçirdiyini körpə qəlbimin döyüntülərindən hiss etdi: əmim sanki öz davamçısını kəşf etmişdi...

Zaman yetişdi, bir gün Cavad Heyət məni “Varlıq”jurnalında işləmək üçün Tehrana dəvət etdi. Ürəyində qübar etdiklərini dilinə gətirdi: “Oğlum, çox istərdim ki, soyadımızı daşıyan doğmalarımdan biri kimi mənim bu müqəddəs yolumu davam etdirəsən. Sən mənim mənəvi varisim olacaqsan!

Cavad Heyət Azərbaycan sevgisi ilə alışıb-yanırdı, elə buna görə də mənim Azərbaycanda ana dilimizdə ali təhsil almağımı istəyirdi. Beləliklə, əmimin tövsiyəsi və yardımı ilə Bakıya gəldim. Cavad Heyətin sədaqətli dostlarının isti ocağına könül bağladım. Onlar məni öz övladları kimi bağrılarına basdılar. Bu insanlar böyük şair Bəxtiyar Vahabzadə və görkəmli alim, məşhur cərrah Nurəddin Rzayev idi. 2 il o vaxtkı Azərbaycan Dövlət Pedaqoji Universitetində, 2 il isə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldım.

Böyük ürək sahibi professor Nurəddin Rzayevin evində yaşayırdım. O böyük insan məni doğmaları kimi sevirdi. Əmim Cavad Heyətlə şair Bəxtiyar Vahabzadə və Nurəddin Rzayev məfkurə qardaşları kimi bir-birilərinə sonsuz məhəbbətlə bağlanmışdılar. Bəxtiyar Vahabzadə Nurəddin həkimgilə gəlirdi, onların söhbətlərinə qulaq asdıqca, gözüm dünyaya bir az da açılırdı. Sanki özümü milli-mənəvi məfkurə məktəbində hiss edirdim. Bu iki ziyalıdan və mənəvi əmimdən öyrəndiklərim bütün ömrümə bəs edər.

Mən Bakıda elə bir məhəbbətlə, qonaqpərvərliklə qarşılaşmışdım ki, bu hisslərimi ömrüm boyu yazdığım əsərlərimdə yaşadacağam. Bu illəri həyatımın ən qiymətli anları sayıram. Bir də bu günə qədər içimdə gizlətdiklərim acıları çatdırmaq istəyirəm, “fəqət” bu barədə Cavad Heyətə böyük nisgillə danışmışdım. Demişdim ki, şimalda yaşayan azərbaycanlılar xoşbəxtdirlər, ana dillərində məktəbləri, hətta ali təhsil ocaqları var. Mən də orada böyük alimlərdən dərs aldım, filoloq kimi yetişdim. Ürəyimdən qopan bu sözlərimi dinləyən Cavad Heyətin gözləri doldu, köksündən bir ah qopdu...

Bakıdan qayıtdıqdan sonra Tehranda “Varlıq” jurnalının icra işlər üzrə müdiri və sonra da redaktoru oldum. Doktor Cavad Heyət məni mənəvi oğlu kimi yetişdirməyi qarşısına məqsəd qoymuşdu və buna nail olduğunu hiss etdikcə rahatlıq tapırdı. O istəyirdi ki, mən kamil insan, layiqli bir davamçı kimi yetişim. Elə buna görə də yorulmadan məni ciddi bir həyata hazırlayırdı.

2002-ci ildə təhsilimi davam etdirmək üçün Türkiyəyə yollandım. Ankara Universitetində oxumaqla yanaşı, doktorluq dissertasiyası işimi də tamamladım. Eyni zamanda, “Varlıq” jurnalının işlərini görür, Cavad Heyətin arxivini hazırlayırdım. Bu böyük Azərbaycan sevdalısının məqalələr toplusunu 4 dildə nəşr etdirdim. Sonra Azərbaycan şairi Zeynal Xəlilin “Əsrim, taleyim mənim” əsərinin və böyük milli şairimiz Bəxtiyar Vahabzadənin seçilmiş əsərlərinin Tehranda 2 əlifbada nəşrinə nail oldum.

Cavad Heyət mənə tez-tez deyərdi: “Hər cümlənin əvvəlində də, sonunda da Azərbaycan kəlməsini, Arazın o tayını unutma”. “Varlıq” jurnalı milli mənəviyyatımızın köklü-budaqlı ağacıdır, o taylı- bu taylı qardaşlarımızın haqq səsidir, elə buna görə də Azərbaycan dilində yazan qələm sahiblərini, bu dili yaşadanları sən də “Varlıq”da yaşat! Bu Cavad Heyətin mənə vəsiyyəti idi.

2014-cü ildə əmimin vəfatından sonra jurnalı Ankarada nəşr etməyə başladım. “Varlıq” bu günə qədər də müntəzəm olaraq çıxır.

2016-cı ildə Ankarada “Təbriz Araşdırmalar Mərkəzi”ni qurdum. Bu mərkəzdə Türk dünyası, özəlliklə də Güney Azərbaycanla bağlı elmi tədqiqatlar aparılır. Çalışıram ki, nə qədər ömrüm var, elmi fəaliyyətimi, axtarışlarımı Azərbaycançılıq ideologiyasına, məfkurəsinə həsr edim.

Hazırda Ankara Universitetində müəllim işləyirəm. Dilimiz və ədəbiyyatımızla bağlı 4 kitabım, onlarca məqaləm müxtəlif elmi məcmuələrdə nəşr olunub.

Həmsöhbətim birnəfəsə danışır, biz də onu nəfəs dərmədən dinləyirdik. Sonra Qarabağa səfəri zamanı yaşadığı hiss və həyəcanları barədə söz açaraq dedi:

– Qarabağ işğal altında olanda biz də için-için ağlayır, amma bir an da olsun, ümidimizi üzmürdük. İnanırdıq ki, haqq gec-tez öz yerini tapacaq. Bir xatirəni də diqqətinizə çatdırmaq istəyirəm. O illərdə Cavad Heyət “Varlıq” jurnalında xalqımızın başına gətirilən müsibətlərdən dayanmadan yazırdı. Deyirdi: “bu acıya dözmək olmur, oğul! Ömrümüzə balta vuruldu. Ağaclarımız kəsildi, sularımız quruduldu. Tarix belə namərd, başkəsən qonşu görməyib. Ürək bu dərdə necə dözsün, ay bala?”

“Varlığ” a çökən bu nisgili kağız, qələm çəkə bilmirdi, Cavad Heyətin yazdıqlarının əvvəli də, sonu da Qarabağ ağrısının, həsrətinin yanğısı idi. Mənə vəsiyyət etmişdi ki, əgər Qarabağı görmədən ölsə, Qələbə xəbərini onun məzarı başına gəlib səsləndirim. Bax, onda ruhu rahat olacaq! Mən onun vəsiyyətinə əməl etdim, İkinci Fəxri Xiyabana gedib əmimlə ürək-könül söhbəti etdim: “Zəfərin mübarək,Vətən! 30 illik qaysaqlanmış yaralarına qurban olum, Azərbaycan! Bundan sonra yaşamaq nə gözəldir?! Əziz Cavad Heyət, Bəxtiyar və Nurəddin əmi, mənim mənəvi müəllimlərim, ruhunuzun işığında bir ömür yaşamağa dəyər!”

Bu dəfə Şuşaya 3-cü, Xankəndinə isə ilk dəfə idi ki, gedirdim. Şuşaya hər gedişimdə bu qədim şəhərin necə sürətlə gözəlləşdiyini gördükcə qəlbim dağa dönürdü, sevincimdən Tanrıya şükürlər edib deyirdim: Sənin üçün ölmək belə gözəlmiş, Vətən! Bütün ömrümüz boyu Sizə borcluyuq, şəhidlər!

Bu torpaqlarda yaşanan ağrılara baxmayaraq, həyatın yenidən canlandığını görmək məni hədsiz təsirləndirdi. Yol qeydlərimi qələmə almağa başladım. Açığını deyim ki, bəzən elə hisslər olur ki, sözlə ifadə etməyə çətinlik çəkirəm. Etiraf edirəm ki, zamanla üz-üzə dayanmaq özü belə, sözün böyük mənasında, cəsarətdir!

Cavad Heyət deyirdi ki, hər qaranlığın sonunda bir işıq var, oğul. Heç vaxt ruhdan düşmə! Bəli, Haqqın beli əyilmədi. Xankəndində Azərbaycan bayrağının qürurla dalğalanmasını görmək məni dərindən təsirləndirdi.

Qarabağda hər addımda insanın içində yeni ümidlər cücərir. Etiraf edirəm ki, bu, ümid məni, ilk növbədə, içimdəki bir həsrətin də sonu olacağına inandırır. Ana yurdum Təbrizlə bağlı bu həsrəti 17 ildir ki, içimdə yaşadıram. İnanın ki, Xankəndini dolaşarkən içimdə böyük bir ümid doğdu. Hər ayrılığın sonunda bir qovuşma mütləqdir! Bu zamanın hökmüdür.

Xocalıya getdim. Bu şəhərin faciəsini, qətliamın fəryadını həmişə içimdə hiss etmişəm. “Varlıq” jurnaında haray qoparmışam. Xocalının ərşə qalxan fəryadı qəlbimdə silinməyən bir yara olaraq qalıb. O ağrını illər boyu ürəyimdə daşıdım, qələmim susmadı, qan ağladı, bütün dünyaya çağırış etdi: Xocalı XX əsrin şəhid şəhəridir!

Tarixin təkəri döndü, İlahi! Xocalıda park salınmışdı, uşaqlar orada oynayır, gəlib-gedənə xoşbəxtlik duyğuları yaşadırdılar. Bu mənzərədən içim sevinc və rahatlıqla doldu. O uşaqların gülüşlərini eşidəndə, fikrimdən keçdi: Bu körpələrin xoşbəxt çöhrəsi Xocalının yenidən doğuluşunu təcəssüm etdirir. Xocalı yenidən həyata qayıdıb, ümid dolu gələcəyə doğru addımlayır...

Qarabağın hər qarışını gəzdikcə sanki böyük Cavad Heyət yadigarı “Varlıq” da yeni bir tarixə şahidlik edirdi: yaz, ey könül, sənə vəsf etmək yaraşır. Bəli, Xalqın, qalib Ordunun və qüdrətli Rəhbərin birliyinin sayəsində Qarabağ əbədi olaraq azadlığına qovuşdu.

Səfərimiz yekunlaşmaq üzrə idi. Yalnız özüm deyil, mənəvi atam, ustadım, doktor Cavad Heyətin ruhu üçün də rahatlıq tapdım. Bütün səfərboyu onunla sanki qoşa addım atırdım. Cavad Heyət həmişə deyərdi: Azərbaycan mənim canımdır, nəfəsimdir! Heyif ki, ömür vəfa etmədi. Qarabağın Azərbaycana qovuşmasını görə bilmədi, ancaq inanıram ki, onun ruhu mənimlə Qarabağı gəzdi və rahatlıq tapdı. Bu səfərin həyəcanından qurtulmaq mümkün deyil. İçimdə bir səs deyir:

Bu yol bir gün Təbrizə də çatar!

Söhbəti qələmə aldı:
Kəmalə ABDİNOVA
XQ





Sosial həyat