Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş “Dəyərlər və identikliyin fəlsəfi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Elmi məclisi açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fəlsəfə elminin meydana gəlməsi, tarixi, inkişaf yolu, məqsəd və vəzifələri haqqında danışıb. O, qədim yunan filosofları Platonun idealist və Aristotelin materialist fəlsəfi düşüncəsinin əsrlərdən bəri şüurlara hakim kəsildiyini, bu iki istiqamətin fəlsəfə elminə istiqamət verərək onu çoxsaylı müstəqil düşüncə, ideya və nəzəriyyələrlə zənginləşdirdiyini deyib. AMEA rəhbəri daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının son dövrlərdə “Milli identiklik”, “Milli fəlsəfə konsepsiyası”, “Sufi fenomenologiyası” və digər mövzularda apardıqları aktual tədqiqatları yüksək qiymətləndirib.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov Ümumdünya Fəlsəfə Gününün tarixi barədə məlumat verib. O qeyd edilən günün başlıca məqsədin fəlsəfənin cəmiyyətlərdə oynadığı əhəmiyyətli rolu insanlara dərindən anlatmaq, cəmiyyətdə fəlsəfi düşüncə mədəniyyətini təşviq etmək olduğunu bildirib.
Niderlandın SOTA Elmi Mərkəzinin baş direktoru Mehmet Tütünçü isə türk milli kimliyinin fəlsəfi anlamından, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda ümumtürk qardaşlığının rolundan danışıb. O, 2020-ci ildə ölkəmizin haqq savaşında əldə etdiyi tarixi Zəfərin Türk dünyasında ortaq sevinc və qürur hissi ilə yaşandığını söyləyib.
Toplantıda “Qələbə, dəyərlər və identiklik”, “Müasir dünyada identiklik konsepsiyası”, “Türk milli kimliyi”, “Heydər Əliyevin dövlətçilik təlimində milli özünüdərk, milli kimlik və mənəvi dəyərlər”, “İdentiklik fəlsəfə və tarix arasında: XIX-XX əsrlərdə Tunisdə italyan icmasının nümunəsi əsasında”, “Sufi fenomenologiya yeni dövrün fəlsəfəsi kimi”, “Gələcək şəxsiyyətin fəlsəfi dərki” və digər mövzularda məruzələr dinlənilib.
Xatırladırıq ki, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, “Xalq qəzeti”nin analitiki Füzuli Qurbanovun beynəlxalq elmi məclisdə “Yeni tarixi mərhələdə milli ideya: fəlsəfi yanaşma” adlı məruzəsi böyük maraqla qarşılanıb və yüksək dəyərləndirilib.
T.RÜSTƏMLİ
XQ