Uşaq vaxtı “Qaz 21” markalı “Volqa” avtomobilini çox sevirdim. Onun gözəlliyinə saatlarla baxsam da, yenə “doymurdum”. Bizdən 5-6 yaş böyük olan həmkəndlilərimdən biri mənim həmin sevgimdən xəbər tutanda demişdi ki, mən 2 il o maşınların istehsal edildiyi Qorki şəhərində hərbi xidmətdə olmuşam. Sonra danışmışdı ki, o şəhərdə də Moskvadakı boyda olmasa da, Kreml var, Volqa və Oka çayları o şəhərdə birləşir, orada çox böyük Nevski kilsəsi var, “Qaz” maşınlarının hamısı orada istehsal olunur və s. O söhbətlər “Qaz 21”-ə olan sevgimin yarısını Qorki şəhərinə yönəltmişdi. Qorkini görməyi necə arzulayırdımsa, bir Allah bilir.
Aradan neçə on illər keçəndən sonra jurnalist qrupunun üzvü kimi Nijni Novqorod (keçmiş Qorki) şəhərində oldum. Allah qələmi mənə çox görmədiyi kimi, həmin istəyimə çatmağıma da şans verdi. Təbii ki, Qorki Avtomobil Zavodunu (QAZ) görə bilmədik. Çünki SSRİ dağılandan sonra bir çox iri sənaye müəssisələri kimi QAZ-da öz funksiyasını və fəaliyyət istiqamətini dəyişməli olmuşdu. Ancaq Volqa ilə Okanın qovuşduğu məkanı seyr etdim, həmin ərazidəki adanın üstündə tikilmiş Aleksandr Nevski kafedral kilsəsinin fotosunu çəkdim, Nijninin Kremlini gördüm, Bakıdan getmiş musiqiçilərin “Lokomotiv” stadionunda verdiyi konsertin təhlükəsizliyini qoruyan atlı milislərin hər şeyə necə nəzarət etdiyinin şahidi oldum.
Yeri gəlmişkən, 2015–2018-ci illərdə həmin stadionun yerində “Nijni Novqorod” adlı yeni, daha böyük və müasir stadion tikilmişdir. Elə Qorki şəhərinin “Lokomotiv” komandasını da indi “Volqa” komandası əvəz edir. Yəni bizim gördüyümüz köhnə stadiondan indi Rusiya Premyer Liqasında təmsil olunan Nijni Novqorod şəhərinin “Volqa” klubu istifadə edir.
Nijnidə (yerli sakinlərin demək olar ki, hamısı şəhərin tam adını çəkmir, məhz belə, qısa adlandırırlar) məni iki məqam daha çox maraqlandırmışdı. Birinci, köhnə Rusiyanın bu qədim şəhərində park və meşələrin çox olması, ikinci, bu şəhərdə istehsal olunan bütün məhsulların üstündə iri şriftlərlə “Nijni” yazılması idi.
Bu zəngin ticarət şəhəri həm qədim, həm də çarizmdən sonrakı Rusiyada öz zəngin mədəniyyəti, memarlığı ilə məşhurdur. Böyük ədib Maksim Qorki burada anadan olmuş və uşaqlıq illərini Nijni Novqorodda keçirmişdir. Yeri gəlmişkən, şəhər 1932–1990-cı illərdə məhz onun – ən “böyük proletar ədibi”nin adını daşıyırdı.
Şəhərin əsas hissəsi Volqanın sağ sahilində yerləşir. Oka çayı isə onu iki yerə bölür. Okanın aşağı sol sahilində Nijni Novqorod yarmarka kompleksi, Spasski Köhnə Yarmarka Kafedralı, Aleksandr Nevski Yeni Yarmarka Katedralı, anbarlar və Moskvadan qatarların gəldiyi dəmiryol stansiyası var. Bir az aralıda Çay stansiyası, Nijni Novqorod Kremli, Çkalov pilləkənləri, piyadalar üçün Bolşaya Pokrovskaya küçəsi və muzeylər var.
Bu şəhərin ərazisinin beşdən birini park və meşələrin təşkil etdiyini dedik. Ancaq çox təəssüf ki, təkcə şəhərin deyil, bütövlükdə, Nijni Novqorod vilayətinin havası kimi su ehtiyatları da dəhşətli dərəcədə çirklənmişdir. Çünki şəhərdə bütün dövrlərdə çoxlu sənaye müəssisələri olub, indi də var. Oka çayının buradan keçən hissəsi vilayətin ən çirkli su ehtiyatları kimi tanınır.
Daha bir maraqqlı məqam isə ondan ibarətdir ki, Nijnidəki 20-yə yaxın parkdan birinin adı “İsveçrə”dir. Rus jurnalistlər həmin parkı nəzərdə tutaraq zarafatla yazırlar ki, “İsveçrə”də də hava sudan çirklidir, su havadan: “Təbiətin bəxş etdiyi ucsuz-bucaqsız meşələr isə bu ekoloji problemlərin həllinə heç cür kömək edə bilmir”.
İttifaq MİRZƏBƏYLİ