Toy-büsatlı günlərin mübarək, azad Şuşa!

post-img

Yeni tikilmiş binaların həyətlərindən yüksələn “Vağzalı”nın səsi Şuşanın dörd bir yanını bürüdü. “İsa bulağı”ndan havalanan Qarabağ şikəstəsi, “Xudayar təsnifi” dərin dərələrə doldu, Cıdır düzünün sıldırım qayalarında əks-səda verib uzaqlara, Vətənimizin hər yerinə yayıldı... 

Qarabağın başı buludlardan nəm çəkən dağlarının – Kirsin, Qırxqızın zirvələrində eli şənliyə səsləyən tək tonqallar qalandı. Şuşada 32 il sonra qurulan toy-düyünün sədası dünyanın harasında yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın qəl­bini riqqətə gətirdi. Dostlarımız sevindi, düşmənin paxıllıqdan bağrı partladı. Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi həm də azad Şuşanın yeni növrağının başlamasının təntənəli təqdi­matına çevrildi. Elmirin, sevib-seçdiyinin ünvanına səslənən gözəl arzulara “Xalq qəzeti”nin kollektivi olaraq biz də qoşulu­ruq: Uca Tanrı təməli yeni atılan bu ailəni xoşbəxt etsin, onlardan sevgisini, bərəkəti­ni əsirgəməsin!

“İsa bulağı” istirahət kompleksində 32 il sonra ilk toy mərasiminin keçiril­məsi Şuşanın sevincinə sevinc qatan ha­disədir. Çünki “Qarabağın tacı” bu günlər həm də yeni sakinlərinin gəlişinə sevinir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2024-cü il sentyabr ayının 5-də respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya və digər binalarda müvəqqəti məskunlaşmış 102 şuşalıdan ibarət 30 ailə, sentyabrın 7-də isə 91 nəfər­dən ibarət daha 27 keçmiş məcburi köçkün ailəsi daimi məskunlaşmaq üçün öz doğma şəhərlərinə qayıdıb. 

Bununla da Şuşaya köçürülmüş sakin­lərin sayı 763 nəfərə (204 ailə) çatıb. Şuşa həsrəti başa çatanlar arasında şəhid ailələri, qazilər də var. Olardan bir neçəsinin qayı­dış təəssüratlarını öyrəndik, həyəcanlarına, sevinclərinə şərik olduq.

Şəhid anası Həsənova Həqiqət Yel­mar qızı bildirdi ki, uzun illər boyu bu günün gələcəyinə olan ümidlərinə sarı­lıb təsəlli tapıblar, içlərindəki inamı qo­ruyub-saxlayıblar:

– Şanlı qələbəmizə qədər olan dövrdə murdar düşmən tapdağı altında olan tor­paqlarımıza getmək bizlər üçün əlçatmaz olsa da öz Prezidentimizə, dövlətimizə, xalqımıza və ordumuza olan inamımızı heç zaman itirməmişdik. Əmin idik ki, bir gün Şuşaya, Qarabağın, Şərqi Zəngəzurun bütün şəhərlərinə, kəndlərinə qayıdacağıq. Məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qüdrətli ordumuz hər birimizin bu müqəddəs arsuzunu reallğa çevirdi. 

Ölümündən qorxmayan, sinəsini Vətənə sipər edən oğullarımızın canı-qanı hesabına ərazi bütövlüyümüz təmin edilib və bu gün daimi yaşamaq üçün Şuşamıza köçmək səadəti bizə də nəsib olub. Arzu edirəm ki, bu xoşbəxtliyi bütün həsrətin çəkənlər yaşasın! Allah xalqımıza bundan sonra firavan günlər nəsib etsin! Çox şü­kür bu günlərə, daha Şuşamızda daha top-tüfəng gurultusu deyil, musiqi, çal-çağır səsləri ucalır!

Həqiqət xanımın oğlu leytenant Nurlan Həsənov 44 günlük müharibə zamanı Füzuli istiqamətində gedən dö­yüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalıb. Şəhid anası dedi ki, indi onların bir təsəllisi var:

– Mən də, atası Nadir də oğlumuzla fəxr edirik. Çünki o, canından çox sevdi­yi Vətən yolunda qəhrəmancasına şəhid olub. Özü aramızda olmasa da təsəllimiz odur ki, bütün bu yaşadıqlarımızı, doğma yurdumuza qayıtmağımızı Nurlanın ruhu da görür, duyur. Ona görə də bütün şəhid­lərimizin, o cümlədən Nurlanımızın ruhu şaddır! 

Şuşadakı yeni evinə qovuşan Birinci Qarabağ müharibəsinin qazisi Şünasi Babayev üçün qayıdış xəbəri bir az göz­lənilməz olub. Bildirdi ki, Şuşada bu qədər qısa vaxta görülən işlərin miqyası insanı heyrətə salır:

– Qaçqınların və Məcburi Köçkünlə­rin İşləri üzrə Dövlət Komitəsindən mənə zəng edib soruşanda ki, Şuşaya qayıtmaq istəyirsənmi, sevincimdən qəhər boğdu məni. Heç bilmədim zəng edənlərə necə təşəkkür etdim. Bu, bizə Allahın ən böyük lütfüdür. Az müddətdə Şuşada belə gözəl binaların tikilməsi, şəhərin yenidən qurul­ması ilə bağlı xəbərlər, videogörüntülər Qarabağımızın zirvələrinə qoşa sancılmış şanlı Azərbaycan və Türkiyə bayraqları kimi düşmənin gözünə ox kimi sancılır. Şuşa məscidindən yayılan azan səsi onların qulaqlarını batırır!

Mən Birinci Qarabağ müharibəsi za­manı Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərin iştirakçısı olmuşam. 1992-ci il mart ayının 29-da erməni vəhşilərinin şəhəri üç istiqamətdən artilleriya atəşinə tutması nəticəsində ağır yaralanmışam. Həmin vaxtdan indiyə qədər 22 dəfə əmə­liyyat olunmuşam. Ancaq heç zaman Şu­şaya qayıtmaq ümidim azalmayıb, tükən­məyib. Çünki işğaldan azad edilmiş bütün torpaqlarımız kimi Şuşa da həyatımızın mənasıdır, arzularımızın, xəyallarımızın gerçəkləşdiyi sehrli məkandır. 

Hər zaman bugünkü gözəl günlərin mütləq baş verəcəyi ümidi ilə yaşayan şəhər sakini bir arzusunu da dilə gətirdi:

– Bu vaxta qədər həmişə deyirdim ki, Allah bizə gedib doğma Şuşamızı görə biləcəyimiz qədər ömür verəydi. İndi isə uca yaradandan arzulayıram ki, daha çox ömür versin. Versin ki, doyunca Şuşanın havasından udum, suyundan içim, Şuşasız keçirdiyim günlərin acısını çıxarım canım­dan. Allah şəhidlərimizə rəhmət eləsin, möhtərəm Prezdentimizi, xalqımızı, ordu­muzu, Vətənimizin azadlığı naminə əməyi olan hər bir kəsi qorusun!

Şuşa şəhəri 1 nömrəli tam orta mək­təbin ibtidai sinif müəlliməsi Gülnar Şah­verənova da anası Elmira xanımla, mələk kimi qızları Mələk və balaca Elmira ilə öz doğma şəhərinə qayıtmağın xoşbəxtliyini yaşayır. Başları çox qarışıqdır bu günlər. Yeni, illər sonra özlərinə məxsus yarlı-ya­raşıqlı evlərinə təzəcə köçüblər axı. Yüklə­ri yerbəyer etmək, evi bəzəmək heç kimə asan gəlməsin. 

Gözaydınlığı verib, Gülnar müəl­limədən hansı hisslər keçirdiyini soruşduq. Şuşanın ətrindən danış­dı. Dedi, ilin hər fəslində buranın özünəməxsus qoxusu olur:

– Uzun illər boyu bu qoxuları unutma­mışam, onlar üçün darıxmışam. İndi 32 ildən sonra həmişəlik yaşamaq, əvvəllər olduğu kimi, yenə də ətrini ciyərlərimə çəkmək üçün Şuşama qayıtmışam. Bu hissləri sözlə ifadə etmək asan deyil. Mən bütün şuşalılara tezliklə bizim kimi doğ­ma şəhərimizə dönməyi, yaşamağı arzu edirəm. Bu sonsuz sevinci, xoşbəxtlik duy­ğusunu bizə yaşadan cənab Prezidentimiz İlham Əliyevə minnətdaram. Allah Prezidentimizi qorusun! Allah məkanları uca şəhidlərimizə rəhmət eləsin, qazilə­rimizə can sağlığı versin! Fəxr edirəm ki, belə mərd, qəhrəman oğulları olan bu ölkə­də yaşayıram. 

Bizi zəfərə aparan, Qarabağa, Şuşa­ya qovuşduran bu yol ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” nidasından başlan­mışdı. Bu yol “Biz Qarabağımıza qayıdaca­ğıq, Qarabağ tarixi Azərbaycan torpağıdır”, – deyən Müzəffər Ali Baş Komandanımı­zın Vətən sevgisi, qətiyyəti, polad iradəsi ilə xalqımızı zəfər zirvəsinə çatdırdı. Bu müqəddəs arzu, bu böyük sevgi, sarsılmaz iradə bizi qarabağlı etdi, şuşalı etdi, Qara­bağda, Şərqi Zəngəzurda atılan təməllərə, tikilən, qurulan şəhərlərə, kəndlərə çevrildi.

Şərəfli missiyamız isə bitməyib. Biz hələ o qayıdış sevinclərinə çox şərik ola­cağıq, zəfər yüklü yeni-yeni xəbərlər pay­laşacağıq.

Mahir RƏSULOĞLU,
“Xalq qəzeti”nin Qarabağ müxbiri

Şuşa





Sosial həyat