“Karpal tunel sindiromu”ndan necə qorunmaq olar?
Elmə 170 ildən bəri məlum olan bu xəstəlik haqqında çoxlarının məlumatı yoxdur. Karpal tunel sindromu adlanan bu xəstəliyə son vaxtlar ölkəmizdə tez-tez təsadüf edilir. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Elşanə Mustafayeva cəmiyyətdə tunel sindiromunun əlamətləri, aradan qaldırılma yolları ilə bağlı açıqlamasında bildirdi:
– Tunel sindromu sinirin keçdiyi anatomik kanal səviyyəsində lokal zədələnməsidir. Tunel sindromları arasında geniş yayılan və ən çox rast gəlinən Karpal tunel sindromudur. Müxtəlif elmi mənbələrdə yazıldığına görə, Karpal tunel sindromu bütün tunel neyropatiyalarının yarıdan çoxunu təşkil edir. Bu sindrom ilk dəfə 1854-cü ildə ingilis cərrahı Ceyms Pecet tərəfindən aşkar edilib. Karpal kanal bilək nahiyəsində yerləşən, təxminən, 2,5 santimetr uzunluğunda və 2 santimetr enində olan, bilək sümükləri və biləyin köndələn bağı ilə məhdudlaşan bir boşluqdur. Bu kanalda bükücü əzələlərin vətərləri və orta sinir yerləşir. Orta sinirin dar anatomik kanalda sıxılması və ya zədələnməsi nəticəsində yaranan hissiyyat, trofiki simptomlar (əlamətlər) ilə təzahür edən tunel sindromu KTS sindromu adlandırılır.
– Xəstəliyin yaranma səbəbi nədir?
– Karpal tunel sindromu zamanı kanalın sümük divarı və bükücü əzələ vətərləri arasında orta sinirin sıxılması baş verir. Davamlı təkrarlanan təsir birləşdirici toxumanın xroniki iltihabına gətirib çıxarır. Nəticədə, o kobudlaşır, qalınlaşır və şişir. Bu da karpal tunel daxilində təzyiqi artırır. Artan təzyiq venoz durğunluğu və ödem yaradır. Bu da sinirin işemiyasına – qan təchizatının pozulmasına səbəb olur. Bir çox hallarda dominant əl zədələnir, lakin sindrom tez-tez hər iki tərəfdə də yaranır.
Sindromun yaranması səbəbinə gəlincə, bir neçə qrup tibbi risk faktorlarından danışmaq lazım gəlir. Karpal tunelin anatomiyasını dəyişdirən amillərə bilək nahiyəsinin birbaşa travması, bilək oynaq sümüklərinin sınığı, posttravmatik artroz, deformasiyaedici artroz aiddir. Həmçinin, bəzi inkişaf anomaliyaları, ekzostozlar, osteofitlər anatomik kanalın həcminin kiçilməsinə səbəb ola bilər.
Tuneldaxili təzyiqi artıran və orqanizmdə su balansının pozulmasına səbəb olan amillərə hamiləlik, klimaks, piylənmə, böyrək çatışmazlığı, hipotiroidizm (qalxanabənzər vəzin hormonunun azalması), ürək çatışmazlığı, revmatoid artrit, oral kontraseptivlərin qəbulu aiddir.
– Xəstə nə zaman həkimə müraciət etməlidir?
– Xəstəliyin kliniki mənzərəsi müxtəlifdir və prosesin ağırlığından asılıdır. Lakin buna baxmayaraq, bir sıra tipik simptomlar var ki, KTS-ni başqa xəstəliklərdən fərqləndirir. Bunlara əldə olan hissi və hərəki pozuntular aiddir.
İlkin olaraq pasiyentlər əlin orta sinirin innervasiyası zonasında (1, 2, 3-ü və bəzən 4-cü barmaqlarınn iç səthi boyu) uyuşma, iynəbatma, sancma, qarışqa gəzintisi, gizilti, yanğı kimi hissiyyatın pozulmalarından – parasteziyalardan şikayət edirlər. Bu nahiyədə hissiyyatın azalması – keyləşmə müşahidə oluna bilər. Uyuşma və ya paresteziyalar, ən azı, iki barmaqda və bir ay ərzində əsasən, vaxtaşırı, bəzən isə daimi olur. Bu əlamətlər əlin aktiv bükücü-açıcı hərəkətlərindən sonra, əlləri yuxarı qaldırdıqda (nəqliyyatda, telefonla danışarkən, maşın sürərkən, kitab və ya qəzet oxuyarkən), əl bir vəziyyətdə uzun müddət qaldıqda, dəfələrlə təkrarlanan hərəkətlər zamanı güclənir. Əlin vəziyyətini – yönünü dəyişdirdikdə və ya silkələyəndə, bilək oynağı xüsusi ortezlə (cihaz) fiksasiya olunduğu üçün ağrı azalır. Bununla yanaşı, pasiyentlər sızıldayıcı, bəzən yandırıcı ağrı hiss edə bilərlər. Ağrı, əsasən, biləkdə olur, 1– 4-cü barmaqlara, bir az qola və çiyinlərə yayıla bilər. Uyuşma, paresteziya və ağrı kimi simptomlar gecələr və ya səhərə doğru gücləndiyindən xəstələrin yuxusunun pozulmasına səbəb olur. Hissi pozuntular və ağrı səbəbindən hərəkətlərin koordinasiyası və əl gücü pozulur.
Xəstəlik uzun müddət davam etdikdə, hərəkət pozuntuları əmələ gəlir. Bu da özünü orta sinirlə innervasiya edilən əzələlərdə zəiflik və atrofiya ilə göstərir. İlkin olaraq, əllərdə xırda motor bacarıqları pozulur: düymələri bağlamaq, kiçik əşyaları əldə saxlamaq çətinləşir, əlyazma dəyişilir. Zamanla zəiflik o həddə çatır ki, pasiyent bir çox əşyaları əlində tuta bilmir. Vegetativ pozuntular akrosiyanoz, dəridə quruluq, tərləmənin pozulması, əldə soyuqluq hissi şəklində və s. əlamətlərlə özünü göstərir.
– Xəstəlik hansı yaşlarda daha çox müşahidə olunur və burada genetik faktor varmı?
– Karpal tunel sindromundan daha çox əmək qabiliyyətli 40–60 yaşlı insanlar əziyyət çəkirlər. Sindroma qadınlarda kişilərə nisbətən 3–10 dəfə daha çox rast gəlinir. Elm adamlarının fikrincə, bu, qadınlarda karpal tunelin daha dar olması ilə də əlaqədardır. Sindroma dünya üzrə, əsasən, Avropa irqinə aid əhali arasında rast gəlinir. Karpal tunel sindromunun ümumi əhali arasında sayı 1,5–3 faizdir. Bəzi risk qrupları arasında isə bu rəqəm 5 faizə çatır.
Bu xəstəlik irsi deyil, yəni valideyndən övlada mütləq şəkildə keçmir. Lakin xəstəliyin əmələ gəlməsində irsiyyətin müəyyən rolu ola bilər. Belə ki, bəzi insanlarda karpal kanalı digərlərinə nisbətən daha dar olur və bunun nəticəsində müvafiq şəraitdə xəstəlik daha tez inkişaf edir.
– Sindromun diaqnostikası və müalicəsi necə aparılır?
– KTS-nin diaqnostikası kliniki və instrumental müayinə üsulları əsasında aparılır. Obyektiv müayinə zamanı ələ baxış keçirilir: ödem, trofiki pozuntular, əzələ atrofiyası olub-olmaması müəyyənləşdirilir. Nevroloji müayinə zamanı əlin 1 və 3-cü barmaqlarında hissiyyat, əzələ gücü və tonusu, habelə reflekslər qiymətləndirilir.
Bu patologiyanın iki növ müalicəsi var: konservativ və cərrahi. Sindromun konservativ müalicəsinin əsas prinsipi, xəstəliyi törədən səbəbi müalicə etməkdən ibarətdir. Preparatlarla müalicə zamanı ağrı, iltihab və ödem kimi simptomları aradan qaldıran müxtəlif dərman vasitələrindən istifadə olunur. Bilək nahiyəsində hərəkəti məhdudlaşdırmaq məqsədilə ortopedik ortezlərdən geniş istifadə edilir. Biləyin immobilizasiyası xəstəliyin yüngül və orta dərəcəsində, həmçinin əməliyyatdan sonrakı dövrdə göstərişdir. Ən yaxşı nəticə əldə etmək üçün ortezi uzun müddətə, çıxarmadan taxmaq tövsiyə edilir.
Digər müalicə üsulu kimi fizioterapiyadan istifadə olunur. Fizioterapiya tunel sindromunun dərmansız müalicə üsulu olaraq xəstəliyin etioloji və patogenetik mexanizmlərinə təsir etmək məqsədilə aparılır. Bu səbəbdən geniş spektrli fizioterapevtik üsullardan istifadə olunur: fonoforez, elektroforez (analgetik, damargenişləndirici dərmanlarla), krioterapiya, maqnitoterapiya, yerli darsonvalizasiya, elektrostimulyasiya, lazeroterapiya, palçıq vannaları, naftalan yaxmaları, habelə müalicəvi masaj, akupunktura, manual terapiya və müxtəlif fiziki məşqlər. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda sadaladığım fizioterapevtik üsullarla müalicə metodikaları işlənib hazırlanmışdır. Hazırda bu xəstəlikdə naftalan neftinin təsir gücü öyrənilir.
Əgər terapevtik müalicə altı ay ərzində istənilən nəticəni vermirsə, Karpal tunel sindromunun cərrahi müalicəsi tövsiyə olunur. Cərrahiyyə əməliyyatı yerli anesteziyadan istifadə edərək, açıq və ya endoskopik üsulla icra olunur. Əməliyyat nəticəsində karpal kanalda köndələn bağ kəsilərək sinirin sərbəstləşməsi təmin edilir. Cərrahiyyə əməliyyatı xüsusi ixtisaslı – əl-bilək cərrahları tərəfindən aparılmalıdır. Lakin ölkəmizdə belə əməliyyatlar neyrocərrahlar və ortoped-travmatoloqlar tərəfindən həyata keçirilir.
– Karpal tunel sindromunun yayılmasının qarşısını necə alacaqlar?
– Xəstəliyə ürcah olmayaq, eləmi? Karpal tunel sindromunun yaranmasının və ya xəstəliyin kəskinləşməsinin qarşısını almaq üçün soyuq mövsümdə əlləri əlcəklərlə qorumaq, hər hansı fiziki işi yerinə yetirərkən, biləyi həddindən artıq gərginləşdirməmək və ya qəfil hərəkətlər etməmək tövsiyə olunur. Bundan əlavə, iş zamanı qaməti düzgün saxlamaq, biləkləri ən rahat vəziyyətdə saxlaya biləcək mebel və ofis avadanlıqlarından istifadə etmək lazımdır. Həmçinin, monoton hərəkətlər edərkən, müntəzəm olaraq fasilələr etmək və əllərə istirahət vermək tövsiyə edilir.
Karpal tunel sindromuna səbəb olan xəstəliklərin müalicəsini gecikdirməmək şərti ilə sağlam həyat tərzi sürmək, gündəlik əl hərəkətlərini yerinə yetirmək məqsədəuyğun hesab olunur. Əgər işləyərkən kompüter arxasında çox oturursunuzsa, ofis kreslosu rahat, boyunuza uyğun tənzimlənən, arxa dayaq və qoltuqaltı olmalıdır. Klaviatura və “mışka” erqonomik olmalıdır, işləyərkən xüsusi dayaqlardan istifadə məsləhət görülür. Monitor göz səviyyəsində və ya bir qədər aşağı yerləşməlidir. Boyunu irəli və aşağı əyməkdən çəkinmək lazımdır. Kompüterdə işləyərkən, kürəyi oturacağın arxasına söykəməklə çiyinlər üçün rahatlıq yaradılmalıdır.
Sonda onu deyə bilərik ki, Karpal tunel sindromu həyat üçün təhlükəli deyil, lakin iş qabiliyyətinə ciddi təsir göstərir. Buna görə də ilk əlamətlər əmələ gəldikdə, mümkün qədər mütəxəssisə tez müraciət etmək tövsiyə olunur.
Zərifə BƏŞİRQIZI
XQ