Energetika Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Eldar Əhmədovun Bakıda keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirdiyinə görə, dövlət başçısının bu il martın 1-də imzaladığı müvafiq fərmanla yaradılan Enerji Effektivliyi Fondu kiçik, orta və böyük məbləğdə kreditlər verəcək.
Kiçik kreditlər min manatdan 50 min manata qədər olmaqla 5 il, orta kreditlər 50 min manatdan 1 milyon manata qədər olmaqla 10 il, böyük kreditlər isə 1 milyon manatdan 10 milyon manata qədər olmaqla 15 il müddətinə ödəniləcək. Fond enerji resurslarından səmərəli istifadə, enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılıb. Qurumun bu ilin sonuna, gələn ilin əvvəlinə fəaliyyətə başlaması nəzərdə tutulub.
Yeni fond kreditlər, qrantlar, hüquqi və fiziki şəxslərin könüllü ianələri, beynəlxalq təşkilatların, eləcə də donorların ayırmaları əsasında formalaçacaq. Bu maliyyə qurumu, həmçinin həmin vəsaitlərin idarə edilməsindən gəlir əldə edəcək.
Eldar Əhmədovun bildirdiyinə görə, vəsaitlərin “ağıllı” sayğac və sistemlərin, yüksək, effektiv kogenerasiya qurğularının tətbiqi, bərpaolunan enerji mənbələrindən istifadə, texnika və texnologiyaların yaradılması istiqamətlərində xərclənməsi nəzərdə tutulur.