Hazırda sosial gündəmi zəbt edən mövzulardan biri də ali məktəblərə tələbə qəbulunun nəticələridir. Məktəb kollektivləri, ailələr, tələbə adını qazanan abituriyentlər imtahanların və ixtisas seçiminin nəticələrini qızğın müzakirə edirlər. Sevinən, fərəhlənən kim, məyus olan kim?...
Media subyektlərində də bu mövzu aktuallıq kəsb edir. Müxtəlif hesabat və sosial şəbəkə paylaşımlarından göründüyü kimi, bu il də tələbə qəbulunda Abşeron–Xızı Regional İdarəsinin tabeliyində olan Sumqayıt şəhər məktəbləri ön sırada qərar tutublar. Elə gənclik şəhərinin ümumtəhsil müəssisələri üzrə ali məktəblərə qəbul barədə ilkin məlumatlar da bunu təsdiq edir. Bu il Sumqayıt məktəblərini 3879 şagird bitirib ki, onların da 2543 nəfəri, başqa sözlə, 65,6 faizi tələbə adını qazanıb. Özlüyündə çox yaxşı göstəricidir. İmtahan verənlərin 242 nəfəri 600 baldan, 88 nəfəri isə 650 baldan yuxarı nəticə göstərib.
Məlum olduğu kimi, bu il Sumqayıt şəhərinin 75 yaşı tamam olur. Ayrı-ayrı sahələrdə qazanılan nailiyyətlər bu yubileyə həsr edilir. Bu baxımdan şəhərin ən “qocaman” təhsil ocağı, 1946–1947-ci tədris ilində fəaliyyətə başlamış indiki gimnaziya (əvvəllər 2 nömrəli məktəb idi) da bayramı əliboş qarşılamır. Bu qabaqcıl təhsil ocağı 1952-ci ildən mərkəzi küçədəki yaraşıqlı binada yerləşir. Gimnaziyanın şagirdləri hər il keçirilən fənn olimpiadalarında yüksək nəticələr əldə edirlər. Buradan pərvazlanıb müxtəlif ali məktəblərdə oxuyan tələbələrin çoxu Prezident təqaüdçüsü olub.
Xatırlayırıq ki, inişil Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 75 illik yubileyində çıxışı zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu təhsil ocağının uğurlarının davamlı olacağına inamını ifadə etmişdi. İndi budur, gimnaziyanın məzunlarının Sumqayıt şəhərinin 75 illik yubileyinə töhfəsi 100 faizlik nəticədir. Flaqman təhsil ocağını bu il bitirən 70 məzundan 3-ü təhsilini xarici ölkələrdə davam etdirmək üçün seçilib. Daha 1 məzun olimpiadada qalib gəldiyi üçün ali məktəbə imtahansız qəbul olunub. Gimnaziyanın digər 66 məzunu isə təhsilini Azərbaycan universitetlərində davam etdirəcək. Onlardan 48-i 600-dən çox bal toplayaraq yüksək nəticə göstərib. Ümumilikdə, məktəb üzrə orta bal 612 olaraq qeydə alınıb ki, bu da gimnaziyanın yüksək təhsil səviyyəsini bir daha təsdiq edir.
Qürurverici faktdır ki, Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəb də qəbul sayına görə 100 faiz nəticəyə nail olub: bu təhsil ocağını bitirən 111 məzunun hamısı tələbə adını qazanıb. Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin məzunu olan 39 nəfər də eyni uğura nail olub. Bütöv siniflərin maksimum nəticə ilə sevindiyi məktəblər də az deyil. Humanitar və Təbiət-Riyaziyyat Təmayüllü İstedad Liseyinin məzunları da hamılıqla tələbə adına layiq görülüblər.
Ötən il Sumqayıtdakı İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəb şəhərin təhsil tarixində bir ilkə imza atmışdı: oranı bitirən 3 sinfin bütün şagirdləri universitetlərə qəbul olunmuşdu. Bu il isə eyni nəticəni Polad Həşimov adına 28 nömrəli məktəbin məzunları təkrarlayıblar. Məktəbi 117 şagird bitirib, 86 nəfər tələbə adını qazanıb ki, onlardan da 60 nəfəri 3 eyni sinfin məzunudur.
Qəhrəman general-mayor Polad Həşimovun 80-ci illərdə şagirdi olduğu öncül təhsil müəssisəsinin direktoru Araslan Rzayev bizimlə söhbəti zamanı dedi:
– Təhsil sahəsi dövlətin strateji istiqamətlərindən biridir. Hər bir ölkənin uğurlu inkişafını təhsilli vətəndaşları müəyyən edir. Bu baxımdan fəxr edirik ki, Azərbaycanın çiçəklənməsində bizim məzunların da əməyi var. Ən müxtəlif sahələrdə çalışan yetirmələrimiz üzümüzü daim ağ edirlər. Təkcə bu il 14 məzunumuz fərqlənmə attestatı alıb. Qəbul sınaqlarından alnıaçıq çıxan məzunlarımız arasında ən yüksək balla tələbə olanlar Nurəddin Fərzəliyev (665), Gülbəs Kərimova (657), Məryəm Ağaxanova (646), Aytac Hətəmova (636), Nigar Həsənova (627), Nüsrət Ağazadə (632) və Hüseyn Əliyevdir (612). Onlar ölkənin ən prestijli universitetlərinə daxil olublar. Əlbəttə, bu, bütün pedaqoji kollektivimizi ürəkdən sevindirir. Fəxr edirik ki, Sumqayıtın 75 illiyini belə nailiyyətlə qarşılayırıq.
Parlaq nəticə göstərən Nurəddin Fərzəliyevin dedikləri:
– Ali məktəblərə qəbulun nəticələri göstərdi ki, Sumqayıt yenə də öz ənənəsinə sadiqdir. Yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmağıma hədsiz sevinirəm. Şadam ki, valideynlərimin, müəllimlərimin etimadını doğrulda bildim, onların zəhməti bada getmədi. Gələcəkdə bilikli bir iqtisadçı kimi doğma şəhərimizdə çalışmağı arzulayıram. Fürsətdən istifadə edərək, tələbə adını alan bütün abituriyentləri təbrik edirəm. Daha yüksək zirvələrə doğru irəli!
Onu da qeyd edək ki, gənclik şəhərindəki yeganə ali təhsil ocağında – Sumqayıt Dövlət Universitetində (SDU) də builki qəbulun nəticələri fərəhlidir. Rektor Rüfət Əzizovun bildirdiyinə görə, 2024–2025-ci tədris ili üçün tələbə qəbulu nəticələri əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb: “Builki qəbulda, ümumilikdə, 1499 tələbə universitetin müxtəlif ixtisaslarına qəbul olub ki, bu da keçən ilki 1374 tələbə ilə müqayisədə 9 faiz artım deməkdir. Bu il ən yüksək nəticə 633,2 bal olub, keçən il isə bu göstərici 551,9 bal idi. Orta qəbul balı da yüksələrək 326-ya çatıb (keçən il 290 idi). Ən diqqət çəkən məqam isə 500-dən yuxarı bal toplayan tələbələrin sayının artmasıdır. Belə ki, cari tədris ilində bu nəticəni göstərən tələbələrin sayı 20-yə çatıb ki, bu da keçən ilki 1 tələbəyə nisbətdə 20 dəfə artım deməkdir”.
Göründüyü kimi, Sumqayıt şəhərinin bilik və təcrübə xəzinəsi sayılan SDU-nun uğur göstəriciləri orta ümumtəhsil məktəblərinin artan göstəriciləri ilə adekvatdır.
Tələbə adınız mübarək!
Əli NƏCƏFXANLI
XQ