Azərbaycan turizmi: İnkişaf indeksinin müqayisəli təhlilləri

post-img

Dünya İqtisadi Forumunun dərc etdiyi “Səyahət və turizmin inkişaf indeksi”nə nəzər yetirdikdə, Azərbaycanın bir neçə pillə öndə olduğunu görürük. Bu indeks göstəricilərinə əsasən, 119 dövlət arasında 56-cı yerdə qərarlaşan ölkəmiz əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyib. 

Dövlət Turizm Agentliyinin (DTA) 6 aylıq məlumatında bildirilir ki, ötən ilin sonuna aid hesabatda Müstəqil Dövlətlər Biriliyinə (MDB) üzv ölkələr arasında ən yüksək nəticəyə malik 2-ci ölkə kimi Azər­baycanın 4 komponent üzrə mövqeyində əhəmiyyətli dərəcədə irəliləmə müşahidə olunub. Qeyd edilən istiqamətdə ölkəmi­zin daha yaxşı inkişaf göstəricilərinə malik olması məqsədilə DTA-nın təşəbbüsü ilə 2022-ci ilin oktyabr ayında Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “Turizmin inkişafı” işçi qrupu yaradılıb. Aidiyyəti dövlət qu­rumları və biznes subyektlərindən ibarət olan bu qrup dövlət və özəl sektor qurum­larının fəaliyyətini əlaqələndirir. Qrupun mandatına uyğun olaraq, fəaliyyət planı çərçivəsində Dünya İqtisadi Forumunun dərc etdiyi “Səyahət və turizmin inkişaf indeksi”ndə ölkəmizin mövqeyinin yüksəl­dilməsi yönündə tədbirlərin həyata keçiril­məsi nəzərdə tutulub. 

Sahə mütəxəssisləri hesab edirlər ki, ölkəmizin turizm sektorunda inkişaf in­dekslərinin beynəlxalq indekslərə görə müqayisəli təhlili və bu sahədə müəyyən təşəbbüslərin həyata keçirilməsi olduqca vacibdir. Turizmin inkişafına koordina­siyalı şəkildə nail olmağın zəruriliyini nəzərə alsaq, dövlət qurumları ilə özəl sektorun proseslərə birgə cəlb edilməsi yüksək nailiyyətlər qazanmağa imkan ya­radır. 

“Turizmin inkişafı” işçi qrupunun hazırkı fəaliyyəti necə qiymətləndirilir? 

Mövzu ilə bağlı XQ-nin suallarını şərh edən turizm üzrə ekspert Ruslan Quliyev bildirdi ki, İşçi qrupunun ha­zırkı faəliyyəti böyük önəm kəsb edir.

Bu sahədə dövlət qurumları və özəl sektorun əməkdaşlığının koordinasiyalı şəkildə aparıldığının önəmini qeyd edən ekspert dedi:

– Hər iki sektorun birgə əməkdaşlığı nəticəsində təhlillər bu yöndə müəyyən irəliləyişlərə səbəb olacaq. Hesabatlar və müqayisəli analizlər qısa bir zaman­da turizmin inkişaf indeksində ölkənin mövqeyinin yüksəlməsinə xidmət edir. İşçi qrupu səyləri daha da artırmalıdır. Burada ən vacib məsələ bölgələrdə turizm imkanlarına diqqəti yönəltməkdir. Elə­cə də yeniliklərlə bağlı davamlı çıxışlar olmalı, ictimaiyyət mütəmadi məlumat­landırılmalıdır. Beynəlxalq reytinq üzrə ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində fəaliyyət planları hazırlan­maldır. Qrupun ötən dövrdəki fəaliyətinə nəzər salsaq, bu müddət ərzində bir neçə görüşlər keçirilib, müxtəlif addımlar atı­lıb. 

Azərbaycanda turizmin inkişafın­da qrupun fəaliyyətinin üstünlüklərini qeyd edən ekspert Ceyhun Aşurov bil­dirdi:

– Qrupun fəaliyyəti bu sahədə irə­liləyişlərin olmasına təkan verir. Əsas diqqət inklüzivliyin artırılmasına yönəl­dilib. Tərkibinə 40-dək ekspertin daxil olduğu İşçi qrupu mütəmadi görüşlər keçirməklə ölkə turizminin inkişaf və­ziyyətini qiymətləndirir. Onlardan 12-si bilavasitə turizm sektorunda aparıcı olan özəl şirkətlərin və hotellərin təmsilçilə­ridir. Müqayisəli təhlillər apararaq, digər ölkələrdə qabaqcıl tədbirlər və tətbiqlərin vəziyyətini öyrənmək qrupun məqsədləri sırasındadır. Bunun nəticəsidir ki, müxtə­lif təklif və təşəbbüslərin hazırlanmasında qrup yaxından iştirak edir. Qonşu ölkələr­də və regionda turizmlə bağlı baş verən hadisələrin yaxından izlənilməsi və onla­rın ölkəmizdə tətbiqi baxımından qrupda müzakirələr aparılır. Fəaliyyət göstərdiyi müddətdə İşçi qrupu çoxsaylı işlər görüb və bu proses davam etməkdədir. Qrup təhlillər əsasında əldə etdiyi nəticələrlə bağlı turizm sektorunu məlumatlandırır. Görülən işlər nəzarətdə saxlanılmaqla, müəyyən istiqamətdə yönləndirilir. Ölkə­mizin turizm potensialının beynəlxalq indekslərlə müqayisəli təhlilinin aparıl­ması və bu sahədə təşəbbüslərin həya­ta keçirilməsi olduqca müsbət nəticələr verir. Bu gün gözlədiyimiz nəticəni əldə etmək üçün qrup aktiv çalışmalıdır. Lokal problemlərlə regional hadisələr arasında əlaqəni müəyyən etməlidir ki, biz turizm trendlərindən çox da geri qalmayaq. 

Bəs “Turizmin inkişafı” işçi qrupu­nun fəaliyyətə başladığı vaxtdan bəri bu sahənin inkişafı istiqamətində hansı işləri görüb?

İşçi qrupunun rəhbəri, Dövlət Tu­rizm Agentliyinin Aparat rəhbəri Kə­nan Qasımov mövzu ilə bağlı XQ-nin sorğusunu cavablandıraraq söylədi:

– İşçi qrupunun fəaliyyət planı çərçi­vəsində Dünya İqtisadi Forumu tərəfindən dərc olunan “Turizm və səyahətin inkişafı indeksi”ndə ölkəmizin mövqeyinin yük­səldilməsi naminə tədbirləri davam etdi­ririk. Bu ilin fəaliyyət planı 15 əsas blok və 44 indikator üzrə 98 tədbirin icrasını əhatə edir. İndeksə uyğun olaraq, planda biznes mühiti, təhlükəsizlik və mühafizə, insan resursları və əmək bazarı, informa­siya və kommunikasiya texnologiyalarına hazırlıq, səyahət və turizmin prioritetliyi, səyahət və turizmə açıqlıq, qiymət rəqa­bətliliyi, hava nəqliyyatı infrastruktu­ru, quru və liman infrastrukturu, turizm xidməti və infrastrukturu, təbii resurslar, mədəni resurslar, ekoloji davamlılıq, sə­yahət və turizmin sosial iqtisadi təsiri, səyahət və turizm tələbinin davamlılığı kimi əsas bloklar üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycan Dünya İqtisadi Forumunun dərc etdiyi “Səyahət və turizmin inkişafı indeksi”nə əsasən, əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək, 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb. MDB ölkələri arasında ən yüksək nəticəyə malik 2-ci ölkə kimi Azərbaycanın 4 komponent üzrə göstəri­cilərdə mövqeyində əhəmiyyətli dərəcədə irəliləmə müşahidə olunub. Ötən ilin so­nuna təqdim edilən məlumatlar əsasında hazırlanan hesabatda “Uyğun mühitin mövcudluğu” komponenti üzrə biznes mühiti, təhlükəsizlik, sağlamlıq və gigiye­na, insan resursları və əmək bazarına dair göstəricilər, “Səyahət və turizm siyasəti və uyğunluq şərtləri” komponenti üzrə beynəlxalq açıqlıq və qiymət rəqabətliliyi göstəriciləri, “Səyahət və turizm tələbinə təsir edən amillər” komponenti üzrə mə­dəni resurslara dair göstərici və “Səyahət və turizmin dayanıqlılığı” komponenti üzrə ekoloji davamlılıq və sosial-iqtisadi dayanıqlılıq göstəricilərində yüksəlmə qeydə alınıb. Alt-indikatorlar üzrə səyahət və turizmə dair statistik məlumatların beynəlxalq qurumların məlumat bazala­rına mütəmadi ötürülməsinə dair göstə­rici üzrə Azərbaycan 2021-ci ildə olduğu kimi, bu il də mümkün ən yüksək nəticə ilə 1-ci pillədə qərarlaşıb. Bununla yanaşı, Qlobal Terrorizm İndeksi üzrə nəticələrə əsasən, ölkəmiz əvvəlki hesabat üzrə mövqeyini 34 pillə yaxşılaşdıraraq, ən təhlükəsiz ölkələr sırasında 1-ci pilləyə yüksəlib. Əlavə olaraq, gəlmə turizmində mövsümilik amili üzrə 39 pillə, illik sə­yahət və turizm məlumatlarının əhatəliliyi göstəricisi üzrə 28 pillə, Ümumdünya İrs Siyahısına daxil olan təbii nümunələrin sayına görə 29 pillə, rəqəmsal ödəniş­lər və 3G mobil şəbəkənin əhatə dairəsi göstəricilərində isə müvafiq olaraq 18 və 32 pillə irəliləyiş qeydə alınıb.

Qeyd olunanlar deməyə əsas verir ki, işçi qrupunun fəaliyyəti ölkə turizmi­nin inkişaf aspektlərinə müsbət təsirini göstərməkdədir. Dövlət qurumları və özəl sektorun bu yöndə koordinasiyalı iş pla­nı Azərbaycanın reytinq göstəricilərinin daha da irəliləməsinə öz bəhrəsini verə­cək. 

Ceyhun ALIŞLI
XQ

Mədəniyyət