Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Mərasimdən öncə iştirakçılar Heydər Əliyev adına Mərkəzi Parkda Ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra teatrın foyesində rəsm sərgisinə baxış keçirilib və “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasına dair videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov bildirib ki, yalnız keçmişin sənədləşdirilməsi deyil, həm də gələcəyə hesablanan milli yaddaş layihəsi olan bu kitab xalqımızın yaddaşına, məcburən ayrıldığı torpaqlarla bağlı tarixi gerçəkliyə və haqqa söykənən səsinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxışında “Qərbi Azərbaycan irsi” kitabını ciddi elmi-tədqiqat əsəri kimi dəyərləndirib. Onun sözlərinə görə, bu nəşr tarixi ədalətin bərpası, azərbaycanlıların soy-kökünün sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir.
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Əməkdar jurnalist, professor Xalid Niyazov qeyd edib ki, təqdim olunan kitabda yer alan sənədlər, fotoşəkillər və arxiv materialları Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi və mədəni irsin məqsədyönlü şəkildə məhvə məruz qaldığının sübutudur. İcmanın Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov, Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri Zaur Məmmədov və digərləri çıxışlarında bildiriblər ki, bu kitabda toplanan məlumatlar yalnız tarixi gerçəkliyin üzə çıxarılması üçün deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın mədəni dəyərlərini yaşatmaq məqsədi daşıyır. Bu cür tədbirlər isə Qərbi azərbaycanlıların geri dönüş əzmini daha da gücləndirir.
Mərasimdə xüsusi vurğulanıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu işlər yaxın gələcəkdə Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdacağına dərin inam yaradır.
XQ