Şəki hamamları da canlı tarixdir

post-img

Bu gün ölkə ərazisində memarlıq abidəsi kimi qorunan tarixi hamamlar öz funksionallığını itirsə də, xalqın adət-ənənələrinin, etnoqrafiyasının daşıyıcısıdır. Son dövrlərdə İsmayıllı rayonunda Basqal hamamının, Şuşada “Şirin su” hamamının bərpa olunması, bir daha sübut edir ki, hamam mədəniyyəti ümumi Azərbaycan mədəniyyətinin bir parçasıdır. Şəki hamamları da bu sıradandır.

Bütün müsəlman Şərqində olduğu kimi, Azərbaycanda da yalnız təmizlik üçün nəzərdə tutulmayıb, həm də ictimai həyatın mühüm bir hissəsi olan hamamlar əsasən məscidlərə yaxın və bəzən onlara bitişik şəkildə inşa edilmişdir. XIX əsrdə isə hamamlar həm varlı şəxslər üçün qazanc mənbəyi kimi, həm də ehsan məqsədilə tikilir və adətən sahibinin adı ilə tanınırdı.

Hazırda Şəki şəhəri ərazisində tarixi əhəmiyyətə malik 5 hamam – Məmmədnəbi (Dərə), Ağvanlar (Qoçu Abbas), Abdulsalam (Yeraltı/Pendir), Abdulxalıq və Hacı Qəni (Qışlaq) hamamları memarlıq abidəsi kimi qorunub saxlanılır. Bu hamamlar Şərq memarlığına xas ənənəvi planlaşma tərtibatına – içəri, bayır, xəznə və külxana kimi funksional bölmələrdən ibarət struktura malikdir. Şəki hamamlarının ən mütərəqqi cəhətlərindən biri də təknəfərlik, “nömrə” adlanan xüsusi çimmə otaqlarının olmasıdır. Bununla belə Şəkidə hər bir hamam özünəməxsus memarlıq detalları və tərtibat elementləri ilə seçilir. 1846-cı ildə dərc edilmiş “Kavkaz” qəzetinin 24-cü nömrəsində Şəki memarlığından bəhs olunarkən onun hamamları haqqında yazılmış kiçik bir qeyd bu tarixi abidələrin dəyərini anladır: “İçərisi kifayət qədər incə, gözəl və bir rəngdə rəsmlərlə bəzədilmiş hamamlar”.

“Kavkaz” qəzetinin 27 iyun 1898-ci il tarixli, 167-ci nömrəsində keçmiş Şəki xanlığından bəhs edən İ.Seqal Şəki əhalisinin hamama olan münasibəti belə təsvir edir: “Nuxanın (Şəki) şəhər əhalisi hamama getməyi, avropalıların klublara getməyi sevdiyi qədər sevir. Hətta qadınlar hamama gedərkən ən gözəl paltarlarını geyinir, bahalı baş geyimləri ilə bəzənirlər”. Məhz bu sevginin nəticəsi olaraq şəkili misgərlər “hamam seyfi” adlanan xüsusi portativ qablar hazırlamışlar. Bu mücrülərin üzərində müxtəlif həndəsi və nəbati ornamentlərlə yanaşı, qəzəl janrının görkəmli nümayəndələrindən biri sayılan Sədi Şirazinin hamam şeiri də nəşq olunurdu. Bu isə hamamın Şəkidə yalnız gigiyena məkanı olmadığını, həm də mədəni və ictimai həyat məkanı olduğunu göstərir.

Şəkidə əhali arasında ictimai hamamlar “el hamamı” adlanmış, onların inşasında əsrlər boyu Şərqdə mövcud olan qədim ənənələr qorunub saxlanmışdır. XIX əsrin ikinci yarısında hamamların memarlıq həllində Avropa təsiri də hiss olunmağa başlamışdır. Avropa memarlığı yalnız hamamların ümumi planlaşdırılmasına və interyer tərtibatına deyil, həm də fasad dizaynına təsir göstərmişdir. Əvvəllər yalnız günbəzdə yerləşən pəncərə açırımları və ya dairəvi yarıqlar vasitəsilə işıqlandırılan hamamlar, XIX əsrin ikinci yarısından etibarən fasad divarlarında açılan pəncərələr sayəsində daha işıqlı hala gətirilmişdir.

Şəkinin tarixi hamamlarından biri Məmmədnəbi hamamıdır. Bu hamam yer səthindən bir qədər dərinlikdə tikilmiş və fasadı olduqca sadə həll edilmişdir. Lakin memarlıq baxımından diqqət çəkən əsas element binanın giriş hissəsinin portal şəklində olmasıdır. İkipilləli sivri açırımlı portal içərisində yerləşən kiçik giriş bu hamamı digər tarixi hamamlardan fərqləndirir. Cümə məscidi kompleksinə daxil olan Abdulsalam hamamı da portal şəkilli girişə malikdir. Lakin Abdulsalam hamamının giriş hissəsi daha möhtəşəm və dekorativ həllər ilə zənginləşdirilmişdir.

Şəkinin tarixi mərkəzində yerləşən Ağvanlar hamamı ölkə əhəmiyyətli tarixi memarlıq abidəsi olaraq dövlət tərəfindən mühafizə olunur. XIX əsrin sonlarında tikilmiş Ağvanlar həmin dövrdə Şəkidə fəaliyyət göstərən beş hamamdan biri olub. Hamam ənənəvi strukturda, yerli inşaat materialları çay daşı və kərpiclə tikilib. İki böyük gümbəzi olan hamamın ümumi dam örtüyü kirəmitdəndir. Hamam iki böyük düzbucaqlı hissədən ibarətdir ki, bu hissələr də öz növbəsində kiçik otaqlara ayrılıb. Hamamda soyunma otağı, çimmək üçün ümumi zal, bir nəfərlik xüsusi otaq, paltar qurudan otaq və dəhliz var.

Ağvanlar hamamının giriş qapısının üzərində nəsx xətti ilə yazılmış kitabə ərəbdilli epiqrafik abidələrin oxunması üzrə mütəxəssis, AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı Habil Xəlilov tərəfindən tədqiq edilib və yazı haqqında aşağıdakı rəy verilib: “Kitabənin yuxarı künc hissəsində çaylaq daşına 1316 tarixi və döymə üsulu ilə üç sətir içərisində Qurani Kərimdən Əl-Qələm surəsinin 51-52 ci ayətləri həkk olunmuşdur. Kitabədə qeyd olunan 1316 (1898) çox güman ki, abidənin tikinti tarixidir.

Şəkidə toydan qabaq bəyin və ya gəlinin hamama aparılması bir ənənə idi. Qışlaqlı qadınlar Abdulsalam hamamına gedirdilər. Qışlaq hamamı da planlaşdırma baxımından digər ənənəvi Şəki hamamlarına bənzər struktura malik olmuş və yerli inşaat materiallarından istifadə edilərək inşa edilmişdir. Digər gigiyenik məkan – Hacı Qəni hamamı haqqında qeyd olunması vacib nüanslardan biri də onun təknəfərlik, nömrə hissəsinin kiçik günbəzlə örtülməsidir. Bu hamamın funksionallığına və istifadəçilərin rahatlığına xüsusi əhəmiyyət verilmişdir.

Hazırda Şəkidə fəaliyyət göstərən yeganə hamam “Abdulxalıq hamamı”dır. XIX əsrin əvvəllərində inşa olunmuş hamamın adının bərbər Abdulxalıqla bağlı olduğu rəvayət olunur. Bu abidə fasadında yerləşən lövhədə ülgüc, qayçı, “Məşədi İbad” personajının təsviri ilə maraq yaradır.

Zəminə RƏSULOVA,
Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi





Mədəniyyət