Gəncə qədim şəhərdir. Təkcə daşları, qalaları, min illik məscidləri ilə yox – ruhuyla, dastanlarıyla, insanlarıyla. Bu şəhərdə hər döngənin, hər məzarlığın, hər qədim qapının arxasında bir tarix yatır. Və o tarixlərin içində biri var ki, zaman onu əfsanəyə çevirib. Bu, Comərd Qəssabdır.
Comərd Qəssab – adı ilə özü qədər böyük bir insan. 7–8-ci əsrlərdə yaşamış bu şəxs təkcə Gəncənin deyil, bütün Azərbaycanın mənəvi yaddaşında mərdliyin, ədalətin, səxavətin rəmzinə çevrilib.
Adı “qəssab” olsa da, onun qılıncı qətldən daha çox ədalət üçün qınından çıxıb. Comərd elə bir insan olub ki, halal zəhmətlə qazandığını ehtiyacı olanla bölüşməkdən çəkinməyib. Qapısı kasıba, yolçuya, dərdliyə daim açıq olub. Onun haqq və vicdanla dolu ömrü xalq arasında o qədər məşhurlaşıb ki, qısa zamanda “xalq qəhrəmanı”, “Gəncənin qoruyucusu” kimi anılmağa başlayıb.
Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Gəncə sakinləri arasında yayılan rəvayətə görə, Comərd şəhərin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satar, heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırarmış. Onun haqqında danışılan bir əfsanədə deyilir ki, şəhəri talan etməyə gələn düşmənlərə qarşı təkbaşına müqavimət göstərib. Deyilənə görə, Comərd qılıncını çəkməzdən əvvəl dua oxuyar, “Haqsızdan qoru məni, ey Haqq!” – deyə yalvararmış.
...Bugünkü Gəncədə, qədim türbəylə əhatələnmiş bir səssizlik var. Bu, Comərd Qəssabın məzarının yerləşdiyi yerdir. Türbə illər boyu yadigar qalıb – nəinki daşlarıyla, həm də içində yaşatdığı ruhla. Əvvəllər unudulmuş, baxımsız halda olan bu abidə son illərdə ikinci nəfəsini tapıb.
2005-ci ildə, Heydər Əliyev Fondunun təşəbbüsü və Mehriban xanım Əliyevanın birbaşa dəstəyi ilə Comərd Qəssabın türbəsi bərpa edildi. Bu, təkcə bir abidənin restavrasiyası deyildi – bir mənəviyyatın, bir qəhrəmanın yenidən xalq yaddaşında doğulması idi. Fondun həyata keçirdiyi bu missiya, Gəncənin qədim tarixinə göstərilən hörmətin bariz nümunəsi kimi yadda qaldı.
Bərpa işləri zamanı türbənin ətrafı abadlaşdırıldı, ziyarətçilər üçün şərait yaradıldı. İndi buranı ziyarət edən insanlar sadəcə qədim bir məzarı görmür – burada tarixə, mərdliyə, ədalətə baş əyirlər.
Comərd Qəssabın adı bu gün də Gəncədə ehtiramla çəkilir, məktəblərdə şagirdlərə onun igidliyi haqqında danışılır. Gəncə gəncliyi Comərd kimi comərd, dürüst, qorxmaz olmağa can atır.
Comərd Qəssab yalnız bir əfsanə qəhrəmanı deyil – o, tarixdə izi olan, xalq tərəfindən tanınan, zamanla yoğrulmuş bir şəxsiyyətdir. Onun həyatı – bir millətin xasiyyətinin, bir şəhərin ruhunun təcəssümüdür. Bu gün türbəsinin qarşısında durub dua edən yaşlı nənənin dodaqlarında pıçıltı ilə “Allah Comərd Qəssabdan razı olsun!” deməsi onun bu xalqın qəlbində necə yaşadığını göstərir.
Tarix bizə əmanətdir. Hər bir daş, hər bir yazı, hər bir türbə əcdadın bizə dediyi söz kimidir. Comərd Qəssabın türbəsi də belə bir mirasdır. Və bu mirasın qorunması sadəcə dövlətin, aidiyyəti orqanların işi deyil. Bu, həm də xalqın vicdan məsələsidir. Tarixi qorumaq təkcə bərpa etmək deyil, onu yaşatmaq, onun mənasını gələcək nəsillərə ötürməkdir. Comərd Qəssab türbəsi də belə bir ruhani yerdir ki, yalnız daşlarla deyil, münasibətlə qorunmalıdır. Bu münasibət daha da genişləndirilməlidir. Məktəblərdə Comərd Qəssabla bağlı açıq dərslər, mədəniyyət evlərində onunla bağlı hekayələr səsləndirilə bilər. Turist bələdçiləri bu məkanı təkcə tarixi abidə kimi yox, mənəvi məkan kimi təqdim etməlidirlər.
Ən əsası Comərd Qəssabın adını qəlbdə yaşatmaqdır. Onun ədaləti, comərdliyi, xalqına sədaqəti hər birimizin həyatında örnək olarsa, bu türbə daşla yox, insanla yaşayacaq. Çünki bəzi insanlar ölür, unudulur.Bəziləri isə ölür – əfsanəyə çevrilir.
Comərd Qəssab ikinci qisimdəndir.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə