Milli kinomuzun yeni mükafatçıları

post-img

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kino xadimlərinin peşə bayramı olan 2 Avqust Azərbaycan Kinosu Günü münasibətilə mükafatlandırdığı kinematoqrafçıların adlarını açıqlayıb.

Yaradıcı qurumun katibliyinin qərarına əsasən, bu il üçün AKİ-nin ənənəvi mükafatına Pərviz Həsənov “Başlıbel – bir kəndin mühasirə gündəliyi” tammetrajlı sənədli filminin uğurlu rejissor həllinə görə, Daniel Quliyev “Kinomexanikin qayıdışı” və “Tənha insanın monoloqu” filmlərinin uğurlu vizual həllinə görə, Səbuhi Atababayev “Tağıyev: Neft” və “Bəlkə də” tammetrajlı bədii filmlərində uğurlu rəssam işinə görə və Fehruz Şamıyev Beynəlxalq film festivallarının təşkili, kinematoqrafiyamızın beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə laureat elan olunublar.

Qeyd edək ki, məqsədi milli kinoda müsbət tendensiyaları dəyərləndirmək olan AKİ-nin mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə verilir. Nominantların seçimi zamanı ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə təhlil olunur, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri əsas götürülür və laureatlar açıq səsvermə yolu ilə seçilir. Bu vaxta qədər Xalq yazıçısı Anar, kino rəssamı Firəngiz Qurbanova, diplomat və ictimai xadim Ramiz Abutalıbov, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu, aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, aktyor Fərhad İsrafilov, kinorejissor Murad İbrahimbəyov, kinorejissor Cahangir Zeynallı, operator Yuri Varnovski, bəstəkar Rauf Əliyev, rejissor Mirbala Səlimli, kinoşünas Sevda Sultanova, aktrisa Zülfiyyə Qurbanova, rejissor İlkin Yusif, animator Rəşid Ağamalıyev, prodüser İntiqam Hacılı, rejissor və prodüser Əli-Səttar Quliyev, prodüser Emil Nəcəf, aktyor Rasim Cəfər, prodüser Orxan Mərdan və başqa peşəkarlar bu nüfuzlu mükafata layiq görülüblər.

XQ

Mədəniyyət