Çempionlar Liqasına doğru

post-img

“Qarabağ” yoluna inamla davam edir

İrlandiyadakı ilk oyundan böyük hesablı (3:0) qələbə ilə dönən “Qarabağ” Bakıda da “Şelburn”a qalib gələrək (1:0) çətinlik çəkmədən UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinə yüksəlib. Yarışın liqa mərhələsinə, necə deyərlər, iki addım qalıb. Amma komanda ən azı UEFA Konfrans Liqasının əsas mərhələsinə düşməyi təmin edib.

Çempionlar Liqası 3-cü təsnifat mərhələsində rəqib isə Şimali Makedoniyada dörd illik fasilədən sonra çempionluğu qazanmış “Şkendiya” olacaq. Oyunlar avqustun 5-də rəqib meydanında və 12-də Bakıda keçiriləcək.

“Şkendiya” daha əvvəl UEFA Avropa Liqasının seçmə mərhələlərində “Neftçi” (2016-cı ildə 1:0, 0:0) və “Sumqayıt”dan güclü olub (2020-ci ildə 2:0). Bu komanda əvvəllər ən yaxşı halda üç dəfə Avropa Liqasının pley-offunda oynasa da, heç vaxt qrup/liqa mərhələsinə çıxa bilməyib. Belə baxanda, rəqib əlverişlidir. Amma “Qarabağ”ın son oyunları bir qədər düşündürür.

Bakıda “Şelburn”la cavab oyununda “Qarabağ” bütün statistik göstəricilərdə üstünlük əldə etsə də, real təhlükəli vəziyyətlərin sayı az idi, komanda hücumda “dişsiz” görünürdü. Baş məşqçi Qurban Qurbanov da bunu etiraf edir - komanda optimal formada deyil. Kadi Borgesin penaltidən yararlana bilməməsi də oyunun ümumi ab-havasını əks etdirirdi. Amma baş məşqçi bu məqamı dramatikləşdirmir. Həqiqətən də, penalti futbolun bir hissəsidir və dünyanın ən yaxşı oyunçuları belə uğursuzluğa düçar ola bilirlər. Əsas məsələ, bu cür epizodların oyunçunun psixologiyasına mənfi təsir etməməsidir.

İstənilən halda, həmin Kadi, eləcə də kapitan Abdullah Zubir əvvəlki formalarında deyillər. Komandada dinamika azalıb, temp aşağı düşüb. Zədəli Marko Yankoviçun yoxluğu da meydandakı hərəkəti, ötürmələrin ritmini xeyli dərəcədə təsirləndirir. “Qarabağ”a hücum xəttində liderlik edə biləcək forvard lazımdır. Əgər məqsəd Çempionlar Liqasının liqa mərhələsidirsə - və məqsəd, şübhəsiz ki, budur – bu heyətlə bu səviyyədə mübarizə aparmaq çox çətin olacaq.

“Qarabağ” ardıcıl 12 mövsümdür avrokuboklarda qrup/liqa mərhələsinə vəsiqə qazanır. Bu, təsadüfi deyil - məşqçi işinin və düzgün strategiyanın nəticəsidir. Amma hər sabitlik bir nöqtədən sonra yenilənməyə ehtiyac duyur. Komanda bu mərhələdədir.

“Qarabağ” bu gün Azərbaycanın təkcə ən güclü klubu deyil, həm də futbolda ümidin və sistemli inkişafın simvoludur. Amma futbol yalnız keçmişlə yaşamaq deyil, gələcəyi də planlamaq lazımdır. “Şkendiya” ilə oyunlar bu gələcəyin hansı səviyyədə olacağını göstərəcək.

Əgər transferlər vaxtında baş tutsa, oyunçular forma yığsa və taktiki planda rəqiblərə uyğun çeviklik göstərilsə, “Qarabağ” üçün Çempionlar Liqasaının əsas mərhələsi tam real ola bilər. Amma bu məqsədə çatmaq üçün zaman az, iş isə çoxdur…

Rasim MÖVSÜMOV
idman icmalçısı



İdman