Surxandəryanın sirli keçmişi – Kampırtəpə, Zurmala və Ayritam

post-img

III yazı

İtmiş şəhər – Kampırtəpə Termezin 30 kilometrliyində, Amudərya çayı­nın sahilində yerləşir. 2018-ci ildə arxeoloq alimlər sübut ediblər ki, Make­doniyalı İskəndərin iqamətgahı, qədim Oksian İskəndəriyyəsi şəhəri məhz bu torpaqlarda mövcud olub. Qazıntılar nəticəsində böyük sərkərdənin bu yerlərə gəlişini sübut edən çox sayda eksponat aşkar edilib.

Kampırtəpə xəndəklərlə əhatə olunan qaladan və qübbəli qala divarlarının içəri­sində yerləşən “Aşağı şəhər”dən ibarətdir. Bu qədim qalada hələ eramızdan əvvəl IV əsrin sonlarında insanlar məskən salıblar. “Aşağı şəhər” isə eramızın birinci əsrində salınıb.Vahid plan əsasında tikilən “Aşağı şəhər” mərkəzi küçə vasitəsilə şərq və şi­mal hissələrə ayrılıb. Buradakı 2–5 otaqlı kiçik evlərdə ocaqlar və taxıl saxlamaq üçün qablar tapılıb. Tapıntılar arasında 1000-dən çox sikkə, üzərində hazırlandığı tarix yazılan saxsı qablar, bürünc, gümüş və sümükdən düzəldilmiş bəzək əşyaları, yunan dilində yazılar, kxaroştxi dilində qarağac qabığı üzərində nadir əlyazma­lar var. İncə papirus üzərində qara tuşla kursivlə yazılan Baktriya əlyazmaları isə Orta Asiyada ən qədim yazı növü hesab edilir.

Kampırtəpədə Buddanın qırmızı gil­dən nadir heykəli də aşkar edilib. Bardaş quraraq oturan Budda əllərini ayaqlarının üstünə qoyub. Uzunsov qulaqcıqları olan Buddanın saçları arxadan yığılıb, boynun­da qrivna adlanan boyunbağı var.

Kampırtəpədə müxtəlif mədəniyyətlər və dinlər kəsişib. Bu torpaqlarda zərdüştlər, buddistlər, qədim yunan allahlarına sitayiş edən insanlar yaşayıblar. Yeni eranın II əsrinin ortalarında Amudərya çayının sə­viyyəsi yüksəldikdən sonra insanlar buranı tərk ediblər.

Kampırtəpə antik şəhəri UNESCO-nun mədəni irs abidələri siyahısına daxil edilib.

Köhnə Termez xərabələrinin şi­mal-şərq hissəsində buddizmin rəmzi olan 12 metr hündürlüyündə Zurmala buddist qalası ucalır. Qala eramızın I–II əsrlərində Kuşan səltənəti dövründə tikilib. O zaman Orta Asiya regionunda buddizm geniş ya­yılmışdı.

Zurmala qalası uzun illər ərzində for­masını dəyişib palçıq təpəyə çevrilsə də onun buddist tikilisi olduğu müəyyən edi­lib. Qala çiy kvadrat kərpicdən inşa olu­nub. Kərpiclərin üzərində düz xətt və iki oyuq şəklində damğa var. Belə kərpiclər Baktriyada yalnız Kuşan səltənəti dövrünə aiddir. Tikinti zamanı bir milyon 200 min kərpicdən istifadə olunub.

Min illər bundan əvvəl Zurmala tipli qalalar regionda yaşayan əhali üçün böyük əhəmiyyət kəsb edib. Orta və Cənub–Şərqi Asiyada tapılan bu cür qalalar Buddanın ölümünü və onun dəfn olunduğu yeri sim­volizə edir. Qalanın təpəsindəki xüsusi ka­merada “Allahın evi” adlanan kub forma­sındakı qutuda Buddanın geyimləri, onu əks etdirən fiqurlar, qiymətli metallar və daşlar, Allahın qüdrətinin rəmzi olan taxıl məhsulları saxlanılıb.

Zurmalada aparılan qazıntılar göstə­rib ki, ilk əvvəl o, ağ daş lövhələrlə örtülü özül üzərində dururmuş. Qalanın özü isə diametri 14,5 metr olan silindrşəkilli qüllə formasında olub. Çiy kərpicdən tikilən qül­lənin “şərəf çətirləri” formasındakı qübbə­sində buddizm dövrünə aid mətnlər, Budda fiqurları mühafizə edilib. “Şərəf çətirləri” bir-birinə millərlə birləşdirilirdi. Buddizm­də çətir zadəganlıq, zənginlik rəmzi sayı­lırdı. Bu cür çətirli evlərə Çində, Koreyada və Yaponiyada rast gəlmək olur. Buddistlər inanırdılar ki, çətirlər onları başqa dünya­ların bəd qüvvələrindən qoruyur.

Bir vaxtlar Termezin 18 kilometrli­yində Ayritam adlı liman-şəhər yerləşib. Orta Asiyada buddizm yayıldıqdan sonra bu ərazidə buddizmə aid müxtəlif abidələr tikilməyə başlayıb. Kuşan səltənəti döv­ründə Ayritamda ərazisi 3 kilometr olan nəhəng buddist məbəd-monastır komplek­si fəaliyyət göstərib. Çiy kərpicdən inşa olunan kompleksdə ziyarətgah, təsərrüfat otaqları olub. Bizim dövrə yalnız divarla­rın qalıqları gəlib çatıb.

Qazıntılar nəticəsində tapılan löv­hələrin üzərindəki yazılar tikintinin hansı mərhələlərlə aparıldığından xəbər verir. Təəssüf ki, uzun müddət suyun altında qaldığından yazıların çoxu silinib. 1932-ci ildə akademik M.E.Massonun rəhbərliyi altında aparılan tədqiqatlar zamanı Amu­dərya çayının dibindən üzərində insan şə­killəri olan lövhələr tapılıb.

Bir il sonra isə daha 7 lövhə və buddist məbədinin qalıqları aşkar edilib. Eramızın I–II əsrlərinə aid olan lövhələrin üzərində ud, arfa, çiltar və çanq musiqi alətlərində çalan musiqiçilər, başlarında gül çələnglə­ri olan, əllərində meyvə dolu qablar tutan gənc oğlan və qızlar təsvir olunub. Per­sonajların hər birinin qulaqlarında sırğa, boyunlarında muncuqlar var. Bütün bunlar Budda ilə vida mərasimini əks etdirir. Belə hesab edilir ki, Budda son mənzilə musiqi sədaları altında gül-çiçəklə yola salınmalı­dır. Hazırda Ayritam lövhələri Sankt-Peter­burqda Ermitaj muzeyində saxlanılır.

Özbəkistanda ardıcıllarının sayına görə İslam, xristianlıq, iudaizmdən sonra buddizm dördüncü yeri tutur. Ölkədə bud­dizmə aid 20-dən çox abidə var. Onlardan çoxu ölkənin cənubunda, Surxandərya vi­layətində yerləşir. Hər il Tailand, Çin, Ko­reya, Myanma, Malayziya, Yaponiyadan yüzlərlə rahib, zəvvar, turist bu müqəddəs yerlərə ziyarətə gəlir.

Özbəkistanda ziyarət turizminin inki­şafına böyük diqqət yetirilir. Təsadüfi deyil ki, 2019-cu ildə imzalanan Buxara bəyan­naməsində Özbəkistan ziyarət turizminin mərkəzlərindən biri elan edilib. 

Qulu KƏNGƏRLİ,
“Xalq qəzeti”nin xüsusi müxbiri 

Termez





Sosial həyat