VI MƏQALƏ
Bütün müharibələrdə qələbə əvvəlcə insan şüurunda qazanılır.
Janna d`ARK
Şəhidlik – ölümsüzlük zirvəsi
Burada “şəhid” sözünün semantik mənasına qısa nəzər salmaq lazım gəlir. Terminin mənbəyinin ərəbcə “şahid”dən olduğunu yazırlar. Onun dini tərifi belədir: “Şəhid – yüksək amal, məslək, əqidə, yurd, Vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir”.
Deməli, “şəhid” sözü semantik olaraq müharibədə kafirlərə qarşı mübarizədə həyatını itirmiş sadiq müsəlmanı ifadə edir. Burada şəhidin dinini, Vətənini, şərəfini, ailəsini qoruyanda özünü qurban verməsi nəzərdə tutulur. Ən-Nəvavi yazır: “Allah özü şahidlik edir ki, şəhidlər cənnətdə olacaqlar”.
Qurani-Kərimin “Əl-Bəqərə” və “Əl-İmran” surələrində şəhidliklə bağlı iki ayə var. Onların məzmunu belədir:
“Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (Əl-Bəqərə surəsi, 154-cü ayə).
"Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur" (Əl-İmran surəsi, 169-cu ayə).
Bu istiqamətdə dərinliklərə baş vurmayaq. Şəhidlikdə iki məqam yuxarıdakı dini izahlardan aydın görünür: Birincisi, Vətən, din, ailə uğrunda insanın özünü qurban verməyə hazır olması, ikincisi, bu yolda canını verənlər, əslində, ölümsüzdürlər və hətta, “yenidən şəhid olmaq üçün can atarlar” (Məhəmməd Peyğəmbər s.ə.s.).
Bu məqamları ümumiləşdirsək, şəhidliyi ölümsüzlüyə aparan yol kimi fəlsəfi təsəvvür edə bilərik. Burada onu vurğulayaq ki, fəlsəfi təsəvvür artıq məntiq tələb edir, ona görə də dini izahdan fərqlənə bilər. Belə alınır ki, Vətəni qorumağa xidmət edən savaşda həyatını itirən insan, əslində, ölümsüzlüyə qovuşmuş olur. Bu mənada onun davranışı müqəddəsdir. Şəhidin adı, amalı və xatirəsi də müqəddəsdir. Bu müqəddəslik başqa dəyərlərdən fəlsəfi olaraq fərqlənir.
Şəhidin adının və xatirəsinin müqəddəsliyi onun ailə, din, Vətən uğrunda özünü qurban verməsindən qaynaqlanır. Burada başlıca motivəedici funksiyanı insanın (Vətən müharibəsində əsgərin) daxili fədakarlığa can atması keyfiyyəti yerinə yetirir. Yəni şəhidlik əmr və ya göstərişlə olmur – insan özü daxilən buna can atır! Bu, çox mühüm məqamdır.
Məsələ Vətən müharibəsinin fəlsəfəsi baxımından onunla əlaqəlidir ki, fərdin daxili fədakarlığa can atması toplum miqyasında mütəşəkkiliyi formalaşdıran və onu mənəvi olaraq stimullaşdıran dəyər rolunu oynayır. Buradan Azərbaycan cəmiyyətində Vətən uğrunda savaşda şəhidliyin bütövlükdə toplumun özünütəşkilinə, mütəşəkkiliyinə və ortaq dəyərlərə sahib olmasında mühüm rol oynadığı qənaətini ala bilərik.
Başqa sözlə ifadə etsək, şəhidlik feili olaraq fərdi xarakterli qərar-davranışdırsa, onun birbaşa cəmiyyət miqyasında özünütəşkilə, mütəşəkkil davranış modellərinə yiyələnməkdə ciddi təsiri olur. Bu da öz növbəsində Azərbaycan cəmiyyətinin özünüyaratması prosesində fərdi fədakarlığın kollektiv davranışa transformasiyasının özünəməxsusluğu deməkdir.
Bu özəlliyin başlıca fəlsəfi mənası ondan ibarətdir ki, Vətən, din və ailə qoruyucusu özünü cismən qurban verir ki, mənən bütövlükdə toplumu ölümsüz etsin! II Qarabağ savaşının Vətən müharibəsi olaraq başlıca özəlliklərindən biri kimi bu keyfiyyəti hesab edirik.
Beləliklə, şəhidin ölümsüzlüyünün bu dünyada təsdiqi, uğrunda qurban getdiyi ailəsi, dini, Vətəni və dövlətini ölümsüz etməklə, onların əbədi var olmalarına xidmət göstərməklə sıx bağlıdır! Eyni zamanda, şəhidliyin fərdlərin toplumun özünüyaratması üçün hazır olduqları daxili fədakarlığın təsdiqlərindən biri kimi qiymətli olduğunu görürük.
Azərbaycanlı mentalitetində şəhidlik ölümsüzlüyün rəmzi kimi maraqlı fenomendir. Burada şəhidolma anında təhtəhşüurla şüurun iştirak nisbəti, bizcə, xüsusi araşdırılmalıdır. Çünki yaşamaqdan ölümə kritik situasiyada transfer etmək mürəkkəb psixoloji aktdır. İnsan kritik situasiyada bu qərarı şüurlu və ya qeyri-şüuri verdiyinin fəlsəfi dərki asan deyildir. Görünür, bu kimi suallara cavab axtarışları şəhidliyin astanasından dönmüş qaziliyin dərkində aparıla bilər.
Bütün bunların fonunda şəhidliyin fəlsəfəsində başqa bir aspektin də üzərində dayanmaq olar. Məsələ ondan ibarətdir ki, şəhid olmaq həm də bu dünyadan ayrılmaq deməkdir. Uğrunda qurban getdiyin ailədən, sevdiklərindən, yurddan, Vətəndən cismən əbədi ayrılmaq deməkdir.
Bu dünyada qalan sevdiyin insanların qəlbində rəmzə, xatirəyə, arzuya, qəhrəmanlıq xəyalına çevrilmək deməkdir. Həmin anlamda şəhidlik, həm də bu həyatda ruhlarda ruh kimi, qəlblərdə döyüntü kimi, könüllərdə məsum xəyali sevgi kimi, ürəklərdə vətənsevərliyə atəş kimi əbədi qalmaq deməkdir. Eyni zamanda, kimlərinsə qəlbində qubardır, həsrətdir, göz yaşıdır...
Nəhayət, şəhidlik ailəsevərliyin, yurd-sevərliyin, vətənsevərliyin, fədakarlığın, dinə sədaqətin Allaha salamıdır!
Yeri gəlmişkən, Azərbaycanda şəhidliyin obrazlı poetik ifadələri az deyildir. Rüstəm Behrudinin yaradıcılığında bunun müxtəlif məcazi ifadələrinə rast gəlinir. R.Behrudi bu dünyadan əbədi qaranlığın dərinliklərində qərq olaraq, o dünyada təmizlənib, yenidən millətinin qulluğuna qayıtmağı poetik təsvir etmişdir. Bu, şəhidliyin maraqlı surətdə yenidən dirilməsi kimi də təsəvvür edilə bilər. Çünki hüdud-suz əngəlliklərin sonsuzluğuna qərq olmaq özlüyündə o zaman şəhidlik olur ki, bunu Vətən, millət naminə edəsən. Şair onu məhz Vətən, millət naminə “qayıdış arzusu” kimi ifadə edir. Əbədiyyətə baş vurur ki, bu dünyada milləti üçün yararlı olsun! Yəni şəhid olur ki, sonradan dirilib yenidən şəhid ola bilsin! Bu mənada R.Behrudiyə görə, şəhid özünü qaranlıq dünyada həlak etmir – Vətənə faydalı olmaq naminə rəmzi mənada özünü qurban verir!
Vətən müharibəsində şəhidlik isə bu dünyada fiziki olaraq, cismən özünü qurban vermək şücaətidir! Bu, bir tərbiyə, həyat seçimidir! Həyata baxış və onun çətinliklərinə reaksiyadır! II Qarabağ savaşını bu mənalarda şəhidliyin təntənəsi adlandıra bilərik. Minlərlə azərbaycanlı gənc ailəsi, yurdu, Vətəni, şərəfi, namusu naminə “uf” demədən canından keçdi!
Onların hər birinin qəhrəman sinəsində qürur duyduğumuz bir nişanələri vardır. O, Şuşada şəhid qanından yoğrulmuş daş üzərinə sancılmış şanlı Azərbaycan Bayrağıdır! O bayraq şəhidliyin və müstəqilliyin əbədi rəmzidir! Kökündə şəhidlərimizin al qanı, özündə kimliyimizin üç rəngi ilə əbədi dalğalanacaq! Şəhidlərin ölməzliyi Bayrağımızı da əbədi etmişdir! Bütün bunların tarixi rəmzi liderimizin məşhur kəlamlarında yaddaşlara həkk olunmuşdur: “Qarabağ Azərbaycandır!”, “Sən azadsan, Şuşa!”
Qazilik fəlsəfəsi
Alimlər “qazi” sözünün ərəbcədəki “qəzənfər, qəz, qəzavət” sözləri ilə eyni kökdən olduğunu yazırlar. Mənası “qalib gələn, müzəffər olan” deməkdir. Yəni qazi din, ailə, yurd, Vətən uğrunda savaşan və qalib gələn insandır. Qazi bu mənada mübarizə aparan, haqsıza, ədalətsizə, təcavüzkara qaşı savaşan əsgərdir.
Qazinin şəhiddən fərqi cismən sağ qalmasıdır (onun yaralanıb, yaralanmamasının bu anlamda mənası yoxdur). Qazilik savaşda zərər görüb-görməməklə deyil, nəyin uğrunda savaşmaqla müəyyən edilir. İnsan azadlığı, dövlətin müstəqilliyi, ailə, yurd, Vətənin qorunması, dini uğrunda savaşırsa, qazidir. Deməli, Vətən müharbəsində qazi müzəffər olan, qalib gələn savaşçıdır! Onun fəlsəfəsinə bu mənadan yanaşmağa çalışacağıq.
Qalib əsgər Vətən müharibəsinin yaddaşı, dəyəri və rəmzidir. Qazi xatirəsinə döyüş səhnələri daşıyan və başqalarına danışan müharibə iştirakçısıdır. Qaziliyin ruhunda qəvi düşmənlə mübarizənin əzmi yaşayır. Buna görə qazilərlə görüş çox vacibdir. İnsanlar qazinin gördüyü, iştirak etdiyi döyüş anlarını təkrar özündə yaşayır. Bununla qaziliyin müharibədən sonra cəmiyyətlə baş vermiş savaş arasında mənəvi, psixoloji, informasiya “mediatoru” olması kimi əhəmiyyətli funksiyasını aydınlaşdırmaq olar.
Bunun təsiri istənilən təbliğatdan üstündür. Çünki ən yaxşı təbliğat şəxsi nümunədir. Bir epizodu xatırlamaq istərdik. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Vətən müharibəsinin bir qazisi ilə görüş keçirilirdi. Qazi müharibədən belə bir səhnə danışdı: “Səngərdə düşmən bizi çox sıxışdırmışdı. Aramsız atəş açırdılar. Mən dözmədim və ayağa qalxmaq istəyib atəş açmağa çalışdım. Komandirim çiynimdən basıb aşağı oturtdu və dedi; “Sən ailəlisən, övladların var. Qalxma, mən subayam. Bunu deyib səngərdə ayağa qalxdı və aramsız atəş açdı. Bir qədər sonra ayağından yaralandı”.
Qazinin bu canlı söhbəti Vətən uğrunda savaşanların gözəl keyfiyyətlərini əyani olaraq fakt üzrə ifadə edir. İki azərbaycanlı döyüşçünün kritik anda bir-birinə dəstək olmasının fəlsəfi-psixoloji məqamını aydınca ortaya qoyur.
Azərbaycanın Vətən uğrunda savaşçısı üçün döyüş yoldaşının mənəvi-əxlaqi və ailə dəyərləri müqəddəsdir. Vətən Müharibəsinin əsgəri döyüş yoldaşının ailəsini özünün canından üstün tutur. Şəhid olmağa hazırdır ki, ailə və övladlar sağ qalsın. Onlar sağ qalsın ki, Vətən yaşasın! Millət sağ olsun! Bu, azərbaycanlı passionarlığının əsrlərdən gələn nümunəsidir. Azərbaycan əsgəri döyüş yoldaşını xilas etmək üçün özünü qurban verə bilər.
Bu, mentalitetimizdə o qədər dərinə keçmişdir ki, hətta azərbaycanlı xidməti zamanı başqalarına da eyni münasibət göstərir. Bunun konkret nümunələrindən biri qarabağlı əsgər (təsadüf, yoxsa tarixin “gizli əli”?) Rahib Məmmədovun Gürcüstanda sel daşqını zamanı tanımadığı gürcüləri xilas etməsidir.
Rahib əsgər kimi ilk xilasetmə əməliyyatından sonra ikinci dəfə suya baş vurmaya da bilərdi. Və ya yanındakı gürcü və rus əsgərlərin hərəkət etməsini istərdi. Lakin o, türk oğlu kimi çətin vəziyyətdə olan Allah bəndələrini ölümün pəncəsindən qurtarmaq üçün özünü fəda etməyə, qurban getməyə üstünlük verdi.
Bunun doğru və ya yanlış olduğunu müzakirə etmək başqa məsələdir. Və bu kimi müzakirələrin azərbaycanlı mentalitetini dəyişə biləcəyinə ümid etmək də absurddur – Rahib ikincə dəfə də həyata gəlsəydi, eyni cür davranardı. Əsas məsələ ondan ibarətdir ki, əsrlərin sınağı azərbaycanlı mentalitetində qaziliklə şəhidliyi bir “almanın iki üzü” kimi birləşdirmişdir. Azərbaycanlı qazilikdən şəhidliyə çox asanlıqa keçə bilir!
Bəlkə də bu maraqlı transformasiya Vətən müharibəsində qaziliyin fəlsəfəsinin mərkəzi dəyərini təşkil edir. Bu mənada qazilər bu dünyada şəhidlərin ruhunu öz canında daşıyan və onunla həmişə qürurlanan “canlı şəhidlərdir”! Qazilər şəhidlərimizin bizə salamıdır! Əleyküməssalam!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru