III Şuşa Qlobal Media Forumu barədə düşüncələr
Mənim Azərbaycanla ilk tanışlığım bu ölkədə ötən ilin payızında uğurla keçirilən qlobal COP29-la bağlı olub. Heç ağlıma gəlməzdi ki, həmin ilk təmas Azərbaycana qarşı məndə dərin bir maraq oyadacaq, nəhayət, məni III Şuşa Qlobal Media Forumu üçün tarixi Şuşa şəhərinə gətirəcək.
Şuşa: tarix və müasirliyin qovuşduğu məkan
III Şuşa Qlobal Media Forumuna qatılmaq məqsədilə Azərbaycana qayıtmağım, bu qədim ölkənin zəngin tarixinə və rəngarəng mədəniyyətinə dərindən bələd olmaq üçün əla bir fürsət oldu. Bəlli idi ki, bu, sıradan bir media konfransı deyil. Texnoloji təminat əla idi, logistika qüsursuz təşkil olunmuşdu. İştirakçıların qlobal media məsələlərinə dərindən nüfuz etmələri üçün də hər bir cizgi düşünülmüşdü.
İştirakçılar həm qlobal media çağırışlarını müzakirə etmək, həm də Şuşanın tarixi əhəmiyyətə malik məkanlarını kəşf etmək imkanına malik idilər. Mədəni proqramlar və yüksək səviyyəli hökumət rəsmiləri ilə keçirilən görüşlər qonaqpərvər mühit yaratmışdı.
Bu yanaşma mükəmməlliyin təcəssümüdür. Özünü daha dərindən tanıtmaq istəyən bir çox ölkələr Azərbaycanın təcrübəsindən nümunə götürə bilər. Azərbaycan təkcə bir media forumuna ev sahibliyi etmədi. Qonaqların ölkənin uğur hekayəti, dəyərləri və məqsədləri ilə səmimi şəkildə tanış olmalarına şərait yaratdı. Mədəni diplomatiyanın bu strateji yanaşması effektiv ölkə brendinin həqiqi anlaşma və uzunmüddətli təəssürat yaratmaqdan ibarət olduğunu nümayiş etdirdi.
Davamlılıq rəmzi
Şuşa haqqında məni ən çox təsirləndirən məqam onun milli iradənin canlı simvolu olaraq daşıdığı güclü rəmzi mənası oldu. Bu şəhər bir millətin işğaldan sonra necə yenidən yüksələ, hərtərəfli şəkildə bərpa oluna və öz irsini dönməz qətiyyət, birlik və uzaqgörən liderliklə geri qaytara biləcəyinin misilsiz nümunəsidir. Bu hekayət sülhə, bərpaya və suverenliyin yenidən qazanılmasına doğru irəliləyən bir çox Afrika ölkələri üçün gözəl nümunədir.
Şuşanın məscidlərinin, musiqi ənənələrinin və abidələrinin bərpası sadəcə fiziki yenidənqurma deyil. Bu, bir kimliyin dirçəlişidir. Afrikalı müşahidəçi olaraq mən bu prinsipi dərindən hiss etdim, çünki mədəniyyətin bərpasının həqiqi suverenliyin bünövrəsi olduğunu yaxşı bilirəm.
Bu anlayış Afrika İttifaqının 2025-ci il üçün qəbul etdiyi “Afrikalılar və Afrika mənşəli insanlar üçün ədalət: təzminatlar vasitəsilə” mövzusu ilə mükəmməl şəkildə üst-üstə düşür. Bu mövzu 2026–2036-cı illəri əhatə edəcək onillik bir hədəf halına gətirilib.
Media savadlılığı və informasiya təhlükəsizliyi
Panel müzakirələrimiz media savadlılığı və onun informasiya təhlükəsizliyindəki vacib rolu ətrafında cəmlənmişdi. Ortaq razılıq vardı ki, düzgün informasiya yayımı təkcə medianın deyil, həm də hökumətlərin və özəl sektorun, xüsusilə sosial media platformalarının birgə səyləri ilə təmin olunmalıdır.
Çünki dezinformasiya bu platformalarda düzgün məlumatdan daha sürətlə yayılır. Bu müzakirələr mediada çalışan peşəkarların üzləşdiyi ümumbəşəri çağırışları və bu problemlərin bütün sektorlarda nizamlanmasının vacibliyini önə çıxardı.
Prezidentin liderliyi
Azərbaycan Prezidenti cənab İlham Əliyevin forum çərçivəsində media ilə qarşılıqlı səmimi münasibəti məni xüsusilə təsirləndirdi. Onun yanaşması həssas və açıq idi – heç bir suala qadağa yox idi. Prezidentin hər bir suala şəffaf şəkildə cavab verməsi qeyri-adi bir liderlik nümunəsi oldu. Bu pozitiv nümunə təkcə media ilə qarşılıqlı münasibətlə məhdudlaşmır, eyni zamanda özündə Azərbaycanın ümumi inkişaf tarixçəsini ehtiva edir.
Prezident İlham Əliyev Qarabağın yenidən qurulmasında yalnız fiziki deyil, həm də emosional və strateji cəhətdən şəxsən iştirak edir. Onun bu missiyaya bağlılığı göstərir ki, aydın milli təəssübkeşlik və qətiyyətli liderlik birləşəndə yüksək nailiyyətlər əlçatan olur. Uğurlu inkişaf güclü və məqsədyönlü liderliklə başlayır.
İnkişaf və tərəqqinin mənzərəsi
III Şuşa Qlobal Forumu Azərbaycanda baş verən inkişaf və tərəqqinin əhatəli mənzərəsini təqdim etdi. Texnoloji irəliləyişlərlə mədəni irsin qorunmasının ahəngdar şəkildə inteqrasiyası, yalnız infrastrukturun deyil, eyni zamanda milli kimliyin yenidən qurulmasına olan sədaqət və qlobal media çağırışlarına açıq şəkildə yanaşma – bütün bunlar keçmişinə hörmətlə yanaşaraq gələcəyə inamla addımlayan bir xalqın dərindən anlaşılması və qəbul edilməsii üçün zəmin yaratdı.
Bütövlükdə, Şuşa Qlobal Media Forumu bir ustad dərsi idi. Azərbaycan sübut etdi ki, effektiv ölkə brendi yaratmaq sadəcə parlaq şüarlar və təmtəraqlı təqdimatlar deyil. Bu, dünyaya ölkənin həqiqi xarakterini hiss etdirmək üçün imkanlar yaratmaqdır.
Afrika və digər regionlar üçün dərslər
III Şuşa Qlobal Media Forumunda qazandığım təcrübə uğurlu milli inkişafın universal prinsiplərini bir daha təsdiqlədi: uzaqgörən liderlik, mədəni irsin bərpası, inklüziv tərəqqi və imkanlarla yanaşı, çağırışları da açıq şəkildə qarşılaşmaq cəsarəti.
Azərbaycanın Şuşada əks olunan parlaq nümunəsi inkişaf və bərpa istiqamətində səylərini davam etdirən Afrika ölkələri üçün dəyərli dərslər təqdim edir: qətiyyət, birlik və strateji çağırışları zəfərə çevirmək bacarığı!
Forum təkcə qlobal media ilə bağlı mühüm məsələləri müzakirə etmədi, eyni zamanda Azərbaycan adlı bir ölkənin öz tarixi irsinə necə hörmətlə yanaşaraq gələcəyini qurmaq qabiliyyətini nümayiş etdirdi. Afrikanın davamlı inkişafına və güclənməsinə sadiq olan bizlər üçün Şuşa həm ilham mənbəyi, həm də ideallarla qətiyyətin qovuşmasının praktik nümunəsidir.
Zipporah MAUBANE,
Afrika İttifaqının İnkişaf Agentliyinin kommunikasiya meneceri,
(JAMBO AFRICA online)