Tehranda keçiriləcək toplantı, əslində, nəyi hədəfləyir?
İran İslam Respublikasının rəsmi dairələri kimi media qurumları və ekspert çevrələri də Zəngəzur dəhlizinin açılması məsələsinə xüsusi həssaslıqla yanaşırlar. Bu həssaslıq regionda baş verən proseslərin Tehranın strateji maraqlarına necə təsir edəcəyi ilə bağlı narahatlıqlardan qaynaqlanır. İranın həm rəsmi şəxsləri, həm də analitikləri dəhlizin reallaşmasını təkcə iqtisadi-logistik nöqteyi-nəzərdən deyil, həm də təhlükəsizlik və geosiyasi aspektlərdən dəyərləndirirlər. Bu baxımdan müxtəlif platformalarda dəhliz ətrafında müzakirələrin intensivləşməsi təsadüfi deyil. Tehran son dövrlərdə bu məsələni diqqət mərkəzində saxlamaqla həm daxili ictimai rəyə, həm də regional aktorlara mesaj verməyə çalışır. Bu mənada avqustun 5-də Zəngəzur dəhlizi ilə bağlı Tehranda keçirilməsi nəzərdə tutulan konfrans maraq doğurur.
Məlumatı İranın “Mehr” informasiya agentliyi yayıb. Bildirilib ki, birgünlük konfransın təşkilatçıları “Mehr” və Ermənistanın “Orbeli” analitik araşdırmalar mərkəzidir. Konfrans “Zəngəzur dəhlizi: İrana qarşı geosiyasi təhdidlər və müxtəlif aktorların perspektivləri” adı altında təşkil olunacaq. Toplantıda açılış nitqi ilə “Mehr”in icraçı direktoru doktor Mehdi Rəhməti çıxış edəcək. Konfransda hər iki qonşu ölkədən (?) tədqiqatçıların və jurnalistlərin iştirak edəcəkləri bildirilib. Qeyd edilib ki, M.Rəhmətinin çıxışından sonra Ermənistanın “Orbeli” mərkəzinin tədqiqatçıları, o cümlədən Nver Davtyan, Janna Vardanyan, Edvard Bukracyan və Conni Melikyan dəhlizin regional təhlükəsizliyə təsiri ilə bağlı öz təhlillərini təqdim edəcəklər.
“Mehr” tədbirdə iranlı ekspertlərdən Dariuş Səfərnejadın, Şoaib Bəhmanın, Ehsan Movahedianın və Məhəmmədrza Moradinin, habelə Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçekin də qatılacağını və hazırlamış olduqları analitik materialları təqdim edəcəklərini vurğulayıb.
***
Qeyd etdiyimiz kimi, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin təkcə region ölkələrinin rəsmi dairələri arasında deyil, eyni zamanda, analitik və ictimai platformalarda da intensivləşməsi təsadüfi deyil. Tehran konfransı da məhz bu maraq və narahatlığın ifadəsi kimi dəyərləndirilə bilər. İranın regionda tanınmış, ölkənin hakim dairələrinə yaxınlığı ilə seçilən informasiya agentliyinin təşkilatçı kimi çıxış etdiyi tədbir, eyni zamanda, Ermənistanın “Orbeli” analitik mərkəzi ilə əməkdaşlıq şəraitində reallaşır. Bu fakt özlüyündə Tehranın məsələni təkcə öz prizmasından deyil, həm də İrəvanın baxışları ilə uzlaşdırılmış şəkildə gündəmə gətirmək istədiyini göstərir. Yəni, İran bu mövzuda tək deyil. O, narahatlığını regional əməkdaşlıq kontekstində, xüsusilə Ermənistanla koordinasiya olunmuş informasiya və ekspert platformalarında gücləndirməyə çalışır.
Konfransın adı da bir çox mətləblərdən xəbər verir. “Zəngəzur dəhlizi: İrana qarşı geosiyasi təhdidlər və müxtəlif aktorların perspektivləri” sözü tədbirin məqsəd və hədəflərini tam aydın göstərir. Burada əsas vurğu məhz İranın təhlükəsizlik narahatlıqları üzərində cəmlənib. Yəni, tədbirin məqsədi dəhlizin region ölkələri üçün iqtisadi və nəqliyyat yönümlü üstünlüklərini dəyərləndirməkdən daha çox, onun yarada biləcəyi hansısa risklərin şərhi və bu risklərə qarşı mövcud strategiyaların müəyyənləşdirilməsidir. Beləliklə, İran tərəfi konfransı həm fikir mübadiləsi, həm də regional aktorlar arasında ortaq mövqelərin formalaşdırılması üçün platforma kimi istifadə etməyə çalışır.
Onu da bildirək ki, İran tərəfi dəhlizin açılmasını özünə qarşı təhdid kimi görür. Regional və qlobal əməkdaşlıq platforması rolunu yerinə yetirəcək Zəngəzur dəhlizi sözünün İranda Tehrana qarşı geosiyasi təhdid kontekstində hallandırılması bundan xəbər verir. Yeri gəlmişkən, qeyd edək ki, hələ 44 günlük Vətən müharibəsinin başa çatmasının az sonra – 2020-ci ilin dekabrında Ermənistana səfər edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirmişdi ki, Ermənista¬nın ərazi bütövlüyü onlar üçün “qırmızı xətt”dir. Təəssüf ki, ötən 5 ilə yaxın müddətdə Tehranın mövqeyi dəyişməz olaraq qalıb. Yəni, Tehran yenə Zəngəzur dəhlizinə özünün “qırmızı xətt”i kimi baxır. 2025-ci il iyulun 21-də keçirdiyi brifinqdə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Zəngəzur dəhlizi ilə bağlı ölkəsinin rəsmi mövqeyinə dair suala cavabında deyib ki, dəhlizlər suverenliyə və ərazi bütövlüyünə xələl gətirməməlidir: “Biz region ölkələri arasında mübadilənin və əlaqələrin genişləndirilməsini dəstəkləməklə razılaşsaq da, eyni zamanda, həmişə vurğulamışıq ki, bu keçidlərin yaradılması heç bir halda suverenlik və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərə xələl gətirməməli və regionun geosiyasətində dəyişikliklər yaratmamalıdır. Bəzi hallarda Qafqaz regionunda digər ölkələrin danışıqları və mövqeləri yanlış şərh oluna bilər. Bununla bağlı mövqeyimiz aydındır və biz bunu dəfələrlə bəyan etmişik”.
Bu baxımdan Tehranda Zəngəzur dəhlizi ilə bağlı keçiriləcək konfrans, əslində, İran və Ermənistanın süni narahatlığının rəsmi ifadəsidir. Dəhliz layihəsinin reallaşması istiqamətində hələ konkret addımlar atılmadığı bir dönəmdə belə tədbirlərin təşkili iki ölkənin məsələni olduğundan qat-qat böyük təhlükə kimi təqdim etmək cəhdindən başqa bir şey deyil. “Mehr” agentliyinin və “Orbeli” mərkəzinin birgə konfrans keçirməsi göstərir ki, burada məqsəd obyektiv analiz deyil, əvvəlcədən formalaşdırılmış qorxuların ictimai rəydə möhkəmləndirilməsidir. Halbuki indiyə qədər dəhlizlə bağlı Azərbaycan və Türkiyə tərəfindən bu ölkələrin suverenliyinə və ya təhlükəsizliyinə yönəlmiş konkret hədəfə rast gəlinməyib. İranın bu məsələdə narahatlığının mərkəzində, guya, regiondan təcrid olunmaq qorxusu dayanır. Amma bu qorxu real geosiyasi təhlilə əsaslanmır və yanlış yanaşmanın göstəricisidir. Zəngəzur dəhlizi layihəsi beynəlxalq hüquq normalarına və 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarına əsaslanır. Burada İranın maraqlarına zidd olan heç bir məqam yoxdur. Əksinə, bu layihə regional iqtisadi inteqrasiyanın genişlənməsi və ticarət imkanlarının artması baxımından Tehranın özü üçün də yeni fürsətlər yarada bilər. Lakin görünən odur ki, Tehran məsələyə iqtisadi deyil, yalnız siyasi və təhlükəsizlik prizmasından baxmağa üstünlük verir. Nəticədə, mühüm infrastruktur təşəbbüsü region üçün “geosiyasi fəlakət” kimi təqdim edilir.
Konfransda iştirak edəcək ekspertlərin siyahısına baxdıqda aydın olur ki, burada əsas məqsəd məsələyə alternativ baxış gətirmək deyil. Onların məqsədi oxşar narahatlıqları eyni platformada səsləndirib ictimai rəydə “təhlükə” obrazını möhkəmləndirməkdir. İştirakçılar arasında əsasən İran və Ermənistan mənşəli tədqiqatçıların olması, eləcə də qeyd etdiyimiz kimi, tədbirin adında “İrana qarşı geosiyasi təhdidlər” sözü onu göstərir ki, konfrans əvvəlcədən müəyyən edilmiş nəticələrə xidmət edir. Elə onun işində Ehsan Movahedianın iştirak etməsi konfransın hansı notlar altında keçəcəyini təxmin etməyə imkan verir. Onun son aylarda Zəngəzur dəhlizi və ümumiyyətlə, Azərbaycanla bağlı verdiyi açıqlamalar açıq-aşkar qərəzli və təxribat xarakteri daşıyır. Movahedian dəfələrlə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan və Zəngəzur dəhlizinin, guya, “pantürkist layihə” olduğunu iddia edən fikirlər səsləndirib. O, dəhlizi İranın milli təhlükəsizliyinə yönəlmiş xarici planın tərkib hissəsi kimi təqdim edir ki, bu yanaşma nə fakta, nə də beynəlxalq hüquqa əsaslanır. Əslində, bu cür fikirlər Cənubi Qafqazda sabitliyə yox, gərginliyin artmasına xidmət edir.
Yazımızı hazırlayarkən Tehranın ATU (Allame Tabataba) Universitetinin müəllimi, Qafqaz regionu, xüsusilə Ermənistan və Azərbaycan, eləcə də regiondakı qonşu ölkələr arasında münasibətləri araşdıran alim kimi təqdim edilən Movahedianın ötən ilin noyabrında “Armenpress”ə verdiyi müsahibə ilə tanış olduq. O deyib: “Ermənistanın da Şərqlə Qərbi birləşdirən iqtisadi marşruta qoşulmaq istəyi yaxşıdır. Lakin vəziyyəti qiymətləndirəndə hesab edirəm ki, İrəvan və Bakı arasında sülh sazişinin imzalanması o qədər də tez baş verməyəcək, çünki Türkiyə və Azərbaycanın sizin təşəbbüslərinizə necə reaksiya verdiyini görürük. Ona görə də İran, Ermənistan və Gürcüstan vasitəsilə yaxşı variant var. Hər üç ölkənin bir-biri ilə əlaqə saxlaması vacibdir. Bu, təkcə bizim üçün deyil, həm də sizin üçün vacibdir”. Ekspert adlanan bu şəxs bu baxımdan Ermənistanın İran üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyərək deyib: “İranda bəzi insanlar bu əlaqənin nə qədər vacib olduğunu başa düşmürlər. İran və Ermənistan maraqları 100 faiz üst-üstə düşən iki ölkədir. Dünyada maraq və mənfəətlərinin bu qədər üst-üstə düşdüyü başqa bir hal tapmaq çox çətindir. Məsələn, dəhlizlərə gəlincə, bəzi ölkələr, sizin qonşu ölkələr Ermənistanın ərazisindən keçmək istəyirlər, amma Ermənistanın ərazi bütövlüyünə hörmət etmək istəmirlər. Onlar dəhlizlər əldə etmək və onlara nəzarət etmək istəyirlər. İran yeganə qonşu ölkə və yeganə dostdur ki, bunun qeyri-mümkün, qəbuledilməz olduğunu söyləyib. İran bunun üçün mübarizə aparmağa hazır olduğunu dəfələrlə bəyan edib, çünki Ermənistanla əlaqələr Tehran üçün həyati əhəmiyyət daşıyır”.
Belə fikirlər söyləyən şəxsin məruzə ilə çıxış edəcəyi bir konfransın təxribat xarakteri daşıyacağı, hansısa maraqlara xidmət etdiyi açıq-aşkar ortadadır. Tehranda keçiriləcək konfrans məhz bu cür qərəzli baxışları legitimləşdirmək üçün təşkil olunur və sülhə yox, təcrid siyasətinə xidmət edir.
P.S. Politoloq Yeganə Hacıyeva “Mehr” informasiya agentliyinin onu aldadaraq, xəbəri olmadan məruzəçi kimi təqdim etdiyini bəyan edib. O, bu barədə sosial şəbəkə hesabında açıqlama verib. Bildirib ki, konfransla bağlı paylaşılan məlumatlarda onun da çıxışçılar siyahısında yer aldığı göstərilib. Lakin onun sözlərinə görə, bu, tamamilə onun xəbəri və razılığı olmadan baş verib: “Bu, mənim üçün gözlənilməzdir. Bəyan edirəm ki, adım həmin siyahıya məndən xəbərsiz və şərti şəkildə əlavə olunub”.
Politoloq əlavə edib ki, sadəcə Zəngəzur dəhlizi ilə bağlı “Mehr” agentliyinə video müsahibə verib, lakin həmin video materialın beynəlxalq forum çərçivəsində səsləndiriləcəyi barədə onun məlumatı olmayıb və bu, əvvəlcədən onunla razılaşdırılmayıb.
Y.Hacıyeva artıq “Mehr” agentliyinə və müsahibəni götürən jurnalistə yazılı etiraz məktubu göndərdiyini, adının iştirakçılar siyahısından çıxarılmasını tələb etdiyini bildirib. O, bütün bunları nəzərə alaraq, bundan sonra “Mehr”ə müsahibə və şərh verməyəcəyini bildirib.
Səxavət HƏMİD
XQ