Rusiyada etnosentrizm, şovinizm və ksenofobiya qaldıqca qonşularla səmimi və etibarlı münasibət qurulması çətin olacaq
Gəlin etiraf edək ki, AZAL-ın sərnişin təyyarəsi ilə bağlı faciə, ardınca Azərbaycanın informasiya resurslarına edilən kiberhücumlar, Yekaterinburq və Rusiyanın digər şəhərlərində azərbaycanlıların zorakılıq və qətllərlə müşayiət olunan kütləvi həbsləri 30 il bundan əvvəl baş versəydi, yəqin Bakı susmağa üstünlük verərdi. Amma bu gün vəziyyət fərqlidir. Azərbaycan sabit inkişaf edən güclü dövlət, güclü orduya malik və bölgədə söz sahibinə çevrilmiş regional aktordur. Bakı artıq Qafqazda baş verənlərə müşahidəçi qismində baxmır, cərəyan edən hadisələrin memarlarından biridir. Məhz bu parametrlərinə görə Azərbaycan öz vətəndaşının milli ləyaqətinin və suverenliyin qorunması məsələsində qəti və prinsipial mövqe tutmağı bacarır. Daha sükut yeganə mümkün seçim deyil.
Rusiya SSRİ-nin dağılmasından sonra yaranmış və müstəqilliyini bərpa etmiş dövlətlərin iqtisadi yüksəlişini və artan rifahını alqışlamaq əvəzinə, əksinə, onları zəiflətməyə, özündən asılı vəziyyətə salmağa və yoxsullaşdırmağa çalışır. Bu mövqenin strateji cəhətdən səhv olduğu birmənalıdır. Böhranın əsas səbəblərini Rusiya cəmiyyətinin özündə, onun ideologiyasının və “qeyri-slavyan” mənşəli vətəndaşlara münasibətinin dəyişməsində axtarmaq lazımdır. Moskvanın xarici siyasətində, xüsusilə qonşularla əlaqələrində üzləşdiyi uğursuzluqlar məhz daxildə gedən neqativ proseslərin fəsadlarıdır.
Bəli, Kremlin başbilənlərinin düşüncəsinə görə, Rusiya artıq xalqların çoxmillətli birliyi deyil, digərlərinin, yəni, “yadların” qonaq olduğu “rusların ölkəsi”dir. Bu yanaşma, təbii ki, nə Şimali Qafqaz, nə Volqaboyu, nə də Sibirdəki qeyri-rus mənşəli respublikalar və sayları on milyonlarla ölçülən xalqlar üçün qəbulediləndir. Daxili problemləri bir yana, bəs qonşuları, dünənki müttəfiqləri niyə Rusiyadan üz çevirirlər? Ermənistan və Moldova özlərinə daha çox Qərbdə dəstək axtarır, Mərkəzi Asiyanın əksər respublikaları nümayişkaranə şəkildə Moskvadan uzaqlaşır. Hətta Rusiyanın sadiq tərəfdaşı olan Serbiya xarici strategiyasına yenidən baxır. Səbəb aydındır: bu ölkələrin nəzərində Rusiya özünün bərabərhüquqlu və etibarlı tərəfdaş kimi legitimliyini itirir. Bu gün Kremlin ritorikası və hərəkətləri XIX əsrin dəyişməyə qadir olmayan Rusiya imperiyasını xatırladır.
***
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni əsilli rəssam Ayvazovskinin büstünün sökülməsinə “rus mədəniyyətinin məhv edilməsi” kimi sərsəm və avantürist açıqlama verib. Kremlin “mədəni” təmsilçisinin açıqlamasını şərh edən Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Bakının icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz addım idi: “Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub. Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur”.
A.Hacızadə haqlı olaraq qeyd edir ki, cənab Şvıdkoyun, guya, Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır: “Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik”.
Azərbaycan XİN rəsmisinin şərhində daha sonra deyilir: “Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılıqlılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfi Rusiya ərazisində bir çox yaşayış yerlərini öz əzəli adları ilə qeyd edə bilər”. Bəli, onların öz dilində desək, “necə salam verərsənsə, o cür də cavab alarsan”.
***
Məlum hadisə ilə bağlı XQ-yə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev Mixail Şvıdkoyun, guya, Azərbaycanda rus mədəniyyətinin ləğv edilməsi barədə verdiyi açıqlamanın hər cür məntiqdən məhrum olduğunu bildirdi: “Rusiyanın Azərbaycanla mədəni əlaqələrini koordinasiya edən səlahiyyətli şəxs kimi Şvıdkoy hamıdan yaxşı bilir ki, Azərbaycanda rus mədəniyyətinin simvolları nələrdir və cəmiyyətin rus mədəniyyətinə və ümumiyyətlə, yad mədəniyyətlərə münasibəti nədən ibarətdir. Uzun illər Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən qayğını digər ölkələr üçün örnək göstərmiş Şvıdkoyun bu gün tərsinə danışması və özünü təkzib etməsi onun artıq mədəniyyətə yox, siyasətə xidmət etdiyini göstərir. Bu davranış onun özü haqqında yaratdığı “mədəniyyət xadimi” obrazını darmadağın etməklə yanaşı, bu sahənin siyasi dəllalı kimi ifşa edir. O, yaxşı bilir ki, Rusiyada hələ XVIII-XIX əsrlərdə pravoslav dininin ayrı-ayrı təriqətlərinə sitayiş edən rus icmaları öz ölkələrində ciddi təqiblərə məruz qalır, marginallaşdırılır və hətta ölkədən sürgün edilirdilər. Hələ o zaman bir sıra rus icmaları Azərbaycanda özlərinə sığınacaq tapıb və məhz burada adət-ənənələrini qoruyub saxlamaqla sərbəst və rahat yaşamaq imkanı əldə etmişdilər. Öz mədəniyyətindən cüzi fərqliliyə görə vətəndaşlarına bu cür düşmən münasibət sərgiləyən bir dövlətin bugünkü məmurunun başqa ölkələri rus mədəniyyətini sıxışdırmaqda günahlandırmaq cəhdləri yalnız gülünc doğura bilər”.
Azərbaycanın qədim türk torpağı olduğunu, türklərin idarə etdiyi ərazilərdə, o cümlədən ölkəmizdə bütün mədəniyyətlərin nümayəndələrinin müsəlmanlarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşadığını Şvıdkoya xatırladan C.Feyziyev burada heç bir xalqın dili, dini inancları, adət-ənənələrinin diskriminasiyaya məruz qalmadığını vurğuladı: “Ona görə də bu gün Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Amma öz vətəndaşlarını etnik mənsubiyyətinə görə fərqləndirən, rus kökənli olmadığına görə cəzalandıran Rusiyada yüksək vəzifə daşıyan məmurun başqa bir ölkədə, xüsusilə Azərbaycanda mədəni mühit haqqında fikir yürütməsi absurddur. Mixail Şvıdkoyun nəzərinə çatdırıram ki, 2020-ci ildə Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin mandatı ərazidə təhlükəsizliyin qorunması ilə bağlı olub. Müvəqqəti yerləşdirildikləri Azərbaycan ərazisində hər hansı bir mədəniyyət abidəsinin ucaldılması onların səlahiyyəti çərçivəsində olmayıb və Rusiya sülhməramlı qüvvələri Ayvazovskiyə abidə qoyulması layihəsini Azərbaycanın müvafiq dövlət və mədəniyyət qurumları ilə razılaşdırmayıb. İşğal olunmuş ərazilərdə qeyri-qanuni olaraq tikilmiş bütün digər obyektlər kimi, Ayvazovskiyə qoyulan abidə də qeyri-qanunidir və ləğv olunmağa məhkum idi. Kremlin məmuru isə bu hadisəyə münasibət bildirməzdən əvvəl öz-özündə belə bir suala cavab axtarmalı idi: Azərbaycan əsgəri Sankt-Peterburqa gəlib Rusiya dövlət orqanları ilə razılaşdırmadan orada Nizamiyə, Nəsimiyə və ya Səttar Bəhlulzadəyə abidə qoya bilərdimi? Bu suala müsbət cavabı yoxdursa Mixail Şvıdkoy “tanımadığı kola girməməli” idi”.
Deputat sonda onu da qeyd etdi ki, Şvıdkoy bu açıqlamanı verməklə öz beyninin məhsulunu dilə gətirməyib: “O, sadəcə, xidmətində durduğu səlahiyyətlilərin mesajını səsləndirib. Bu rolda isə Mixail Şvıdkoy dövlət məmuruna yox, küsülülər arsında söz aparıb-gətirən uşağa bənzəyir. Ruslar özləri belələrinə “xüsusi nümayəndə” yox, “мальчик на побегушках” deyirlər”.
Artıq ağı qaradan ayırmağın, gözlə görünən həqiqətləri anlamağın məqamı yetişib. Həm də böyüklüyünə güvənərək ədalətsizlik edən bilməlidir ki, əsl güc mövcud olanı məhv etmək deyil, yenisini qurmaq, yaratmaq bacarığıdır. Yəni, başqalarının gözündə özünün düşmən kultunu deyil, sülhsevər mədəniyyət obrazını yaratmaq lazımdır. Əgər sənin keçmiş tarixin məntiqi qarşıdurmanı diktə edirsə, deməli, ətrafını, dünyanı deyil, məntiqini dəyişməyin vaxtıdır.
***
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov hesab edir ki, yaranmış vəziyyət özünün qəribəliyi ilə diqqəti cəlb edir: “Qəribəlik ondadır ki, vaxtilə Qarabağ bölgəmizdə tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən məhv ediləndə, Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün heykəlləri gülləbarana məruz qalanda Mixail Şvıdkoyun heç səsi çıxmırdı. Əgər o, doğrudan mədəniyyət sahəsinin kuratoru sayılırdısa, o zaman harada idi? Elementar reaksiya belə vermədi. Mədəni irsimizin məhv edilməsinə dair faktlar kifayət qədərdir. Şvıdkoyun məlum açıqlamasının mahiyyəti ondan ibarətdir ki, o, qərəzli münasibət nümayiş etdirir. Ən maraqlısı isə budur ki, həmin TASS təxminən ayyarım bundan əvvəl Xankəndini bizim dediyimiz və yazdığımız kimi adlandırmışdı. İndi isə bu şəhərimizi “Stepanakert” kimi təqdim etməsi birmənalı olaraq sifarişin yerinə yetirilməsi, məqsədli şəkildə Azərbaycanda qıcıq yaratmağa hesablanmış kampaniyadır”.
Professor bu qənaəti xüsusi olaraq vurğuladı ki, Azərbaycanda rus dilində məktəblər, dövri nəşrlər kifayət qədərdir və rus dilinə hörmətlə yanaşırıq: “Rus Dram Teatrında tamaşalara baxmağa gedənlərin sayı da heç azalmayıb. Yəni, bizim ölkəmizdə rus mədəniyyətinə, rus dilinə xələl gətirəcək heç bir fəaliyyət aparılmır. Amma Rusiyada nə Azərbaycan dilində teatr, məktəb, nə də qəzet və jurnal var. Şvıdkoy gərək bu həqiqəti unutmasın. İndi belə bir məntiqi nəticəyə gələ bilərik ki, əgər onlar Xankəndinə Stepanakert deyirlərsə, onda gərək biz də Rusiyanın bir çox şəhərlərini əzəli adları ilə adlandıraq. Misal üçün, Kalininqradı həm danışıqda, həm də yazıda Köniqsberq adlandıra bilərik. Eləcə də bu qəbildən olan digər şəhərlərinin adlarını. Şvıdkoy, sanki bu reallığı görmür. Onun kimi şovinistlər o dərəcədə qərəzli mövqe tuturlar ki, həqiqəti görmək üçün gözləri kor, eşitmək üçün qulaqları kar olur. Yəni, sadəcə olaraq, reallıq hissini itirirlər. Görünür, onların duyğu üzvlərini bərpa etmələri üçün öz tərəfimizdən buna adekvat obyektiv və tutarlı cavabımızı verməliyik. Həm də bütün səviyyələrdə”.
Nə qədər ki, rus cəmiyyətində etnosentrizm, şovinizm və ksenofobiya təmayülləri artmaqda davam edir, xarici dünya ilə sabit və etibarlı münasibətlər qurmaq daha da çətinləşəcək. Keçmiş dostları, qonşuları onlara yuxarıdan aşağı baxanlara, “kiçik qardaş” hesab edənlərə yaxın durmazlar. Öz xalqına hörmət xaricdə etimad qazanmağın başqa bir əsasıdır. Belə görünür ki, Rusiya bunu anlayana qədər dostlarının sayı sıfıra enəcək.
İmran BƏDİRXANLI
XQ