“Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il fevralın 24-də Milli Məclisdə Andiçmə mərasimindəki nitqindən
I MƏQALƏ
Prezidentin çağırışı və vədi
XXI əsrdə müstəqil dövlət quruculuğu geosiyasi və siyasi baxımdan elə mürəkkəb prosesdir ki, onun hansısa standart reallaşma qaydası yoxdur. Hər bir ölkə keçdiyi tarixi yolla müasir vəziyyətin sərt reallıqlarının sintezində bu yolu getməli olur. Azərbaycan Respublikası Avrasiya məkanında müstəqil dövlət quruculuğu kursunun həm nəzəri hazırlanmasında, həm də onun praktiki reallaşmasında özəl mərhələlərdən keçmiş və Avrasiya məkanında hələ bənzəri olmayan uğurlu nümunə yaratmış dövlətdir.
Bunlar pafoslu sözlər deyil, müstəqil Azərbaycanın mövcudluğu və davamlı inkişafını təmin edən dahiyanə dövlət quruculuğu strategiyasının anatomiyasına aid olan gerçək fikirlərdir. Həmin prosesin memarı Ulu öndər Heydər Əliyev, onun XXI əsrdə siyasi varislik prinsipi əsasında nümunəsini yaradan isə Prezident İlham Əliyevdir.
Müstəqil Azərbaycan dövlətçiliyi kontekstində sonuncu tezisi biz fəlsəfi baxımdan fundamental hesab edirik və əsaslandırılması üçün dövlət başçısının müxtəlif tədbirlərdə ifadə etdiyi fikirlərin məntiqi özəlliyinə bir daha nəzər salmağa çalışacağıq. Yəni irəli sürülən tezisin konseptual səviyyədə sübuta ehtiyacı vardır.
Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə belə bir tezis ifadə etmişdir:
“...biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”.
İlham Əliyevin bu fraqmentdə “dediyimiz bu məsələlər”in və onlarla bağlı “bizə qarşı olan hərəkət” ifadələri geniş siyasi anlamı olan fikri əks etdirirlər. Həmin konteksti Prezident İlham Əliyev aşağıdakı kimi izah etmişdir: dünyanın güclü dövlətlərinin bir neçəsi ermənilərə havadarlıq edərək bizim üçün ümummilli məsələ olan ərazi bütövlüyünün bərpasını müxtəlif üsullarla unutdurmağa 30 il cəhd göstərmişlər. Onlar cəmiyyətin müxtəlif kəsimlərinə fərqli bəhanələrlə təsir etməyə çalışmışlar. Həmin qüvvələr bu prosesi ciddi və sistemli qaydada aparmışlar. Xüsusilə, gənclərdə ərazi bütövlüyünün bərpasına laqeyd olmaq duyğusu formalaşdırmağa çox cəhd göstərmişlər.
Biz indi bu kimi cəhdlərin nümunələrini xatırlaya bilərik. 1991-ci ildən başlayaraq, müxtəlif dini təriqətlər Azərbaycanda gənclərin orduya getməməsi üçün ciddi-cəhdlə təbliğatlar aparırdılar. Orduya getməyənlərə “cənnət vəd edilən” qondarma dini ayələr yayırdılar. Bu kontekstdə erməni gənclər “qardaş” və vətənpərvər azərbaycanlı gənclər isə “radikal, ixtilaf yaradan” və s. kimi təqdim olunurdular. Keçən əsrin 90-cı illərinin sonu XXI əsrin əvvəlləri bu kimi xristian və bir sıra müsəlman dini təriqətlərlə ağır mübarizə dönəmi oldu.
Bunlarla yanaşı, hətta hüquq və ədalət çərçivəsində fəaliyyət göstərməli olan bir sıra beynəlxalq tərəfdaşlarımız Qarabağı bizlərə unutdurmaq üçün dəridən-qabıqdan çıxırdılar. Prezident İlham Əliyev həmin bağlılıqda demişdir: “...30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Bunu bizə unutdurmaq istəmişdilər. Müxtəlif bəhanələr altında - Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması məhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə yetişsin. Bizim isə məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bizə nəsib olmazsa bu tarixi ədaləti bərpa etmək, gələcək nəsillər onu etməlidirlər”.
Vurğulanan fikirlər müstəqil dövlət quruculuğunun çox çətin bir mərhələsinin birinci fazasına aiddir. Azərbaycan dövlət kimi həmin əngəlləri aşaraq “dünya miqyasında çox böyük layları tərpətdi”.
“Layları tərpənmiş dünya”nın həyəcanları
Prezidentin bu nəzəri və eyni zamanda, çox incə diplomatik işarəsinə diqqət edək. Azərbaycan Avrasiya məkanında elə bir siyasi, hərbi, informasiya və geosiyasi addım atdı ki, birincisi, milli miqyasda milli ideyanı reallaşdırdı, ikincisi, bu reallaşmanın qlobal səviyyədə çox ciddi “oturuşmuş və geosiyasi mənası olan daşları yerindən oynadacağını” öncədən proqnozlaşdırmışdı.
Məsələnin ikinci qismi dövlətçilik uğrunda mübarizənin yeni dönəmdə anatomiyası üçün prinsipial əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev də məhz bu məqamı cəmiyyətə çatdırır: “...Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”! Yəni Azərbaycan coğrafi aspektdə məhdud, lokal məkanda qalib gəldi, lakin onun geosiyasi anlamı qlobaldır, beynəlxalq gündəliyin əsas məsələsidir! Obrazlı desək, “daşlar bütün dünya miqyasında yerindən oynamışdır”.
İlham Əliyev dövlətin və toplumun bu ciddi dəyişikliyə adekvat reaksiyasının başlıca prinsiplərini də ifadə edir.
Birincisi, “biz heç vaxt sakitləşməməliyik”.
İkincisi, bəzi dövlətlər kimi qələbədən feyziyab olub, yerimizdə saymamalı, köhnə hədəfləri pafosla təkrar etməməliyik: “Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır”.
Prezident İlham Əliyev bu cür nəzəri baza əsasında dövlətçilik uğrunda mübarizəni dayandırmamaq kontekstində çox perspektivli tezis irəli sürür: “Yeni dövrün yeni hədəfləri kimi yeni konseptual inkişaf strategiyamız və milli ideologiyamızın yeni istiqamətləri müəyyən edilməlidir”.
Dövlətçilik uğrunda savaşın mərkəzi tezisi olan bu strateji hədəfi həyata keçirməli olan subyektləri də Prezident İlham Əliyev konkret ifadə etmişdir: Prezident və xalq!
İlham Əliyev yeni hədəflərin müəyyən edilməsində konseptual inkişaf strategiyasının hazırlanmasında və milli ideologiyanın formalaşdırılmasında aparıcı rolu özünün oynayacağını bəyan etmişdir. Cəmiyyətin bu prosesdə çox yaxından iştirak etməli olduğunu da vurğulayan dövlət başçısı eyni zamanda, “son və həlledici qərarı” Prezidentin verəcəyini ifadə etmişdir.
Azərbaycan lideri yeni tarixi mərhələdə milli ideyanın hazırlanmasının cəmiyyət tərəfindən iki mühüm subyektini də vurğulamışdır: ziyalılar və gənclər! Məsələnin bu tərəfi dövlətçilik uğrunda mübarizə baxımından da çox əhəmiyyətli və maraqlıdır. Onun səbəblərinin fəlsəfi-nəzəri aspektini izah edək.
Ziyalılar
Heydər Əliyevin müstəqil güclü dövlət quruculuğu kursunda ziyalılar xüsusi yer tuturlar. Ulu öndər AMEA-da keçirdiyi görüşlərdə, müxtəlif tədbirlərdə dövlət quruculuğu ilə bağlı irəli sürdüyü tezislərdə Azərbaycan elminə, alimlərinə və bütövlükdə ziyalılarına böyük önəm verdiyini açıq və dəqiq ifadə etmişdir. Ulu öndərin çoxlu sayda fikirlərindən bu aspektdə bir ana tezis keçir: “Azərbaycan cəmiyyətini ziyalılar formalaşdırırlar. Onlar mədəniyyət və dövlətçiliyin inkişafının aparıcı qüvvəsidirlər. Məhz bu gerçəkliyə görə, başda AMEA olmaqla Azərbaycan ziyalı camiyəsi milli sərvətdir”.
Bu fikri Prezident İlham Əliyev həm AMEA-nın yubiley tədbirlərində iştirakı zamanı ifadə etmiş və həm də onları inkişaf etdirərək Azərbaycan alimləri qarşısında dövlətçilik kontekstində yeni prinsipial vəzifələr qoymuşdur.
Bütün bunları bir elmi təşkilat kimi AMEA nəzərə alaraq, ölkə qurumları içərisində ilk olaraq özünün strateji yeniləşmə kursunu müəyyən etmişdir. Bu kursda AMEA-nın Azərbaycanşünaslığın mərkəzinə çevrilməsi birinci prioritet kimi təşkilatın qəbul etdiyi sənədlərdə vurğulanmışdır. Həmin bağlılıqda AMEA prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü və təşkilatçılığı ilə yeni tarixi mərhələ üçün milli ideyanın müəyyən edilməsində alimlərin iştirakı davamlı hala gətirilmişdir. Artıq AMEA bu mövzunu dəfələrlə müzakirə etmiş və öz təkliflərini hazırlamışdır!
AMEA rəhbərliyi hazırladığı strateji inkişaf konsepsiyasında vurğulanan məqamları maksimum dərəcədə nəzərə almışdır. Hazırda ölkənin ali elmi təşkilatı mükəmməl işlənmiş strateji inkişaf proqramına və “Yol Xəritəsi”nə malikdir! Azərbaycanın digər dövlət təşkilatlarının da analoji konsepsiya, strategiya hazırlayıb, bütövlükdə sinxron fəaliyyət göstərmələri bir zərurət kimi AMEA-nın fəaliyyəti prizmasında aydın görünməkdədir!
Onu da vurğulayaq ki, AMEA-da toplanan təcrübə göstərir ki, Azərbaycanşünaslığı bir sistemli nəzəri konsepsiya kimi müasir dövrün elmi kriteriyaları fonunda hazırlamaq asan proses deyildir. Burada müxtəlif elmi sferalara aid olan yanaşmaları Azərbaycan dövlətçiliyi naminə sintez halına gətirmək ciddi elmi yanaşma və metodologiya tələb edir. Məsələn, folklorşünaslıqla fəlsəfə və tarixşünaslığın nəzəri və metodoloji özəlliklərini Azərbaycanşünaslıq çətiri altında necə nəticəverici formada vəhdət halına gətirmək olar? Bu suala cavab axtarışları intensiv olaraq aparılır.
Əldə ediən nəticələrlə bağlı bir nümunə göstərə bilərik. İndi AMEA-da Azərbaycanşünaslıq bağlılığında intensiv olaraq müxtəlif sferaların elmi dərkində dövrüləşdirmənin yeniləşməsi prosesi gedir. Burada ilk təşəbbüs və konkret dövrüləşdirmə konsepsiyasını hazırlamaq AMEA prezidentinə aiddir. Akademik İsa Həbibbəyli bədii təfəkkürün dövlətçilik və azərbaycançılıq kontekstlərində dövrüləşdirilməsi ilə bağlı mükəmməl bir konsepsiya yaratmışdır. Bu konsepsiyada reallaşdırılan nəzəri və metodoloji yanaşmanı digər elm sahələrinə də tətbiq etmək olar. Ancaq bu tətbiqin nəticəverici və səmərəli olması üçün alimlərin yaradıcı fəaliyyətləri olmalıdır. Elmi təşkilatda bu istiqamətdə tədqiqatlar yeni səviyyəyə yüksəlməkdədir.
Bütün bunlar Prezident İlham Əliyevin müstəqil dövlətçiliyi inkişaf etdirmək kursunun çoxaspektli və yeni yanaşmalar tələb edən proses olduğunu sübut edir. O cümlədən, Azərbaycanın ziyalı kəsiminin üzərinə həm böyük vəzifələr, həm də ciddi məsuliyyətli fəaliyyət düşdüyünü göstərir. Bunun fonunda Prezidentin gənclərə verdiyi önəmi mütləq vurğulamaq gərəkdir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru