Avqustun 21-də “Mənim Səsim” Seçki Monitorinq Koalisiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar aralıq hesabatı təqdim olunub.
Hesabatı Koalisiyanın həmtəsisçisi Səadət Bənənyarlı, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri Səidə Qocamanlı təqdim ediblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan ərazisini əhatə edən 65 seçki dairəsində müşahidələr aparmaq üçün Koalisiya tərəfindən 533 müşahidəçi seçilib. Onlar üçün təlimatlandırıcı “Yaddaş”, üzərində koalisiyanın loqosu əks edilmiş döş nişanları hazırlanıb. Müşahidəçiliklə bağlı təlimləri keçmiş müşahidəçilər arasında qadınlar, gənclər və ziyalılar da var.
Qeyd edilib ki, ölkə ərazisində seçki prosesini monitorinqini aparan müşahidəçilər bölgələrdə gedən prosesləri diqqətlə izləyir, məlumatlar toplayırlar. Koalisiyanın yaratdığı işçi qrup öz növbəsində seçki prosesi ilə bağlı baş verən bütün prosesləri dərindən izləməkdə, müşahidələr aparmaqla, obyektiv və subyektiv cəhətləri ətraflı şəkildə təhlil etməkdədir.
Eyni zamanda, bildirilib ki, müşahidəçilərin verdiyi məlumatlara əsasən, respublikanın heç bir yerində imza toplama prosesində namizədliyini irəli sürən şəxslərə maneə törədilməyib. Koalisiya üzvləri ilə görüşlərdə namizədliyini irəli sürən şəxslər tərəfindən bildirilən məlumatlara görə namizədliklərin qeydə alınmaması əsasən sənədləşmədəki qüsurlarla bağlı olub.
Diqqətə çatdırılıb ki, seçkilərdə 25 siyasi partiyadan 459 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, onlardan 305-nin namizədliyi qeydə alınıb. Bundan başqa, Seçki Məcəlləsinə əsasən, 60-dan çox namizədi qeydə alınmış siyasi partiya və partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media qurumlarında ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılır. Yəni, 60-dan çox namizədi qeydə alınmış partiya və onların blokları pulsuz efir imkanından istifadə etməklə təşviqat kampaniyası apara bilər. Hazırda bu imkandan yalnız Yeni Azərbaycan Partiyası (YAP) istifadə edə bilər. Çünki digər partiyaların heç birinin 60-dan çox qeydə alınmış namizədi yoxdur.