Qarabağda atları yəhərləyirlər

post-img

Xocalının sərrac yetirməsi bu qədim el sənətini məharətlə yaşadır

Salxım-salxım dan yelləri əsən zaman ova çıxanda, yurduna göz dikən mənfur yağı qapıya dayananda atlar ər-ərənlərimizlə yana­şı durub, onlara qol-qanad olub. Babalarımız “at igidin qardaşı­dır”, “at döyüşdə qanaddır”, “at muraddır” deyiblər. Xalqımız atı ər namusu sayıb. 

Bu vəfalı heyvanlar türk igidləri­nin dostuna, sirdaşına çevrilib hər za­man. Ona görə də at sahibi atının qey­dinə qalıb. Özü ac qalsa da, birinci onu yemləyib, vaxtında nalladıb, sığallayıb, tumarlayıb, yəhərini, sinəbəndini bəzə­yib. Bəzədilmiş atlar toylarımızın, şən­liklərimizin sevincinə çevrilib, sahibini qürrələndirib. 

Məhz ata olan bu sevgi qədim el sənətlərimizdən olan sərraclığın yaran­masına, inkişaf etməsinə rəvac verib. Azərbaycanımızın dilbər guşələrindən olan Qarabağda da tarixən daşişləmə, dulusçuluq, xalçaçılıq, boyaqçılıq, zər­gərlik, misgərlik, qalayçılıq, nalbəndlik kimi sərraclıq da nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb.

Bu gün ölkəmizdə həyatını sərrac­lıq sənətinə bağlayanlar azalsalar da, onların atlar üçün hazırladığı yəhər­lərə, cilovlara, yüyənlərə, sinəbəndlərə, quşqunlara, qamçılara, xurcunlara tələ­bat gündən-günə artmaqdadır. 

Sözügedən qədim sənət növünü ya­şadanlardan biri də Xocalı rayonunun Kosalar kənd sakini Məhəbbət Ağa­yevdir. 41 yaşı olan Məhəbbət usta 30 ildən artıqdır ki, sərraclıqla məşğul olur. Sevgi ilə əziyyətinə qatlaşdığı bu sənə­tin sirlərini atası Vahid kişidən öyrənib. Məcburi köçkünlüyün ən ağır günlərin­də belə sərraclıqdan üz çevirməyiblər. Bu sənət ailənin əsas dolanışıq yeri olub. Kosalar kəndində yaşayan zaman Vahid kişi at nallamaqla, yəhər-yüyən düzəlt­məklə məşğul olub. 

Torpaqlarımız mənfur ermənilər tərəfindən işğal edildikdən sonra məc­buri köçkün kimi Gəncə şəhərinin Ha­cıkənd qəsəbəsində məskunlaşıblar və sərraclığı burada davam etdiriblər. 10 yaşımdan, necə deyərlər, əli iş tutandan atasının yanında sərraclığın sirrlərini öyrənməyə başlayan Məhəbbət o günlə­ri belə xatırladı: “Öyrəndikcə daha çox maraq yaranırdı məndə. Məqsədim həm ata-baba sənətini yaşatmaq idi, həm də ailəmizin dolanışığı sərraclıqdan qazan­dığımızdan çıxırdı. Getdikcə bu işin in­cəliklərini daha çox mənimsədim. Sonra qardaşıma, oğluma da öyrətdik. Beləcə, hazırda ailəlikcə, yəni qardaşım Qismət, bacımın yoldaşı Aftandil və oğlum Va­hidlə birlikdə işləyirik”.

Bəli, Xocalıdan olan bir ailə qədim el sənətimizi unudulmağa qoymur, ona yenidən can verir. Məhəbbət usta bildirir ki, mükəmməl sərrac olmaq üçün, bəlkə, bir ömür də bəs etməz. Çünki nə qədər öyrənsən də görürsən ki, işə yeni çalar­lar qatmaq, daha gözəl, rahat və bəzədil­miş yəhər dəsti düzəltmək mümkündür: “Bu işdə ən mühüm olan isə sənətə sev­gidir. Sevgi olmasa, sənətin əziyyətinə qatlaşmaq da asan olmaz. Çox istərdim ki, gənclərdə sərraclığa həvəs yaransın, öyrənmək üçün müraciət edənlər olsun. Olarsa, mən böyük həvəslə onlara bu sənəti təmənnasız öyrədərəm”.

Məhəbbət dedi ki, torpaqlarımızın erməni işğalından azad edilməsindən sonra öz təsərrüfatını götürüb Laçın, Kəlbəcər yaylaqlarına üz tutanlar az qala iki dəfə çoxalıb. Köç zamanı ço­banlar, təsərrüfat sahibləri ağır tərəkəmə həyatında ən yaxın köməkçilərindən olan atlarının da qayğısına qalır, onları nalladır, yəhər-yüyənlərini yeniləyirlər. Bu səbəbdən əsasən yazda və payızda elat dağlardan geri qayıdan zaman sər­rac Məhəbbətin qapısını döyənlər də çoxalır.

Usta bildirdi ki, yəhərin hazırlanma­sı bir neçə mərhələdən ibarətdir. Əvvəl­cə dəqiqliklə dəmirdən olan yəhər göv­dəsini düzəldirlər. Bu zaman ölçülərin dəqiqliyi ona görə gözlənilməlidir ki, yəhər atın belinə düzgün otursun. Əks halda, el arasında deyilən kimi, atın “be­lini vurar”, yəni yara edər. Sonra isə xü­susi tikiş maşınlarından istifadə etməklə keçə, gön-dəri məhsullarından, müxtəlif qalınlıqda qayışlardan yəhərin digər his­sələri, aksesuarlar hazırlanır. 

Öyrəndik ki, materialların əksəriy­yəti xarici ölkələrdən, xüsusilə İrandan və Türkiyədən gətirilir. Bu isə təbii ki, qiymətlərə təsir edir, bəzən material qıt­lığının yaranmasına səbəb olur. Halbuki həm keçənin, həm də aşılanmış keyfiy­yətli dərinin yerli istehsalı sərraclıqla yanaşı, bir sıra sahələrin də inkişafına şərait yarada bilər. Məsələn, ötən əsrin 90-cı illərində Gəncədə keçə zavodu fəaliyyət göstərib. Ancaq zavod yanıb, bununla da fəaliyyəti dayandırılıb və daha sonra bərpa edilməyib.

Yəhərlərin hazırlanması müddəti də, qiymətləri də fərqlidir. Bəzən sənətkar ailəsi əl-ələ verib bir günə iki, hətta üç yəhər də hazırlayırlar, bəzənsə xüsusi sifarişlə, bər-bəzəkli yəhərlərin düzəl­dilməsi bir neçə gün vaxt aparır. Qiy­mətləri tənzimləyən də elə bu şərtlərdir. Yerli dəridən, dəriəvəzedici materialdan hazırlanan sadə yəhər dəstinin qiyməti 100 manatadır. Ancaq daha çox tələb 200–300 manatlıq yəhərlərədir. Təbii ki, öz xüsusi cins atlarını sevən, onla­rın daha gözəl görünməsini istəyənlər qiyməti 700–800 manata olan xüsusi yəhərlər sifariş edirlər. Sərrac deyir, bu vaxta qədər hazırladığım ən bahalı yəhər dəstinin qiyməti 1200 manat olub.

Müştəri qıtlığı yoxdur sərrac ailəsi­nin. Məhsullarına tələb o qədər çoxdur ki, bəzən sifarişləri çatdırmaq üçün ge­cələr də işləməli olurlar. Yəhər dəstləri­nin satışı əsasən Gəncədə, Ağcabədidə, Bərdədə, Beyləqanda, Qazaxda, Tovuz­da həftə sonları təşkil edilən “mal bazar­ları”nda həyata keçirilir. Son dövrlərdə sosial şəbəkələrin xidmətlərindən də ya­rarlanırlar. İnternet vasitəsilə ölkəmizin əksər rayonlarından, hətta Naxçıvandan sifarişlər alır. Bu isə onunla bağlıdır ki, at saxlayanlar çoxalıb, ancaq sərraclıqla məşğul olanlar azdır.

Məhəbbət usta Qarabağa qayıdaca­ğı, öz sənətini doğma yurdunda davam etdirəcəyi günü səbirsizliklə gözləyir. Deyir, bu arzumuzun reallaşması ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik: “Allah cənab Prezidentimizi qorusun! Onun rəhbərliyi altında Xoca­lıya yenidən həyat qayıdır. Biz illər boyu bu günlərin həsrəti ilə yaşamışıq. İndi isə ən böyük arzum gedib orada sərrac­lıqla məşğul olmaq, məşhur Qarabağ at­ları üçün milli ornamentlərlə bəzədilmiş gözəl yəhərlər hazırlamaqdır”.

Gözəl arzudur. Biz də qədim el sənə­tini yaşadan sərrac Məhəbbət Ağayevlə elə bu arzusunun tezliklə çin olması diləyi ilə sağollaşırıq. Öz yurduna qayı­dan elimizin-obamızın Məhəbbət kimi sənətkarlara ehtiyacı çox olacaq. 

Qoy Qarabağda Məhəbbətin yəhər düzəltdiyi atların kişnərtisi bir daha düş­mənlərimizə bu yurdun övladlarının ulu dağlara qayıdıb sönmüş çıraqlarını yan­dırdıqlarını çatdırsın!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri



Sosial həyat