Azərbaycan Respublikasının İraqdakı səfirliyinin təşkilatçılığı ilə Bağdad şəhərində 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov çıxış edərək, 106-cı ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixindən danışıb. O, cümhuriyyətin qısa müddətdə müstəqil, demokratik dövlət quruculuğunda, ilk parlamentin yaradılmasında, ölkənin sərhədlərinin müəyyən edilməsində, yüksək döyüş qabiliyyətinə malik hərbi hissələrin yaradılmasında əldə olunmuş nailiyyətlərindən söhbət açıb. Səfir cümhuriyyət dövründə Azərbaycanın Dövlət Bayrağı, Dövlət Himninin qəbul edildiyini və Azərbaycan dilinin dövlət dili elan olunduğunu qeyd edib.
1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünü 1918-ci ildə yaradılan AXC-nin varisi elan etdiyini bildirən səfir müstəqil Azərbaycanın qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələrdən danışıb və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində ölkəmizin öz müstəqilliyini qoruyub saxladığını və inkişaf etdirdiyini vurğulayıb.
Səfir Ulu Öndər Heydər Əliyev siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatların öz uğurlu nəticəsini verdiyini və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqlarının şanlı Ordumuz tərəfindən azad edildiyini bildirib.
O qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər bir çox mühüm qurumlara uğurla sədrlik edib. Azərbaycan bütün ölkələrin yekdil dəstəyi ilə COP29-a növbəti ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycanın xarici siyasəti dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, regional və qlobal səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev tərəfindən formalaşdırılan uğurlu daxili və xarici siyasət ölkəmizi Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevirib. Azərbaycan Avropa İttifaqının əsas enerji tərəfdaşı, regional iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsi, böyük qonşularının maraqlarını uzlaşdıran tərəfdaş ölkə statusuna yüksəlib.
Azərbaycan-İraq ikitərəfli münasibətlərindən söhbət açan diplomat ölkələrimiz arasında mədəni, dini, elmi, iqtisadi və tarixi dostluq əlaqələrindən danışıb, siyasi əlaqələrin ikitərəfli əsasda, eləcə də BMT, İslam Əməkdaşlıq (İƏT) Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirildiyini qeyd edib. İraqın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələr sırasında olduğunu, 1992-ci il martın 30-da Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlərin qurulduğunu və SSRİ dövründən Bakıda fəaliyyət göstərən İraqın Baş Konsulluğunun 1992-ci ildə səfirlik statusuna qaldırıldığı da nəzərə çatdırılıb.
İki il öncə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan səfir, Azərbaycanın xarici siyasət xəttində İraqın prioritet istiqamətlərdən olduğunu vurğulayıb. İraqın beynəlxalq təşkilatlar, xüsusilə də İƏT çərçivəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün aradan qaldırılması, işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini dəstəkləməsi islam aləmində, o cümlədən ərəb dövlətlərində ictimai rəyin formalaşmasına güclü təsir göstərib. Qeyd edilib ki, Azərbaycan İraqın energetika, infrastruktur, qida sənayesi, kənd təsərrüfatı, nəqliyyat və tikinti sahələrinə investisiya qoyuluşunda maraqlıdır.
Mərasimdə çıxış edən İraq xarici işlər nazirinin ikitərəfli əlaqələr üzrə müavini Məhəmməd Bəhr Əl-Ulum 28 May – Müstəqillik Günü münasibətilə İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn, İraq hökuməti və xalqı adından səmimi təbriklərini çatdıraraq, Azərbaycan hökumətinə və xalqına davamlı tərəqqi və firavanlıq arzu edib.
M.Əl-Ulum 2023-cü il dekabrın 6-7-də Bağdad şəhərində baş tutan Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 3-cü iclası çərçivəsində keçirilən “Birinci İraq-Azərbaycan Biznes Forumu”nun investisiya sahəsində əməkdaşlığın potensialının müəyyən edilməsi baxımından səmərəli olduğunu qeyd edib. Ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini gücləndirməyə çalışdığını deyib. O, Azərbaycan şirkətlərinin İraqın infrastruktur, neft-qaz və digər inkişaf layihələrinə cəlb etməkdə maraqlı olduğunu bildirib.
Çıxışlardan sonra ölkəmizə və COP29-a həsr olunmuş iki videoçarx nümayiş etdirilib.
Tədbirdə İraqın Baş prokuroru, hərbi sənaye komitəsinin sədri, Bağdad şəhərinin qubernatoru, parlamentin müxtəlif komitələrinin rəhbərləri, millət vəkilləri, dövlət və hökumət nümayəndələri, çoxsaylı səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, İraq türkmənləri və jurnalistlər iştirak edib.
Azərbaycandan dəvət olunmuş 7 incəsənət xadimindən ibarət muğam və rəqs qrupları Azərbaycan muğamlarını və rəqslərini ifa ediblər.
Azərbaycandan gələn aşpazların hazırladıqları milli mətbəximizin nümunələri qonaqlara təqdim olunub. Tədbir ziyafətlə davam etdirilib.
Mayın 25-i, 26-sı və 27-də Bağdadın ən çox ziyarət edilən məkanlarından olan “Baghdad Mall” ticarət mərkəzinin üzərində ərəb və ingilis dillərində “28 May - Azərbaycanın Müstəqillik Günü” sözləri və Azərbaycanın Dövlət Bayrağı əks olunub.