28 May - Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirildiyi salonda Azərbaycanın inkişafını əks etdirən fotolardan ibarət sərgi açılıb.
Eyni zamanda, COP29-a dair məlumatlandırıcı lövhələr quraşdırılıb.
Tədbirdə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, eləcə də bu ölkədəki diplomatik korpusun nümayəndələri, azərbaycanlı və türk iş adamları iştirak ediblər.
Səfir Faiq Quliyev çıxış edərək xalqımızın dövlətçilik tarixindən söz açıb, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq qazandığı uğurlar barədə ətraflı məlumat verib. O bildirib ki, 1990-ci ilin əvvəllərində xalqımız öz müstəqilliyinə yenidən qovuşub. Lakin həmin dövrdə Azərbaycan çox ciddi problemlərlə üzləşib. Ulu Öndər, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan yenidən möhkəmləndi və dünya ölkələri sırasında öz layiqli yerini tutdu.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və hazırda həmin ərazilərdə sürətli quruculuq-abadlıq işləri həyata keçirilir.
Diplomat Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyini qeyd edib, yaxın vaxtlarda Bakının daha bir mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
Azərbaycan-Gürcüstan münasibətlərindən söz açan diplomat bildirib ki, hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Bu da bizim dostluğumuzun, qardaşlığımızın və tərəfdaşlığımızın yüksək səviyyədə olduğunun əyani sübutudur”.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxışında Azərbaycanla Gürcüstan arasındakı dostluğun önəmini qeyd edib, parlamentlərarası əlaqələrin hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.
Parlament sədri bildirib ki, Azərbaycan ilə Gürcüstan regionun aparıcı dövlətləri olmaqla yanaşı Avropanın da enerji təhlükəsizliyində mühüm rol oynayırlar.
Tədbir musiqili proqramla davam edib. Azərbaycandan gəlmiş musiqiçilər Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa ediblər. “Qarabağ şikəstəsi”, “Azərbaycan, “Qarabağ” və s. mahnılar alqışlarla qarşılanıb.