1918-ci ildə, may ayında Azərbaycanda, müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan xalqının həyatında böyük hadisə baş verdi. Xalqımız, millətimiz müstəqillik, sərbəstlik iradəsini dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti özünün qısa ömürlük dövründə dəyərli fəaliyyət göstərmişdir və Azərbaycan xalqının müstəqil olmaq iradəsini nümayiş etdirmişdir. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini, onun qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin və digərlərinin xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edirik.
Heydər ƏLİYEV,
Ümummilli lider
Yazının manşetinə çıxardığımız sözləri Ulu öndər 1996-cı il martın 9-da Tbilisinin məşhur Nəbatət bağında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Fətəli xan Xoyskinin qəbirüstü büstünün təntənəli açılışı zamanı söyləyib. Gürcüstan Prezidenti Eduard Şevardnadzenin də iştirak etdiyi həmin tədbirdə Heydər Əliyev demişdir: “Mən heç şübhə etmirəm ki, bu yer, bu gözəl guşə, Azərbaycanın görkəmli övladlarının, şəxsiyyətlərinin qəbirləri, xalqımız üçün, o cümlədən gürcü qardaşlarımız üçün ibadətgah olacaqdır. Həm Gürcüstanda yaşayan azərbaycanlılar, həm də Gürcüstana qonaq gələn azərbaycanlılar buranı daim ziyarət edəcəklər və bu yer Gürcüstan ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələrinin daim rəmzi olacaqdır.”
Yadımdadır, Ulu öndərin Gürcüstan səfərindən bir neçə gün sonra o vaxtlar Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı işləyən Aslan Aslanov deyirdi ki, “Heydər Əliyev o tədbirdə sevincini, qürur hissini açıq-aşkar büruzə verirdi. Açılışdan sonra bizə dedi ki, müstəqilliyimiz uğrunda canından, qanından keçən oğullarımızı bir an belə unutmamalı, onların xatirələrini əbədiləşdirmək üçün dünyanın harasında dəfn olunmasından asılı olmayaraq, məzarlarını vaxtaşırı ziyarət etməli, yenidən, daha nəfis şəkildə bərpa olunması, həmin ölkələrdə adlarını daha yaxşı tanıtmaq üçün əlimizdən gələni etməliyik”.
1918-ci il may ayının 28-də Gəncədə öz müstəqilliyini elan edən Azərbaycan Demokratik Respublikasının mərd, amalı xalqın xoşbəxt, firavan, heç bir dövlətdən asılı olmadan ölkə qurmaq arzusu olan oğulların parlaq xatirəsi düz 106 ildir ki, xalqın qəlbində əbədi yaşayır. Onların çoxunu sovet hakimiyyəti erməni daşnakçılarının əlləri ilə məhv elədi, çoxu terrorların qurbanı oldu, digərlərini pərən-pərən saldı...İndi Gürcüstanda, Türkiyədə, Fransada, Almaniyada və digər bir çox ölkələrdə onların qəbirləri var, büstləri, heykəlləri, abidələri ucaldılıb. Ulu öndərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirməsi, azadlıq mücahidlərinin xatirəsinin əbədiləşdirilməsi və təbliğ olunması üçün ardıçıl iş aparılır.
Bəs, kimdir onlar, ağrılı-acılı tale onları haralara aparıb, əbədi məkanları hansı ölkələrin payına düşüb? Çoxdur onlar və təbii ki, bir yazıda hamısı haqqında danışmaq da mümkün deyil. Amma yaxşı olar ki, Ulu öndərin yazının əvvəlində qeyd etdiyimiz tədbirdə söylədiyi “Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini, onun qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin və digərlərinin xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edirik” cümləsini əsas götürərək bu bayram günündə onların timsalında canlarından keçən və qəriblik həyatı yaşayanları yad edək...
Məhəmməd Əmin Rəsulzadənin keçdiyi keşməkeşli həyat yolu haqqında geniş söhbət açmağa, zənnimizcə, ehtiyac yoxdur. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi haqqında” imzaladığı sərəncamda adı müstəqillik tariximizə iri hərflərlə yazılmış şəxsiyyət haqqında fikirlər çox dəqiq ifadə olunub: “Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”.
1920-ci ilin aprel ayında AXC-nin süqutundan sonra Rəsulzadənin göstərişi ilə Bakıda “Müsavat”ın gizli mərkəzi yaradılır və o, 1920-ci ilin avqustunda həbs olunur. Stalinin göstərişi ilə Rəsulzadə həbsdən azad edilərək, Moskvaya aparılır. Daha sonra o, gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət edir. Türkiyədə olan zaman “Müsavat” partiyasının xarici bürosunu yaradır. Ömrünün sonuna kimi Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda mübarizə aparan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, oradakı Cəbəci Əsri qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Rəsulzadənin məzarının Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən abadlaşdırılması istiqamətində kompleks işlər görülüb. Məzarın kompozisiyasında dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub.
1875-ci ildə Gəncədə anadan olan Həsən bəy Ağayev də maraqlı şəxsiyyətlərdən biri olmuşdur. Gəncə klassik gimnaziyasında təhsilini başa vurduqdan sonra 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin pulu ilə Moskva Universitetinin tibb fakültəsində oxuyaraq oranı bitirmiş və Vətənə qayıdaraq həkimlik etmişdir. 1907-ci ildə Bakıda keçirilən Qafqaz Müsəlman Müəllimləri Qurultayı Mərkəzi Komitəsinin sədri seçilmişdir. “Difai” təşkilatının üzvü olmuşdur.
Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə, əvvəllər "Difai"ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri – Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov, Şeyxzamanlı qardaşları və başqaları ilə birgə Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad məramlı bir partiyanın – "Türk Ədəmi-mərkəziyyət firqəsi"nin əsasını qoymuşdur.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olmuşdur və bu tarixi hadisədə birbaşa iştirak etmişdir. Maraqlıdır ki, Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalamışdır. 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış vəziyyətlə əlaqədar olaraq fəaliyyətini müvəqqəti olaraq dayandırmış, bütün hakimiyyəti yeni yaradılmış hökumətə vermişdir.
O, dekabrda Parlament sədrinin müavini seçilmiş, sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə, 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra etmişdir. Cümhuriyyətin süqutundan sonra Tiflisə getmişdir.
1920-ci ilin 19 iyulunda o da Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatilin gülləsi ilə şəhid olmuşdur. Onun da məzarı Tbilisidə Fətəli xan Xoyskinin məzarı ilə yanaşıdır və yazının əvvəlində bu barədə söhbət açdıq.
Fətəli Xan Xoyski haqqında qısaca məlumat verək ki, o, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri və daxili işlər naziri, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində Xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri, AXC-nin hərbi, ədliyyə və xarici işlər naziri olub. Xoyski 1875-ci il noyabrın 25-də Gəncə quberniyasının Nuxa qəzasında anadan olub. Fətəli xan Xoyskinin əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Atası İsgəndər xan Şimali Azərbaycanın Şəki şəhərinə köçənlərdəndir. Xoy xanları nəslindən olan İsgəndər xan Rusiya təbəəliyini qəbul etmiş və ona çar ordusu general-leytenantı rütbəsi verilmişdir. Fətəli xan Xoyski Nuxa qəzasında dünyaya gəlsə də, onun dünyagörüşünü, gələcək ictimai-siyasi baxışlarını formalaşdıran Gəncə mühiti olmuşdur.
Ulu öndərin Tbilisidə Xoyskinin büstünün açılışında adını çəkdiyi digər tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylidir. Azərbaycan Xalq Cümhuriyyətinin Başnaziri, ilk maarif və dini etiqad naziri, daxili işlər naziri, görkəmli ictimai-siyasi və dövlət xadimi Nəsib bəy Yusifbəyli 5 iyul 1881-ci ildə Gəncədə tanınmışmaarifpərvər ziyalı ailəsində dünyaya göz açmışdır. Tələbəlik illərində milli azadlıq hərəkatında fəal mübariz olan Nəsib bəy çar xəfiyyələri tərəfindən dəfələrlə təqiblərə məruz qaldığından 1906-cı ildə Krımın Bağçasaray şəhərinə mühacirət edir. Burada da çar hökumət orqanlarının təqiblərindən yaxa qurtara bilmir. 1908-ci ildə məcburiyyət altında İstanbul şəhərinə mühacirət edir. Bir müddət Türkiyədə də siyasi fəaliyyətlə məşğul olduqdan sonra o, doğma Gəncə şəhərinə qayıdır, müəllim işləməyə başlayır. Nəsib bəy Gəncədə ilk dəfə olaraq, Azərbaycan dilində kitabxana təsis edir. 1917-ci ildən sonra daha fəal siyasi hərəkata qoşulan N.Yusifbəyli təşkil olunan ikinci hökumətə 1919-cu ilin dekabrından 1920-ci il martın axırına qədər başçılıq etmişdir. O, Başnazir olduğu vaxt xalqımızın tarixində ən mühüm hadisə başverir – 1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyəti Versal Sülh Konfransında böyük dövlətlər tərəfindən tanınır. Bu dövrdə Nəsib bəyin təklifi əsasında Bakı Dövlət Universiteti açılır, ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın ali məktəblərinə göndərilir, müxtəlif adda dərsliklər nəşr edilir.
Amma maraqlıdır ki, Nəsib bəyin harada dəfn olunması bu günədək bilinmir. Bir neçə yazılı mənbədə onun 1920-ci il mayın 31-də yolda faciəli şəkildə qətlə yetirilməsi barədə məlumat verilsə də məzarının olub-olmaması barədə heç bir məlumat yoxdur. Yalnız Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının 2-ci cildində yazılır ki, "Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli yolda faciəli surətdə qətlə yetirildi". Vəssalam.
Nəhayət, Əlimərdan bəy Topçubaşov. O, 1934-cü il noyabrın 8- də Paris ətrafında vəfat etmişdir. Məzarı Sen Klu şəhər qəbirstanlığındadır. Onun dəfnində Məhəmməd Əmin Rəsulzadə və Rusiya imperiyasının dağılmasından sonra yaranan bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri iştirak etmişlər. Onlar, o cümlədən Məhəmməd Əmin Rəsulzadə Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış edərək onun şəxsiyyətinə çox yüksək qiymət vermişlər.
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri, Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü, Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, Azərbaycanın görkəmli dövlət xadimi olub. Əlimərdan bəy Topçubaşov Gəncənin məşhur Qacarlar sülaləsindən olan Mirzə Cəfər Əlimərdan oğlu Topçubaşovun nəvəsidir.
...Ulu öndərin 27 il qabaq Tbilisidə adlarını sadaladıqları görkəmli şəxsiyyətlərin – Azərbaycan Xalq Cümhuriyyəti qurucularının keçdikləri həyat yollarını qısaca vərəqlədik, dünyanın müxtəlif ölkələrində olan və hər bir azərbaycanlının gedib baş çəkdiyi, ehtiram göstərdiyi məzarlarından söz saldıq, xatirələrini yad etdik. Müstəqilliyimizin təntənə ilə qeyd edilməsi günündə – 28 Mayda onları xatırlamamaq keçmişimizə sayğısızlıq olardı. Vətəndən çox-çox uzaqlarda olan tarixi şəxsiyyətlərimizin bu gün sanki məzarları da danışır.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri