Türk dövlətləri Orta Dəhlizdə “gömrük dəhlizi” yaradır

post-img

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin – Türkiyə, Azərbaycan, Qazaxıs­tan, Qırğızıstan və Özbəkistanın informasiya sistemlərinin inteqrasiyasını nəzər­də tutan sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin ratifi­kasiyası başa çatdırılıb. Bu sazişlə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) boyunca xarici ticarət fəaliyyətinin sadələşdirilməsi nəzərdə tutulub. 

Bu gün təkcə Qazaxıstanın deyil, həm də Qırğızıstan və Özbəkistanın xarici ticarətində əsas pay əsas dəhliz­dən – Rusiyadan Avropaya Çin vasitəsi ilə keçir. Yeni saziş isə digər dəhlizin – Xəzər dənizi, Azərbaycan və Türkiyədən keçən Transxəzər Dəhlizinin inkişafına yönəlir. 2010-cu ildən 2022-ci ilə qədər bu sazişdə iştirak edən ölkələr arasında ticarət dövriyyəsinin üç dəfə artması xü­susi diqqət çəkir. Bu, gələcək artım üçün böyük potensialdan xəbər verir.

Bu gün Qazaxıstan üçün bu türk dövlətləri ilə ticarətin həcmi təqribən 13 milyard ABŞ dolları təşkil edir, bu məb­ləğin 70 faizi isə Qazaxıstanın adıçəkilən ölkələrə ixracının payına düşür.

Sadələşdirilmiş gömrük dəhlizi­nin aşağıdakı üstünlükləri var: ticarət operatorlarına buraxılış məntəqələrin­də prioritet xidmət göstəriləcək və bu, gözləmə vaxtlarını azaldacaq; gömrük rəsmiləşdirilməsi prosedurları ayrı-ayrı hərəkət zolaqlarından istifadə edilməklə optimallaşdırılacaq və bu, rəsmiləşdirmə müddətlərini daha da azaldacaq; gömrük yoxlanılması yalnız gömrük qanunveri­ciliyinin pozulması riskinin müəyyənləş­dirildiyi hallarda aparılacaq və bu, da­yanma müddətini və xərcləri azaltmağa imkan verəcək.

Sadələşdirilmiş gömrük dəhlizi haqqında saziş konkret sənaye sahələ­rini və gömrük rəsmiləşdirilməsi üçün malların seçimini məhdudlaşdırmır. Bu o deməkdir ki, ticarət operatorları bütün növ mallar üçün sadələşdirilmiş prose­durlardan istifadə edə bilərlər.

Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında saziş ratifikasiya olunduqdan sonra 6 aylıq pilot layihə həyata keçiriləcək. Bu müddət ərzində 5 ölkənin gömrük strukturları yeni sistemin bütün texniki, inzibati və hüquqi aspekt­lərini tam şəkildə işləyəcək. Pilot layihə başa çatdıqdan sonra sistem tam şəkildə işə düşəcək.

Yeri gəlmişkən, Prezidenti İlham Əliyev cari il aprelin 23-də ADA Uni­versitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçi­rilən beynəlxalq forumdakı çıxışında bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə (Orta Dəhliz) heç vaxt olma­dığı qədər ehtiyac duyulduğunu, Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığını bildirib. Dövlətimizin başçısı nitqində mart ayında Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı Siandan çıxmış və Bakıya çat­mış konteyner qatarının birgə qarşılanma mərasiminin keçirildiyini və bunun ölkələ­rimiz arasında əməkdaşlığın birgə nüma­yişinə çevrildiyini də xatırladıb. 

Ölkə rəhbəri daha sonra Orta Dəhliz layihəsinin böyük gələcəyinə güclü inamı olduğunu, Azərbaycanda faktiki olaraq bütün lazımi infrastrukturun, o cümlədən müasir, yeni dəniz limanının qurulduğu­nu da diqqətə çatdırıb: “Yeri gəlmişkən, hazırda biz dəniz limanının genişləndi­rilməsi üzərində işləyirik. Çünki bugünkü 100 min TEU və 15 milyon ton ümumi yükaşırma qabiliyyəti yetərli olmayacaq. Biz artıq bunu başa düşürük. Biz bunu 25 milyon tona və 500 yüz min, yaxud hətta bir milyon TEU-ya çatdırmaq istəyirik ki, təkcə Çindən deyil, həm də Mərkəzi Asi­yadan həcmi artan yükləri qəbul etmək imkanımız olsun. Çünki söylədiyim kimi, bugünkü geosiyasi mühitdə bu marşruta ehtiyac var”. 

Xatırladaq ki, Azərbaycan hazırda Orta Dəhliz layihəsinin inkişafına insti­tusional dəstək göstərməyi də diqqətdə saxlayır. Çünki Prezident İlham Əliyevin vurğuladığı kimi, fiziki infrastruktur yetərli deyil. Azərbaycan, Qazaxıstan və Gür­cüstan arasında birgə müəssisənin ya­radılması da məhz bununla bağlıdır. Hazırda Azərbaycan nəqliyyat marşrutu­nun rəqəmsallaşdırılması üzərində fəal işləyir. Artıq Dövlət Gömrük Komitəsində yüklərin emalının daha az vaxt aparması, yüklər üzərində tam şəffaflıq və nəzarətin yaradılması məqsədilə süni intellekt sis­temi tətbiq edilir. 

Prezident İlham Əliyev bu il aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Asso­siasiyasının sədri Yan Vanmini qəbul edərkən də bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı Azərbaycan–Çin siyasi əlaqələrinin yüksək səviyyədə ol­duğunu vurğulayaraq ikitərəfli münasi­bətlərdə son vaxtlar böyük canlanmanın baş verdiyini bildirib. Nəqliyyat sahəsində çox fəal birgə işlərin aparıldığını deyən Prezident İlham Əliyev bu baxımdan Transxəzər Nəqliyyat Dəhlizinin Orta Dəhlizin bir hissəsi olduğunu qeyd edib. Çin Xalq Assosiasiyasının sədri Yan Van­mi isə Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu və bu baxımdan Azərbay­canın Transxəzər Dəhlizi təşəbbüsünün reallaşmasına, ümumilikdə, bütün nəq­liyyat qovşağının inkişafına töhfə verəcə­yinə əminliyini diqqətə çatdırıb.

Burada bir məqamı da xatırlatmaq istərdik. Dövlətimizin başçısı mayın 23-də ölkəmizə dövlət səfərinə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla keçirilən görüşdə də Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Taci­kistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələlərin ətraflı nəzər­dən keçirildiyini söyləyib. “Mən həmka­rıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə – Şərq­dən Qərbə, Şimaldan Cənuba və əks is­tiqamətlərdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır”,–deyib.

Qeyd edək ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutan sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi hələ 2023-cü ildə ratifikasiya ediblər. Beş TDT ölkəsindən yalnız Qazaxıstan qal­mışdı ki, o da keçən həftə sadələşdirilmiş gömrük dəhlizinə qoşulmağı təsdiqləyib.

Sonda mövzu ilə bir məlumatı da xa­tırlatmaq istərdim. Belə ki, Azərbaycan Çində yeni Transxəzər Gömrük Ticarət Portalını təqdim edib. Bu, Dövlət Göm­rük Komitəsinin (DGK) təşəbbüsü ilə Transxəzər Gömrük Ticarət Portalı tərə­findən hazırlanıb.

Çinin Çendu şəhərində keçirilən “6-cı Çin Beynəlxalq Təchizat Zənciri və Smart Logistika” sərgisində təqdim olunan bu layihə Azərbaycan gömrük xidməti tərə­findən hazırlanıb və Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS), Səlahiyyət­li İqtisadi Operator (SİO), habelə digər təşəbbüslərin Orta Dəhliz boyu rəqəmsal həllərin tətbiqinə, logistika imkanlarının genişləndirilməsinə şərait yaradır. 

Xatırladaq ki, TDT üzv dövlətlərin– Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğı­zıstan və Özbəkistanın informasiya sis­temlərinin inteqrasiyasını nəzərdə tutan sadələşdirilmiş gömrük dəhlizinin yara­dılması haqqında saziş 2022-ci il noyab­rın 11-də Səmərqənddə adları çəkilən ölkələrin hökumətləri arasında imzalanıb.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat