“Şəfəq” GES günəşə doğru boy atır

post-img

Ərazidə arxeoloji qat aşkar edilib

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində icra olunan “Şəfəq” Günəş Elektrik Stansiyası (GES) layihəsi çərçivəsində tikinti işləri qrafikə uyğun davam etdirilir. Bu barədə layihənin investorları olan BP, SOCAR-Green və Azərbaycan Biznesinin İnkişafı Fondunun birgə məlumatında bildirilib.

Qeyd olunub ki, 2025-ci ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra layihə üzrə 2 əsas müqavilə imzalanıb. Dəyəri, təxminən, 117 milyon ABŞ dollar təşkil edən mühəndislik, təchizat və tikinti müqaviləsi “Intec” və “Complant” şirkətlərinə verilib. Müqavilə mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk 2 il ərzində istismar və texniki xidmət işlərini əhatə edir. Artıq layihə sahəsində hazırlıq işləri tamamlanıb. Hazırda tikinti prosesi torpaq işləri və daxili yolların çəkilməsi ilə davam edir.

Modul təchizatı müqaviləsinin dəyəri isə 29 milyon dollardır. Günəş panellərinin təchizatını nəzərdə tutan bu müqavilə “Trina Solar AG” şirkətinə verilib. Müqavilə çərçivəsində işlər artıq başlayıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb. “Shafag (Jabrayil) Solar Limited” (SJSL) şirkətinin direktoru Kolin Allan SOCAR-Green və Azərbaycan Biznesinin İnkişafı Fondu ilə birlikdə və digər çoxsaylı maraqlı tərəflərlə əməkdaşlıqda həyata keçirilən “Şəfəq” günəş layihəsinin uğurla irəliləməkdən məmnunluğunu bildirib.

Torpaq işləri zamanı layihə ərazisinin şimal hissəsində bir tarixi arxeoloji abidənin aşkarlandığını bildirən şirkət direktorunun sözlərinə görə, hasarlanmamış açıq yaşayış məskəni olan bu tapıntının Tunc və Erkən Dəmir dövrlərinə aid olduğu ehtimal olunur. O deyib: “Arxeoloji sahədə dəyirman daşlarının fraqmentləri, gil saxsı qırıqları (küplər, qablar, bişirmə qazanları) və çay daşlarından düzülmüş tikinti strukturları kimi səth materialları aşkarlanıb. Bu tapıntıların tarixi dəyərini və əhəmiyyətini qiymətləndirmək məqsədilə Azərbaycan Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri ilə sıx işləyirik”.

Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Bu işlərin yerinə yetirilməsində yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət veriləcək. Tikintinin pik dövründə layihə üzrə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.

Xatırladaq ki, 2025-ci ilin iyun ayında təsdiqlənmiş 200 milyon ABŞ dolları dəyərində olan “Şəfəq” layihəsi çərçivəsində Cəbrayıl rayonunda yeni 240 meqavat AC gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Layihə Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kilovoltluq elektrik yarımstansiyası inşa ediləcək.

Mövcud proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların, təxminən, 50 faiz azaldılmasına imkan yaradacaq. Hazırda isə terminal öz enerji ehtiyacını qarşılamaq üçün 7 qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

SJSL şirkətindəki iştirak payları isə belədir: BP 50,01 faiz, SOCAR-Green (bütövlükdə SOCAR-a məxsus törəmə şirkəti) 39,99 faiz və Azərbaycan Biznesinin İnkişafı Fondu 10 faiz. Bütövlükdə isə, “Şəfəq” layihəsi BP şirkətinə məxsus olan Lightsource-BP tərəfindən həyata keçirilir.

 

 

İqtisadiyyat