“Çıraqqala”nın sənət şöləsi

post-img

Şabranda xalq musiqisi ənənələri sevgi ilə yaşadılır

Azərbaycan milli musiqi sənətinin inkişafında nəfəsli alətlərin xüsusi yeri var. Onların ən çox yayılmış növlərindən biri isə zurnadır. Uzun əsrlər boyu toylarda, milli güləş yarışlarında, digər el şənliklərində sazla yanaşı, qara zurnada el havaları, milli rəqslərimiz şövqlə ifa olunub. Bunlar xalq tərəfindən sevilib və bu gün də sevilir. 

1956-cı ildə Şabranda yaradılan “Çı­raqqala” zurnaçılar ansamblı da məhz bu ənənənin davamı kimi meydana gə­lib. Ansambl Əməkdar mədəniyyət işçisi, məşhur zurna ifaçısı, mərhum Nurağa Rəhmanov tərəfindən təşkil edilmişdi. Yarandığı ilk vaxtlardan ansamblın tər­kibinə Nurağa Rəhmanovla yanaşı, ta­nınmış zurna ifaçıları Ağası Ağasızadə, Saməddin Vahabov, Sabir Səfərov, Əh­məd Ağasıyev, Ömər Əkbərov, nağara­çalan Əlibala Mürsəlov kimi sənətkarlar daxil olublar. 

N.Rəhmanovun rəhbərlik etdi­yi peşəkar ansambl ilk gündən böyük uğurlara imza atıb. Fəaliyyətinin bir ili tamam olanda – 1957-ci ildə ansambl II Respublika Festivalının laureatı adı­nı qazanıb. 1958-ci ildə Bakı şəhərin­də keçirilən özfəaliyyət kollektivlərinin respublika baxışında isə qalib adına layiq görülüb. 1965-ci ildə Moldovada keçirilən Azərbaycan ədəbiyyatı və in­cəsənəti həftəsində uğurla çıxış edib. Ansamblın Türkiyədə keçirilən musiqi folklor festivalındakı çıxışı böyük coşqu ilə qarşılanıb. 1971-ci ildə Moskvada keçmiş SSRİ Xalq Nailiyyətləri Sərgi­sində “Çıraqqala”nın çıxışı münsiflər heyəti tərəfindən xüsusi diplom və fəxri fərmanla mükafatlandırılıb. 

1973-1986-cı illərdə ansambl res­publika və ümumittifaq xalq yaradıcılığı, musiqi, folklor, “Xarıbülbül” muğam fes­tivallarında çox sayda nümunəvi çıxışlar edib. 1987-ci ildə isə “Xalq musiqi yara­dıcılığının inkişafındakı xidmətlərinə və milli musiqimizin təbliğində qazandığı uğurlara görə” “Çıraqqala” ansamblına “Xalq kollektivi” adı verilib.

Ansamblın sədası hətta keçmiş itti­faq hüdudlarını da aşıb keçmişdi. 1988-ci ildə “Çıraqqala” zurnaçılar ansamblı Hindistanda keçirilən folklor festivalında Azərbaycanı uğurla təmsil edib. Həmin il­lərdə nağara ifaçılığında ansamblın üzvü Əlibala Mürsəlov respublikada ulduz kimi parlayırdı. Hətta nağarada çubuqla uğur­lu ifasına görə o, respublika müsabiqə­sində I yerə layiq görülmüşdü. 

Təqdirəlayiq haldır ki, Şabran Rayon Mədəniyyət Evinin “Çıraqqala” ansamlı milli musiqimizin sənət ənənələrini bu gün də uğurla davam etdirir. 2000-ci ildən “Çıraqqala” Xalq kollektivinə artıq Rasim Ağasızadə rəhbərlik edir. Maraqlıdır ki, Rasim Ağasızadə “Çıraqqala”nın yara­dıcılarından biri, tanınmış el sənətkarı, 12 yaşından ömrünün sonuna qədər bu kollektivdə çalışan Ağası Ağasızadənin oğludur. 

R.Ağasızadə kollektivə rəhbərlik et­diyi uzun illər ərzində ansamblın şöhrə­tini qoruyub saxlamağı bacarıb və onun uğurlarını davam etdirib. Məhz bu xid­mətlərinə görə ölkə Prezidentinin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə Ra­sim Ağasızadəyə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

Respublika Mədəniyyət Nazirliyi və Elmi Metodiki Mərkəzi tərəfindən “Çı­raqqala” Xalq kollektivi haqqında “Folk­lor nümunələrimiz” adlı film hazırlana­raq kompakt diskə köçürülüb. Bundan başqa, ansamblın fəaliyyətinə həsr olun­muş sənədli film çəkilib, respublikamızın televiziya kanallarında maraqlı verilişlər hazırlanıb. Bu yaxınlarda ansambl Şəki şəhərində keçirilən “İpək yolu” bey­nəlxalq multikultural festivalında fəal iş­tirakına görə fəxri fərmanla təltif olunub.

“Çıraqqala” ansamblı ənənəvi olaraq Bakı şəhərində keçirilən Novruz bayramı şənliklərində və folklor festivallarında hə­mişə fəal çıxış edir. Hazırda ansamblın repertuarında “Dəvəçi rəqsi”, “Dəvəçi ba­harı”, “Şabran təranələri”, “Cəngi”, “Dədə Koroğlu”, “Qəhrəmani”, “Şabran yallısı”, “Dədə Ağası”, “Köçəri” və digər rəqs mu­siqiləri, eləcə də bir çox bəstəkar və xalq mahnıları yer alır. 

Az bir vaxtdan sonra 70 yaşını qeyd edəcək ansamblın kollektivi musiqiyə olan sevgisi, zəhmət və əzmkarlığı ilə “Xalq kollektivi” adını şərəf və ləyaqətlə daşıyır, uğur qazanmağa davam edir.

Zakir BAYRAMLI,
şair-publisist

Sosial həyat