Bu kino ki, var... xalqın simasıdır

post-img

Müsahibimiz deyir ki, kino xalqın keçmişini, bugününü, gələcəyini əks etdirən, onu dünyaya tanıdan güclü təbliğat vasitəsidir. Bir də var kino adamı. O adam ki, adı çəkiləndə dərhal kino yada düşür. Həmsöhbətimiz belə sənətkarlardan biri, Xalq artisti Əbdül Mahmudovdur. 

– Tanınmış kinoaktyor, Xalq artisti, Prezident təqaüdçüsü. Çox zəngin bioqrafiyadır. Özünüz buna necə baxırsınız?

– Saydıqlarınız hamısı mənim fəxarətim, dövlətin, xalqın mənə olan diqqəti, qayğısıdır. Buna görə çox təşəkkür edirəm. Amma ən üstünü insanlıqdır. Qanımı qaraldan yeganə şey 80 rəqəmidir. Ətrafımdakı dost­lar, doğmalar, həmkarlar dünyalarını dəyişiblər. Tez-tez onları düşünürəm və kədərlənirəm. Sonuncu ən ağır itkim Elxan Qasımov oldu. Adil İsgən­dərov, Həsənağa Turabov, Həsən Məmmədov, Elçin Məmmədov kimi dostlar itirmişəm. Sağıma-soluma baxıram, boşluq mənə ağır gəlir. 

Yaxşı ailədə dünyaya gəlmişəm, indiyə qədər ata-babama rəhmət oxut­durmuşam. Sənət aləmi də sağ olsun ki, məni gündəmdə saxlayır. Ailəm də var olsun ki, yanımdadır. Hərəsinin öz yeri var. İnsana daha nə lazımdır? Mənalı, məzmunlu, dolu bir ömür ya­şamışam. Allahıma, Vətənimə, xalqı­ma borcluyam. Bu yaşımda da kino­dayam, bir çox yaradıcı təşkilatların üzvüyəm. Onlardan biri də təməlçisi olduğum Rejissorlar Gildiyasıdır. Bu­günlərdə 25 yaşı tamam olacaq. Onun təftiş komissiyasının sədriyəm. 

– Milli kinematoqrafiyanın aqi­bətindən söhbət düşəndə tez-tez sizə üz tuturlar. Biz də soruşaq: milli kino hara gedir? 

– Azərbaycan kinosunun halı acı­nacaqlıdır. Amma kinosuzluq faciəsi­ni otuz il yaşamış adam kimi deyirəm ki, sabaha ümid var. Bu sahədə dövlət səviyyəsində ciddi işlər görü­lür. Dağılmış böyük bir industriyanı bərpa etmək iki-üç günün işi deyil. Kinonun beynəlxalq səviyyədə tex­niki standartlara cavab verən mad­di-texniki bazası olmalıdır. Eləcə də o texnikanı idarə edən kadrlar. Köhnə kadrların əksəriyyəti dünyasını də­yişib. Kino yalnız aktyorla rejissorun əməyi deyil, bunun rəssamı, dekora­toru, kaskadyoru var... Film çəkilişləri dayanmayıb, azdan-çoxdan çəkilir. Xüsusən də, gənclərin yaratdıqları müstəqil kino şirkətlərini qeyd edər­dim. Çəksinlər, peşəkar, ya qey­ri-peşəkar, axır ki, dişləri-dırnaqları ilə işləyirlər. İşləsinlər, çünki işsiz qa­lıb hərzə-mərzə danışmaqdansa, iş görmək yaxşıdır. Zamanla yaxşısı-pi­si ələkdən keçəcək, onların arasın­da gələcəyin kino dahiləri yetişəcək. Onlar da yaşamalıdır, bu sahənin adamları başqa iş bacarmaz. Bunun­la belə, qoy kinoman tamaşaçı bilsin ki, o filmlər peşəkar kino demək deyil. 

– Böyük və əlamətdar tarixi dönəmdə yaşayırıq. Zəfərimiz, Qarabağın azadlığı, doğma yurda qayıdış... Bütün bunlar kinoda öz əksini tapmalıdır.

– Tapmalıdır, amma kino bir vərəq və bir qələmlə başa gəlmir, in­dustriya lazımdır. Onu yaratmaq isə vaxt və güclü vəsait tələb edir. Bəli, bu kino ki var, çox qəliz məsələdir. Dostlarımdan biri bu yaxınlarda xari­ci ölkədən mənə zəng vurub deyir ki, burada küçədə “Yeddi oğul istərəm” filminin afişası çıxdı qarşıma. Qəhər məni boğdu. Kino, bax budur. Əlli iki il əvvəl çəkilən film bu gün də sənin mədəniyyətini başqa ölkələrdə sər­giləyir. Olmayan kinostudiyanın film­ləri dünyanı gəzir, bizi tanıdır. Kino əbədi və əzəli təbliğat vasitəsidir. 

– Köhnə filmlər texniki baxım­dan bugünkü standartlara cavab verməsə də, yenə baxılır...

– Sözünüzə qüvvət, zəif hesab et­diyimiz o vaxtkı bəzi filmlər indi klas­sikaya çevrilib. Əgər millət, dövlət öz tarixi, keçmişi, milli-mənəvi dəyərləri ilə maraqlanıb onu təbliğ etmirsə, o millətin hər şeyi olsa da, heç nəyi ol­mayacaq. 

– “Bizim Cəbiş müəllim”, “Dağ­larda döyüş”, “Dəli Kür” filmlərin­də rejissor assistenti olmağınızı az adam bilir. “Qanlı zəmi”, “Gecə qatarında qətl” filmlərinin rejisso­rusunuz, ssenariləriniz əsasında filmlər çəkilib. Həm də “Şah İsma­yıl Xətai” kimi ekran həllini göz­ləyən ssenariniz var...

– “Şah İsmayıl Xətai” filmini çək­mək Ulu öndərin təşəbbüsüdür. Sse­narini yazmaq mənə qismət oldu, çünki arxivlərdə qurdalanmaq mənim işimdir. Genişmiqyaslı iş başladıq. Film-epopeyadır, ssenari tam hazır idi, çəkilişlərə başlamaq ərəfəsində Heydər Əliyev dünyasını dəyişdi və iş dayandı. Bugünə qədər onu niyə da­vam elətdirmirik, səbəbini bilmirəm. İndi böyük kino bərpa olunmaq mər­hələsinə başlayır. Yəqin ki, imkan ya­radılar və o filmi çəkərik. 

– Adil İsgəndərovun kursunda aktyor ixtisası almısınız. Moskvada ali rejissorluq və ssenaristlər kur­sunda Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin, Daneliya kimi böyük sənətkarların məktəbi­ni keçmisiniz. Onlardan öyrəndik­ləriniz kinomuza nə verib?

– Mənim kurs rəhbərim dünya ki­nosunun ustad sənətkarlarından biri sayılan Trauberq idi. Adlarını çəkdiyi­niz digərləri sənət müəllimlərimdir. O vaxt Heydər Əliyev müxtəlif sahələr­dən gəncləri Moskvada təhsil alma­ğa göndərirdi. Bizi də Moskva Ki­nematoqrafiya İnstitutuna oxumağa yola saldılar. İndi kinonu çiyinlərində daşıyan həmin milli kadrlardır – ak­tyorlar, rejissorlar, kino rəssamları. Mən adi bir kənd uşağı kinonun belə qaynar mühitinə düşdüm. Kino həya­tım kəndimizdən başlayıb. Mən axı qobustanlıyam. Orda əlinə kamera alan hər kəs kino çəkir. Göz açandan Rza Təhmasibi, Adil İsgəndərovu görmüşəm. Əlisəttar Atakişiyev, To­fiq Tağızadə, Hüseyn Seyidzadə ilə ünsiyyətdə, Həsən Turabovla, Ley­la Bədirbəyli, Yusif Vəliyev ilə tərəf müqabili oldum. Diplom işimin qəh­rəmanı Rasim Balayev idi. “Qeyri-adi ov” adlı həmin filmə musiqini Emin Sabitoğlu yazıb. O, bununla bəstə­kar kimi kinoya qədəm qoyub. Vaqif Səmədoğlunun şeiri ilk dəfə bu film­də səslənib, Flora Kərimova müğənni kimi birinci mənim filmimdə oxuyub. Nəticədə diplom işindən “əla” qiymət alıb, kinoda peşəkar qədəmlərimi atmışam. Yəni, kinoya onun içindən gəlmişəm. 

– Maraqlıdır, niyə bu sahədə əxz etdiklərinizi gənclərə öyrət­mədiniz? Yəni pedaqoji fəaliyyətlə məşğul olmadınız? 

–Adil İsgəndərovun kinostudiya­nın nəzdində yaratdığı kino kursla­rında səkkiz il dərs demişəm. Mə­nim kursumda oxuyanların arasında Fuad Poladov, Almaz Əsgərova, Vaqif Mustafayev, Hacı İsmayılov var. İki il də Azərbaycan Teatr İnsti­tutunda aktyorluğu tədris etmişəm. Çəkilişlərdə çox məşğul olduğumdan dərs deməkdən tez uzaqlaşdım. Mən kinoçuyam, ölənə qədər də belə qa­lacağam. 

– Çox filmlərdə çəkilmisiniz, amma tamaşaçının yaddaşında daha çox “Yeddi oğul istərəm” və “Nəsimi” ekran əsərlərindəki ob­razlarla qalmısınız... 

– Çəkildiyim filmlərin sayını itir­mişəm, amma təbliğatını aparmamı­şam. Rejissorun, operatorun işi film çəkməkdir, təbliğatını aparmaq mə­nim işim deyil. Mən kinoya yalnız çə­kilməyə deyil, ona xidmət etmək üçün gəlmişdim. Bu gün o təbliğata böyük ehtiyac var. Kinoindustriyanı bərpa et­sək, qalanı təfərrüatdır.

Söhbətləşdi:
Ramilə QURBANLI
XQ

Müsahibə