Gilas ağacının “nəğmə dərsi”

post-img

Məşhur bir deyim var: “Hər cür müqayisə qüsurludur”. Həmin fraza ilə nə dərəcədə əlaqəli olduğunu deyə biməsəm də, mən ayları daha çox hansısa bir meyvə ağacı ilə müqayisə edirəm. Məsələn, aprel deyəndə nədənsə, ilk növbədə, gözlərim önünə alça, iyun deyəndə tut ağacı gəlir. 

Həmin silsiləni davam et­dirməli olsaq, yəqin ki, belə bir ardıcıllıq alınar: iyul – ərik, avqust – zoğal, sentyabr – əncir, oktyabr – qoz-fındıq, noyabr – heyva. Təbii ki, bu müqayisə həmin meyvələrin yetişmə ar­dıcılıığı ilə bağlıdır. Mayın ilıq havası duyulanda, nədənsə, gö­zümün qabağına, ilk növbədə, barlı budaqlarından qızılı-sarı rəngli meyvələr sallanan gilas ağacı gəlir. Əslində, gilasın meyvələrinin tam yetişən dövrü iyun ayına düşür. Lakin il faraş gələndə mayın axırıncı ongünlüyündə meyvələri təzə-təzə dənzərən gilas ağacı quşları başına yığır. Yanaqları allanan gilas ağacının üstündə sığırçınların, sərçələrin “nəğmə dərsi” başlayır. Hərdən mənə elə gəlir ki, günəşin qızılı şəfəqləri al­tında bərq vuran üstü meyvələrlə dolu gilas ağacı mayın simvoldur.

Bəlkə də mənim gilas ağacına olan sev­gim “gilas vaxtı”– mayda doğulmağımla da bağlıdır. Gilasın barlı budaqlarının ayna­bəndimizin pəncərələrindən içəri boylandığı həmin günlərdə qızılca çıxardığım da yadım­dadır. Bəlkə də həmin təəssüratın nəticəsidir ki, mənim nəzərimdə gilas ağacı qızdırmalı adama bənzəyir. Amma kimsə də deyə bilər ki, gilas yetişəndə dağdan təzəcə enmiş lalə yanaqlı gözəl bir qızın yanaqlarını xatırladır. Onun meyvəsini utandığından pörtən, həya­dan rəng verib rəng alan gəlinə bənzədənlər də haqlıdırlar...

Bar vaxtı gilas ağacının bəxtəvər çağ­larıdır – lələkləri quşlarla, budaqları bar toplayanlarla, əl-ətəyi qız-gəlinlə dolu olur. Gilasın budaqları kövrək və sınandır, qanad­dan-qanada keçəndə gərək ehtiyatlı olasan. Gilasın dadlı və şirin meyvələri ağzının da­dını bilən heç kəsi biganə qoymur. Ondan gözəl mürəbbə, konserv və kompot hazırla­yırlar. Gilas qəbizlik və öskürək zamanı çox faydalıdır. Arıqlamaq istəyənlərə gilas yemək məsləhət görülür. Gilasın saplağını dəmləyib içmək sidikqovucu kimi müsbət təsir göstərir.

Gilas ağacının ömrü az olur. Amma ağac quruyanda da insanların karına gəlir. Deyir­lər, gilas ağacı yaxşı hamarlanır və xarratlar ondan mebel dəsti yığırlar. Qədim zaman­larda isə işığın olmadığı vaxtlarda qurumuş gilas qabığından çıraq kimi istifadə edib­lər. Lələyinin ucunda ilişib qalmış sonun­cu meyvələri urulanıb qurtaranadək ağacın həndəvərindən əl-ayaq yığışmaz. Üstündə meyvələri qurtarandan sonra yerə tökülmüş quruyan dənələrin hər biri kişmişə dönər.

Urulanmış gilas ağacı mağarı sökülmüş toy yerinə bənzəyir. İnanmaq istəmirsən ki, bir neçə gün irəli ağacın üstündə, az qala, hər budağa bir adam düşürdü. Sakit-sakit mür­güləyən gilas ağacı özü də elə bil həmin gün­lərin xatirəsi ilə yaşayır. Qupquru gövdəni qucaqlayıb üzünü onun sığallı üzünə söykə­yib dərdləşmək, qəlbində, könlündə olanların hamısını ona danışmaq istəyirsən...

Süleyman QARADAĞLI

Sosial həyat