“Sizi toya dəvət edirəm”

post-img

Bu məclislər bizə necə toy tutur?!

 

Xalqımın toy kimi gözəl bir adəti var,

Onu qoruyub saxlamağa qüdrəti var... 

Ay hay, toy bəyəm ancaq bizim adə­timizdi? Yoxsa, başqaları toysuz ailə qurur? Kim nə deyir desin, bizim toylar bineyi-qədimdən əndazəsiz olub. Yəqin nağıl-dastanlarımızın sonluğu yadınız­dadı... Çox çək-çevirdən sonra qudalar ortaq məxrəcə gəlir və qızı verirlər bəyin oğluna, arada keçəlin də bəxtinə gün do­ğur və qulluqçunun ona ərə getməsinə etiraz olunmur... Qudalar arasında “bö­yük saziş” imzalanır və axırda qırx dəvə yükü cer-cehiz göndərilir bəy evinə. Nə­hayət, qırx gün, qırx gecəlik toy çalınır. 

Allah sizə insaf versin, bu uzunluqda da toy olar? Rəhmətliyin nəvələri, sizin başqa iş-gücünüz yoxdu, bəyəm? Belə toylardan iki-üçü olsa, əkin-biçin batar, şirkət müflisləşər ki. Evdə arvad-uşaq, toyuq-cücə də yaddan çıxar. Toylarda ve­rilən xörəklərin çoxu da quş ətidi. Guya, toyuqla yanaşı bildirçin, turac, kəklik əti də verilir. Ancaq yeyəndən sonra görür­sən ki, rəngli sular kimi bu ətlər də “gir­dirmə”di. 

Yəqin xatırlayırsınız, bu yaxınlar­da ölkəmizdə turizmin sürətli inkişafı ilə bağlı Afrika kəpənəkləri bizə qonaq gəl­mişdilər. Rəngləri də elə o qara qardaş­larımıza uyğun gəlirdi. Sən demə, onlar da eşidiblər ki, bizdə quşlar qripə yolux­murlar. Digər tərəfdən, dünya bilir ki, biz normadan artıq tolerantıq, heç bir qona­ğa “gözün üstə qaşın var” deyən deyilik... 

Mənə deyən lazımdı ki, “heç hənanın yeridi”? Deməyim odur ki, nağıl-dastan quraşdıranda da gərək əndazəni göz­ləyəsən. Biz isə ölçü-biçini vecimizə alan deyilik. Başqa sözlə, az şeyə qane olmu­ruq, heç nəyin də yarısını istəmirik. Yəni, belə məsələlərdə yorğanın uzunluğunu unuduruq, sonra da ayağımızı uzadıb rahatlanmaq istəyəndə görürük ki, səhv eləmişik. 

Məsələn, çoxumuz istəyir ki, ən ba­halı avtomobili hamıdan əvvəl o sürsün, ən gözəl villa onun olsun, qızına ən bahalı mebeli o cehiz qoşsun... Sonra istəyirik hamı desin ki, onun oğlunun to­yunda yemək-içmək sel kimi axırdı, quş südü-can dərmanı istəsəydin tapardın,”­yoxdu” sözü yox idi, beş-altı bərkgedən müğənni vardı... 

Bir az o yana gedək, Məşədi İbadın bəlalı sevgisini və toyunu yada salaq. Bəlli olur ki, heç o vaxtlarda da toyun xərci az olmayıb. Özü də Məşədi sıra­dan bir zat olmayıb, ha, biznesmen olub. Amma Rüstəm bəylə razılaşmada belə deyib: “Axı bunun bir ətək toy xərci var...” Təəssüf ki, Məşədi qızla görüşə gedən­də “kraxabor”luq edib. Bir az indiki Şax­ta babaların hədiyyələrindəki qəletdən, konfetdən yığıb dəstərxanın arasına və düşür yola. Heç biznesmenə yaraşan iş deyil. Başa salan da olmur ki, ay kişi, bəy balası cavan qız alırsan, bir dəst brilyant apar, konfet nədi? İndiki yaşlılar cavan xanımını evə gətirməzdən əvvəl ona villa tikdirir, “Ceep”, kiloynan qızıl alır, xarici ölkələri gəzdirir... 

Bəli, mənə görə toylarımız həmişə əndazəsiz olub və bu gün də belədi.

Fikrimin təsdiqi üçün burada bir müqayisə yerinə düşər. Bir dəfə, necə deyərlər, şeytanın qıçını sındırıb Tür­kiyəyə toya getmişdik. İnsafən, bəyin atası bizi böyük sevinclə qarşıladı, məc­lisin yuxarı başında oturtdu. Çal-çağır başlandı. Arada sərin su payladılar. Bizə görə, əsas məsələyə gələndə gördük ki, plastik qablarda makaron, üstündə katlet verirlər və sair və ilaxır. Toya gələnlər də gəlinin örpəyinin üstünə o qədər də qiy­məti olmayan qızıl bağlayır, hər iki gəncə xoşbəxtlik arzulayıb gedirdilər. Amma, onların da bu işdə bir əmması var. Bizdə olan “başlıq” və ya südpulu kimi onlarda da qız evi tərəfindən bir xərcalma var. Özü də az deyil, ha... 

Mən bugünkü toylarımızın mənzərə­sini təsvir eləmək istəmirəm və indi buna halım da yoxdu. Ancaq bu fikirdəyəm ki, o həngaməni bir görən və yaşayan ömründə yadından çıxara bilməz. Nö­şün ki, indi stolumun üstündə hələlik üç dəvətnamə var və toyların hər üçü bu şənbə-bazar olmalıdı. İnşallah, Allah mü­barək eləsin, oğullu-qızlı, yarıyanlardan olsunlar, qoşa qarısınlar və sair və ilaxır. Təbii ki, bu sözlərdən əvvəl toy sahibinə pul lazımdı. Çünki toy mafiyası o kişini də tora salıb və xərci haradan olsa tapıb verməlidi. Vallah, bu toylar bizə toy tutur. Hamı toyların belə keçirilməsindən dad eləyir, amma heç kəs də ayağını məlum “cığır”dan kənara qoymaq istəmir. Soru­şanda da deyir ki, eldən-obadan ayıbdı, qohum-əqraba mənə nə deyər. Bilirəm ki, tənqid yazmağın da mənası yoxdu. Bir də bizim oxucu 3T məsələsi ilə (təq­dir, tənqid və təklif) qane olan deyil, necə deyərlər, “labavoy” tənqid olmadı, yazını oxumur.

A kişilər, adam toya kimləri dəvət edər? Mənim fikrimcə, yaxın qohum-qar­daşı, yaxın qonşuları, ailə dostlarını, iş yoldaşlarının bir neçəsini, bəyin dost­larını və sair. Bu da uzağı eləsin yüz, yüz əlli nəfər. Yoxsa, altı yüz, səkkiz yüz nəfər? Bir də görürsən ki, biri pişik ilində kiminləsə beş-altı gün səfərdə olub, tez onun ünvanını tapıb dəvətnamə göndə­rir. Həmin adam da dəvətnaməni əlinə alıb fikirləşir ki, o toya getsin, getməsin? Pulu çoxdusa bir yüzlük göndərir və zəng edib dil-ağız eləyir ki, bağışla, işdən çıxa bilmədim, yaxud da deyir ki, bacıoğlunun toyuna da getməliydim... Tutaq ki, həmin adam o toya gedəydi. Axı, o, həmin məc­lisdə heç kimi tanımır, neynəsin, kiminlə söhbət eləsin, nə qədər lal-dinməz otur­sun? 

Yaxud eşidirsən ki, filankəs toy elə­yir. Dəvətnaməyə baxırsan, harada eləsə yaxşıdı? Ən bahalı şadlıq saraylarının birində. Aləmə də car çəkdirir ki, bir yerin qiyməti azı səksən, yaxud yüz manatdı. Öz-özünə deyirsən ki, bu adamın, mən­dən beş-betər, “cındırından cin hürkür”, niyə başa salan yoxdu ki, yorğan məsələ­si... Toy başa çatana kimi də içini yeyir ki, birdən belə olmadı, elə oldu. Bəzən elə olur da. 

Ötən il aran rayonlarından birində maraqlı bir olay baş verib. Biri oğluna toy eləyir və hansı səbəbdənsə xeyli adam məclisə gəlmir. Toy sahibi də eləmir tənbəllik, toya gəlməyən dəvətliləri verir məhkəməyə. Nə olsun? Yazıq o hakim hansı qanuna əsaslanıb zərərçəkənə kömək eləsin? Buna bənzər başqa bir hadisə də olub. Toy sahibi oğlunun toyu­na gəlməyənlərin yeməyini zurna-bala­banla onların evinə göndərib, pul istəyib. İnanın, bəzəmirəm, bəzəsəm uzun olar... 

Olmazmı ki, biz toylarımızı təm-tə­raqdan uzaq, xudmani və sakit keçirək, israfın qarşısını alaq? Axı, hər şey bir yana, israf dinimizə görə böyük günah sayılır. Vallah, onda heç toy barədə söz-söhbətlər bu qədər olmaz və mən də bu uzunluqda yazı yazmaram. Yox­sa, zala girəndən çıxanadək gətir-götür, süz vuraq... O yandan da naşı oxuyanla­rın oxuduğu ara mahnıları qulaqlarımızı çırmaqlamaz. Axırda da milli plovumuz gələndə çoxları durub getməz. 

Yazının bu yerində yenə gözüm ma­sanın üstündəki dəvətnamələrə sataşdı. Öz-özümə dedim: “Həmişə toyda!”

Səməd MƏLİKZADƏ



Sosial həyat