Poeziyamızın Rəsul Rza günü

post-img

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 114-cü ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla qurumun rəhbərliyi, mərhumun ailə üzvləri, dostları və poeziya həvəskarları şairin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.

Mərasim iştirakçıları şairin məzarı üzərinə tər güllər düzüb, onun xatirəsini ehtiramla anıblar. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza Fondunun sədri, akademik Rafael Hüseynov şairin zən­gin yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüb. Tədbirdə şairin əsərlərinin fəlsəfəsindən, poetik məna çalarlarından bəhs edilib, onun “Qızılgül olmayaydı” poemasının milli poeziyanın repressiya qurbanlarına həsr olunmuş ilk və ən mükəmməl nümunələrindən biri olduğu bildirilib. 

Hər il olduğu kimi, həmin gün Azər­baycan Yazıçılar Birliyində (AYB) Bey­nəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olunub. Fondun sədri akademik Rafael Hüseynov bildirib ki, Rəsul Rza XX yüzilliyin 2-ci yarısında hadisələrə, dünyaya, insanlara münasibətin daha çağdaş olması yolunda mühüm işlər görmüş ədibdir: “O, gəncliyə üz tutmuş şəxsiyyət idi. Zənnimcə, “Rəsul Rza” mü­kafatını alan hər bir şəxsin buna layiq gö­rülməsinə bir səbəb var. Çox arzu edirəm ki, ən azı, laureatlar Rəsul Rzanı yaxşı oxusunlar, ətraflı mənimsəsinlər”. 

Bu il 6 qələm adamının mükafata la­yiq görüldüyü bildirilib. Şəmsəddin Kuzə­çi, Şəfəq Nasir, Faiq Balabəyli, Püstəxa­nım Hüseynova, Rizvan Sədrxanov və Aysel Xanlarqızına Beynəlxalq Rəsul Rza Mükafatı təqdim edilib.

Xalq yazıçısı Anar mükafata layiq gö­rülən qələm adamlarını təbrik edib, Rəsul Rza yaradıcılığının təbliğinə görə onlara minnətdarlığını bildirib.

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət