ÜST-nin QİÇS təlimi

post-img

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin Əhali Fondunun dəstəyi və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə yerli mütəxəssislər üçün “İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar” mövzusunda təlim təşkil edilib. ÜST-nin Avropa üzrə Regional Ofisinin eksperti tərəfindən keçirilən təlimdə 200 nəfərə yaxın ilkin səhiyyə və stasionar tipli tibb müəssisələrinin müxtəlif ixtisaslar üzrə həkimləri, digər müvafiq qurum və təhsil ocaqlarından nümayəndələr iştirak edib. Bu barədə ÜST-nin ölkə ofisindən XQ-yə bildirilib. 

Qeyd edilib ki, təlimin məqsədi xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsinə dair tibb işçilərinə və müvafiq qurumların və təhsil ocaqları­nın mütəxəssislərinə müasir yanaşma­ları təqdim etməklə 2030-cu ilə qədər İİV/QİÇS-ə son qoymaq məqsədinə nail olmaq üçün strateji yönümlü ca­vab tədbirlərinin həyata keçirilmə­sinə dəstək göstərməkdir. ÜST-nin Azərbaycandakı ölkə ofisinin rəhbəri Hande Harmancı və səhiyyə nazirinin müavini Nadir Zeynalov epidemiya­nın dayandırılmasında tibb işçilərinin bilik və bacarıqlarının, eyni zamanda, tədris proqramlarının beynəlxalq ya­naşmalara uyğunlaşdırılmasının və təkmilləşdirilməsinin əhəmiyyətini vur­ğulayıblar. 

H.Harmancı deyib: “İİV infeksiya­sının müalicəsi yoxdur. Lakin bununla yanaşı, benəlxalq təlimatlara uyğun effektiv profilaktika, diaqnostika, müa­licə və qayğı xidmətlərinə əlçatanlı­ğın təmin edilməsi ilə İİV infeksiyasını idarəolunan xroniki xəstəliyə çevirmək və bununla da İİV-lə yaşayan insanlara uzun və sağlam həyat sürməyə imkan yaratmaq mümkündür. ÜST ölkələrə İİV infeksiyasının aşkarlanma sayını yüksəltmək və yoluxmuşların erkən müalicəyə cəlb edilməsi üçün yeni test alqoritmi və test müayinəsinin desent­ralizasiyasını tövsiyə edir. Bu missiya çərçivəsində həmçinin, İİV, Hepatit B və sifilis infeksiyalarının anadan uşa­ğa ötürülməsinın üçlü eliminasiyası strategiyası və ÜST-nin bu sahədə dəstəkləyici fəaliyyətləri də müzakirə olunacaqdır”.

Təlimdə İİV epidemiyasının müa­sir aspektləri, diaqnostikada yeni test alqoritmi, anadan uşağa ötürülmənin profilaktikası və üçlü eliminasiya, tə­masdan öncə profilaktika (PrEP) daxil olmaqla İİV-in profilaktikası, İİV və ko-infeksiyaların müalicəsində müasir yanaşmalar, İİV-lə yaşayan insanların vaksinasiyası, stiqma və diskrimina­siya mövzuları üzrə ÜST-nin son töv­siyələri əhatə edilib.

Ölkə ofisindən bildiriblər ki, ÜST İİV epidemiyasının dayandırılması istiqamətində ölkələrə texniki dəstək göstərməyə hər zaman davam edə­cək. 

Z.HÜSEYNOVA
XQ



Sosial həyat