BP-nin sahibkarlıq dərsləri

post-img

BP şirkəti “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və “Cənubi Qafqaz boru kəməri” layihələrindəki tərəfdaşları adından orta məktəblər üçün nəzərdə tutulmuş yeni bir təhsil layihəsinin uğurla tamamlandığını elan edib.

Əsas məqsədi məktəb yaşlarından uşaqlara sahibkarlıq və biznes liderliyi­nin əsaslarını aşılamaqda məktəblərə dəstək verməkdən ibarət layihəyə 8-ci və 9-cu sinif şagirdləri üçün biznes və sahibkarlığın əsas prinsipləri haqqında təhsil materiallarının hazırlanması daxil edilib. Layihə çərçivəsində Azərbayca­nın müxtəlif regionlarından, təxminən, 34 müəllim təlimçi kimi hazırlanıb. Hə­min müəllimlər ölkə üzrə 600 STEAM müəlliminə təlim keçərək onları mək­təblərdə sahibkarlığın əsaslarının tədris edilməsi üçün lazımi biliklər və effektiv pedaqoji vasitələrlə təmin ediblər. Daha sonra təlim keçmiş müəllimlər ölkənin 51 rayonunda 150 STEAM məktəbində, ümumilikdə, təxminən, 8 min şagird üçün dərslər və digər tədris fəaliyyətləri həyata keçiriblər. İnteraktiv sessiyalar vasitəsilə şagirdlər biznes planlarının hazırlanma­sı, bazarların təhlili və biznes imkanla­rının müəyyənləşdirilməsi üzrə xüsusi təlim keçiblər.

Təhsil layihəsinin yekununa həsr olunmuş tədbirdə çıxış edən BP-nin Xəzər regionunda vitse-prezidenti Bəxti­yar Aslanbəyli deyib ki, layihənin məqsə­di məktəbliləri müasir və innovativ sa­hibkarlığın əsasları və təməl bilikləri ilə tanış etməyə başlamaqdır. “Bu, həm də onların dəyişikliklərə və innovasiyalara rəhbərlik etmək, ideyalar irəli sürmək və onları həyata keçirməyin praktiki yollarını tapmaqda öz bacarıqlarına inamını ar­tırmağa yönəlib. Bunlar sürətlə dəyişən dünyada karyera yolunu seçmək və gələ­cəyini qurmaq üçün hər bir şagirdin ehti­yacı olacağı bacarıqlardır. Ümid edirik ki, layihə çərçivəsində təlim keçmiş müəl­limlər öz şagirdlərinə gələcək karyera hə­dəflərini müəyyən etmək üçün lazım olan inamı və bu məqsədlərə çatmaq həvəsini aşılaya biləcəklər”,– deyə o əlavə edib.

Xatırladaq ki, 12 aylıq layihənin ümu­mi dəyəri 74 min 450 manat təşkil edib. Layihə Azərbaycan Gənclərinin Nailiyyəti (Junior Achievement Azerbaijan) İctimai Birliyi tərəfindən icra olunub. 

XQ

İqtisadiyyat