Vətən müharibəsi şəhidinin ad günüdür

post-img

Şəhid Allahverdizadə Elnur Əli oğlu 1995-ci il 15 may tarixində Sumqayıt şəhərində doğulub. 2001 –ci il 19 saylı Zəngilan Rayon Orta məktəbinə daxil olub. 2012-ci ildə 41 saylı Sumqayıt Şəhər Orta məktəbini bitirib. Elə həmin il Bakı Slavyan Universitetinin “Tərcümə” fakültəsinin “Çex-Azərbaycan” dili ixtisasına qəbul olub. 2016-cı ildə BSU-nu bitirərək vətənə xidmətə yollanıb.  2016-2017 –ci illərdə Daşkəsən rayonunda yerləşən 191 saylı hərbi hissədə Artilleriya ixtisası üzrə xidmət keçib.

Xidmətini başa vurduqdan sonra  Allahverdizadə Elnur “Səs rejissoru” ixtisasına yiyələnib. Belə ki, “İlk media” ilə, “Picmus Production” ilə əməkdaşlıq edib. “İlk media”nın layihəsi olan  “Bozbash Pictures” ilə birgə çalışıb, “Bir xalanın sirri” filmində yaradıcı heyətdə səs rejissoru kimi yer alıb. “Barama”, “Atılmışlar”, “Zeynəb” seriallarında  fəaliyyət göstərib.  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılışının  100 illiyinə həsr olunan  “Son iclas” filmində də ona həvalə edilən işin öhdəsindən layiqincə gəlib. Bundan əlavə, Allahverdizadə Elnur saysız-hesabsız reklamların çəkilişlərinin səs rejissorluğunu  edib. “İctimai” TV-də yayımlanan “Simurq” serialında Şəhid Elnur Allahverdizadə haqqında xeyli bəhs edilib, məlumat verilib, onun müharibədə keçdiyi yoldan bəhs edilib.

Vətən müharibəsi başlayarkən  Sumqayıt Səfərbərlik Komissarlığının çağırışı ilə 29 sentyabr tarixində  Azərbaycanın haqq savaşına qatılıb. Allahverdizadə Elnur 4 oktyabrdan  hərbi xidmətdəki ixtisasına uyğun olaraq artilleriyaçı kimi, topçu kimi aktiv döyüşlərdə iştirak edib. Lazım gəldikdə Ağdam, Xocavənd, Tərtər istiqamətlərində də döyüşüb. Elnur  müharibə zamanı Ağdamda yerləşən 195 saylı hərbi hissənin tabeliyində döyüşüb. 7 noyabr tarixində Ağcabədi rayonun Yuxarı Qiyaməddinli kəndində - (Xocavənd rayonu ilə üzbəüz)torlu top qəlpəsinin boğazına tuş gəlməsi nəticəsində şəhid olub.  8 noyabr tarixində  Sumqayıt Şəhidlər Xiyabanında  torpağa tapşırılıb. Şəhadətindən sonra,  “Vətən Uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Şəhadətindən sonra yaşadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində adına abidə ucaldılıb. 22 may 2021 –ci il tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və İDEA Şahmat Klubunun təşkilatçılığı və dəstəyi ilə Şəhid Allahverdizadə Elnur Əli oğlunun şərəfinə onlayn şahmat turniri keçirilib.  10 Dekabr 2021 –ci il tarixində Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə həvəskar fotoqraflıqla da məşğul olan Elnurun çəkdiyi fotolardan ibarət  Bakı şəhəri Xətai Sənət Mərkəzində foto sərgi keçirilib. Daha sonra 2022-ci il 10 may tarixində şəhidin doğum gününə həsr edilmiş növbəti foto sərgi Sumqayıt Rəsm Qalereyasında baş tutub.  Ali təhsil aldığı Bakı Slavyan Universiteti daim Elnur Allahverdizadənin xatirəsini uca tutub. Ona ithaf edilən bir neçə tədbirlər keçirib. Elə tədbirlərdən biri 2022-ci il 3 noyabr tarixində BSU-da keçirilən “Mən Elnuram” adlı anım tədbiri olub. Bakı Slavyan Universitetində Elnur Allahverdizadənin çəkdiyi fotolardan ibarət sərgi keçirilib.

Bundan əlavə, Şəhid Allahverdizadə Elnur Əli oğlunun adı 15 –dən artıq kitab, jurnal və qəzetdə anılıb və ona məqalələr həsr edilib. Abşeron rayonu, Saray qəsəbəsindəki küçələrdən biri Şəhid Elnur Allahverdizadənin adını daşıyır.

Səbuhi Elnur

Sumqayıt Bələdiyyəsinin mətbuat katibi 

 

Sosial həyat