Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə mədəniyyətləri, abidələri, xatirələri məhv edib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas mahiyyəti təkcə Azərbaycan üçün deyil, həm də bütün dünyanın mədəniyyət mirasını qorumaqla bağlıdır. Bu istiqamətdə görülən tədbirlər yetərli deyil. Mədəniyyətin əsaslı təminatı olan qeyri-hökumət təşkilatları, bir sözlə hər kəs bu məsələlərə etirazını bildirməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və xarici siyasət Şurasının üzvü Aygün Attar VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" adlı panel sessiyada çıxışında deyib.
Prezident İlham Əliyevin ötən gün Forumun açılışındakı çıxışını xatırladan A.Attar bildirib: “Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan 44 günlük müharibəyə məcbur qalıb. Məsələnin kədərli nəticəsi ondan ibarətdir ki, üç minə yaxın şəhid verib”.
İşğal dövründə Azərbaycanın təbiətinə də böyük zərər dəydiyini diqqətə çatdıran Aygün Attar əlavə edib: “Azərbaycanın ekologiyasına vurulan zərər həm də bütün dünyanın ekologiyasına vurulan zərərdir. Bu zərərin də maddi dəyəri ödənilməlidir”.
Otuz il boyunca Qarabağda məscidlərin tamamilə yox edildiyini qeyd edən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri deyib: “UNESCO-da mədəni irsin qorunması ilə bağlı qanunu qəbul edənlər bu məsələdə səslərini çıxarmadı. Dünyada riyakar siyasət həyata keçirilir, ikili standartlar nümayiş etdirilir. Bütün bu baş verənlərin obyektiv şəkildə hesabı verilməlidir”.