Türkiyə dövləti hər zaman Azərbaycanın yanındadır.
Bunu AZƏRTAC-a müsahibəsində Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç bildirib.
O qeyd edib ki, insan haqlarının qorunması və hüququn aliliyinə dair azərbaycanlı həmkarı Ombudsman Səbinə Əliyeva ilə birlikdə ortaq layihələr hazırlanır.
“Türkiyə və Azərbaycan siyasi, iqtisadi, sosial əməkdaşlıqla yanaşı insan hüquqları ilə də bağlı mühüm layihələr hazırlayır. Çünki hər bir dövlətin təməl prinsipində hüquq və azadlıq durur”, - deyə Ş.Malkoç bildirib.
Türkiyənin Baş Ombudsmanı qeyd edib ki, Qafqaz regionu dünyanın ən münaqişəli bölgəsi idi. “Qeyd etməliyəm ki, Ermənistanın regiondakı işğalçı siyasəti 30 il davam edib. Lakin 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bölgədə sülhün bərqərar olmasına səbəb oldu. Bu sülh Qafqazla yanaşı dünya üçün də böyük önəm malikdir. Ümid edirəm ki, Azərbaycanın təşəbbüsü ilə Qafqaz regionunda mövcud olan sülh Rusiya ilə Ukrayna arasında və Qəzza bölgəsində də olacaq”,- deyə Şərəf Malkoç bildirib.