Telman Heydərov – 85
Bu il avqustun son günlərində “Xalq qəzeti”nin 105 yaşı tamam olur. Azərbaycan mətbuatının yorulmaz tədqiqatçılarından biri olan Qulam Məmmədlidən eşitmişdim ki, 82 yaşlı bu qəzet ( müsahibə 1991-ci ilin son günlərində qələmə alınmışdı –İ.M.) yetmiş il “Kommunist” adı ilə çıxsa da, daim Azərbaycan xalqına xidmət etmişdir: “Siz cavanlar ömrünün uzun illərini bu qəzetin ərsəyə gəlməsinə həsr etmiş yaradıcı heyətin vəfat eləmiş üzvlərini daim yad etməli, yaşayanlara isə ehtiramla yanaşmalısınız”.
Biz məmnunuq ki, həmin prinsipləri heç zaman unutmamışıq və unutmayacağıq. Elə indi 85 yaşlı əməkdaşımızı məhz kollektiv şəklində təbrik etməyimiz də həmin ehtiramın göstəricisidir. Ömrünün əlli üç ilini bu qəzetdə çalışmış, daim siyasi məsələlər üzrə müxtəlif şöbələrin müdiri olmuş Telman Heydərov, sözün həqiqi mənasında, bu redaksiyanın dayaqlarından və simalarından biri olmuşdsur. Mən bu sətirləri yazmağa başlayanda kollektivimizin keçmiş üzvü, Telman müəllimin rəhbərlik etdiyi siyasi-analitik qrupun üzvü olmuş Nazim Mustafadan maraqlı bir təklif gəldi: “Gəlin, bu yazını Telman müəllimin rəhbərliyi ilə çalışmış qrup üzvlərinin hamısının imzası ilə təqdim edək”. Razılaşdım və yazının bu formatını seçdim. Beləliklə...
Nazim MUSTAFA, Dövlət Mükafatı laueratı, tarix üzrə fəlsəfə doktoru:
– Əgər bir insan ömrü şərəflə, qürurla, ləyaqətlə yaşanıbsa, geriyə boylanmağın qorxusu yoxdur. Azərbaycan jurnalistikasının nüfuzlu ağsaqallarından olan Telman Heydərovun memuar səpgili “Geriyə boylananda...” kitabını oxuduqdan sonra bir daha əmin oldum ki, müəllif, həqiqətən də, Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayıb.
1998-ci ildə şöbənin tərkibində yüksək əməkhaqqı verilmək şərtilə analitik qrup yaradıldı. Mən özüm Telman müəllimin rəhbərliyi altında həmin qrupun tərkibində altı il çalışdım. Hər gün Telman müəllim baş redaktorun yanında keçirilən planlaşmadan qayıtdıqdan sonra yazılması nəzərdə tutulan mövzuları qrup üzvləri arasında hər bir əməkdaşın mövzuya bələdolma səviyyəsini nəzərə alaraq bölüşdürürdü. Telman müəllimin özü də hər gün müəyyən mövzu üzərində işləyir, üstəlik, şöbə əməkdaşlarının hamısının yazdıqları məqalələri redaktə edir, sonra redaktor müavininə göndərirdi. Həmin proses bu gün də davam edirdi və Telman müəllimdə olan enerjiyə və işgüzarlığına heyran qalırdıq.
Qalib ARİF, geologiya elmləri namizədi:
– Mənə elə gəlir ki, Mövlanə “Olduğu kimi görünən və göründüyi kimi olan adam” ifadəsini məhz Telman Heydərov haqqında demək istəyib. Sadəcə olaraq, “bəxti” gətirməyib, aradakı böyük zaman fərqi ona bu kişi ilə şəxsən tanış olmağa imkan verməyib. Mənim isə bəxtim gətirib, “Xalq qəzeti”ndə Telman müəllimin rəhbərlik etdiyi Siyasət şöbəsində siyasət öyrənmişəm, onunla çiyin-çiyinə düz 10 il işləmişəm. Sözün əsl mənasında, olduğu kimi görünən və göründüyü kimi olan kişini bir neçə addımlıqdan, bilavasitə iş prosesində müşahidə etmişəm. Ondan – ustadımızdan, şeirdən tutmuş nəsihətə kimi, çox şey eşitmişəm, çox şey öyrənmişəm. Bunlar indi də karıma gəlir. Şəhriyar demişkən, o günlər elə bil bir sinema pərdəsidir gözümdə, indi oturub seyr edirəm özüm də...
... Artıq bir neçə ildi ki, Telman müəllimlə işləyirdik, İttifaq Mirzəbəyli ilə birlikdə ustadla bir otağın havasında nəfəs alırdıq. Humanitar sahənin tanınmış alimlərindən biri gündəmlə səsləşən irhəcmli siyasi bir yazı gətirmişdi. Telman müəllim şöbə müdiri kimi yazını redaktə etmiş, qəzetdə getməsinə kömək etmişdi. Həmin alim də, yerli normalara uyğun olaraq, bir qutu konfet, bir köynək, üstündə qalstukla sovqat gətirmişdi, ustada hədiyyə etmək istəyirdi. Telman müəllim əməlli-başlı əsəbiləşərək dedi: Sən məni tanımırsan, bu nə hoqqadır çıxarırsan?! Mən 40 ilə yaxındır (səhv etmirəmsə, 97–98-ci illər idi) bu qəzetdə işləyirəm, bircə dəfə belə şey etmişəm? Həmin alim də bir az pərt kimi idi, nə edəcəyini bilmirdi… Sağ olsun İttifaq Mirzəbəyli, təcili bir çay dəsgahı yaratdı, pərtliyi, incikliyi aradan qaldırdı. Telman müəllim də qonağı yola salanda sovqatını qoltuğuna verməyi unutmadı.
Onu da deyim ki, Telman müəllim ölkənin adlı-sanlı ziyalıları ilə şəxsən tanış idi, onların bir qismi redaksiyaya məhz Telman müəllimin yanına gələrdilər. Biz onun sayəsində akademiklər Fuad Qasımzadə, Budaq Budaqov, Yaqub Mahmudov kimi müqtədir ziyalılarla tanış olmaq imkanı qazanmışdıq.
İttifaq MİRZƏBƏYLİ, Əməkdar jurnalist:
– Yaxşını pisdən ayıran, həqiqəti olduğu kimi qiymətləndirən adamlar həmişə, hər yerdə olub və olacaqdır. Məhz həmin obyektiv adamların qiymətləndirməsi nəticəsində Telman Heydərov hələ 50 yaşı tamam olmamış sovet dönəmi üçün ən hörmətli adlardan olan SSRİ Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatına və əməkdar fəxri adına layiq görülmüşdü. Müstəqillik dövründə isə Telman Heydərovun xidmətləri cənab Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə qiymətləndirilmişdi. Bir dəfə Telman müəllimdən soruşdum ki, SSRİ Jurnalistlər İttifaqından, Azərbaycanın yaradıcı təşkilatlarından müxtəlif mükafatlar almısınız, fəxri ada layiq görülmüsünüz, haqqınızda müxtəlif səviyyələrdə təqdiredici fikirlər səsləndirilib, qəzetdə kollegiya üzvü vəzifəsinə təsdiq edilmisiniz. Bu qiymətli tarixçələrin hansı sizin üçün daha dəyərlidir?
–İki məqamı heç zaman unuda bilməyəcəyəm. Birinci, ulu öndər Heydər Əliyevin MK-da keçirilən iclasda mənim kollegiya üzvü vəzifəsinə təsdiq edilməyimə razılıq verməsini unutmaq mümkün deyil. Adım çəkiləndə ayağa qalxdım. Cəmi 30 yaşım var idi. Bu vəzifəyə təsdiq edilməyimə ölkə rəhbərliyi icazə verirdi. Həmin məqamı unutmaq olarmı? İkinci, 20 Yanvar hadisələrindən, çoxsaylı qan-qadadan, ağır mübarizələrdən sonra dünya xəritəsinə yeni müstəqil dövlətin adı düşmüşdü. Bu, hər bir azərbaycanlının yüz illərdən bəri qəlbində yaşatdığı arzunun çin olması demək idi. Məhz həmin müstəqil dövlətin prezidentinin imzası ilə “Tərəqqi” medalına layiq görülmək də heç zaman unudulması mümkün olmayacaq faktdır.
Əliqismət BƏDƏLOV, şöbənin əməkdaşı:
– Telman Heydərovla ilk tanışlığım 2003- cü ildə olub. Həmin vaxt “Xalq qəzeti”ndə işə başlayanda tale elə gətirdi ki, Telman müəllimin rəhbərlik etdiyi ictimai-siyasi məsələlər şöbəsində fəaliyyət göstərdim. İlk baxışdan çox zəhmli və qaraqabaq adam təsiri bağışlayan Telman müəllim, sən demə, xeyirxah, hamıya kömək əlini uzadan, səmimi bir insan imiş. Mən onu yaxından tanıdıqca bunun şahidi oldum. Telman müəllimin sözünün kəsəri də yeri gələndə qılıncdan da iti olurdu. Onu da öyrəndim ki, Azərbaycan mətbuatında Telman müəllim kimi təmiz, kimsədən hədiyyə, pay ummayan az adam ola bilər.
Telman müəllim həm də qətiyyətli insandır. Ailə vəziyyəti ilə əlaqədar hər gün günortadan sonra evə gedərdi. Bunu baş redaktor da bilirdi. Ancaq redaksiyada bəzilərinin narazılq etdiyini eşidəndə ərizəsini yazıb işə gəlmədi. Dörd ay baş redaktor onun ərizəsinin üstünü yazmadı və ona maaş verdi. Axırda Telman müəllim maaşdan imtina etdi.
Səbuhi MƏMMƏDOV, şöbənin əməkdaşı:
– Həmin günləri heç zaman unutmaram. İlk övladım dünyaya gələndə səhhətində müəyyən problemlər yaranmışdı. Həkimlərin övladımın səhhəti haqqında ehtiyatlı danışmaları məni çox narahat edirdi. Çox həyəcan keçirirdim, qara fikirlər məni tərk etmirdi. Ümumi əhvalım işimə də təsir göstərirdi. Fikrimi yazacağım mövzu ətrafında cəmləşdirməkdə çətinlik çəkirdim. Şöbəmizdə də bunu hiss etmişdilər. Xüsusilə də şöbə müdirimiz Telman Heydərov ciddi narahatlıq keçirdiyimi görürdü. Tez-tez övladımın vəziyyətini soruşurdu. Deyirdi ki, hər şey yaxşı olacaq, tezliklə Aycan balamızı redaksiyaya da gətirəcəksən... Beləcə mənə ürək-dirək verirdi. O günlərdə mənə dediklərini hələ də xatırlayıram.
Telman müəllimin dediyi kimi də oldu, bütün həyəcanlarım bitdi. İllər sonra qızımı redaksiyaya gətirdim. Otağa daxil olanda Telman müəllim gülümsəyərək “Ay Maşallah, deyəsən, bu, bizim dəcəl Aycandır, atasının çox sevdiyi qızı”. Redaksiyanı tərk edəndə qızım soruşdu ki, “Ata, o baba kimdi? Niyə mənə dəcəl dedi?Mən dəcələm?”. Dedim ki, bütün babalar nəvələrini belə əzizləyirlər.
Rövşən DİDAVARİ, “Xalq qəzeti”ndə siyasi-analitik qrupun sabiq əməkdaşı:
– Mən həmin qrupda çalışanda Nazim Mustafadan hər cümləni əsaslandırmağı, İttifaq Mirzəbəylidən istənilən məqaləyə hamının gördüyü adi bir detalla başlayıb, yazını onunla da başa çatdırmağı, Qalib Arifdən Rusiyada gedən ictimai-siyasi proseslərin axarını öyrəndim. Telman müəllimdən isə... Biz ondan əvvəl həyatı öyrəndik, sonra isə bir az da jurnalistikanı. Ustadın ad gününü təbrik edirəm!
Elə “Xalq qəzeti”nin kollektivi də Telman Heydərovun 85 yaşını təbrik edir.
İ.MƏMMƏDCANOĞLU,
“Xalq qəzeti”nin sabiq əməkdaşı