Ana laylası – dünyamızın ilkin nəğməsi

post-img

Bəzəkli beşiyində ipək yorğanına bürünüb şirin-şirin yatan, mı­şıl-mışıl yuxuya gedən körpələr dünyanın ən böyük gözəlliyi və təmizliyidir. Analar ciyərparalarının rahat yatması üçün öz qoynunu, qucağını, hətta kürəyini də beşiyə, yüyrüyə, nənniyə çevirirlər.

Beşik başında oxunan lay­la ananın içindən süzülüb gələn doğmalığın, həzinliyin, analığın, onun keçirdiyi hiss və duyğuların ifadəsidir. Layla ümid, arzu, xəya­lın uçuşudur. Layla ananın mənə­vi dünyasının şah nəğməsidir. Çünki layla körpə üçün ən doğma olan varlığın - ananın səsi ilə – ən gözəl səslə sonsuz və mərhəm bir bağlılığın ifadəsi kimi ruhumuza axır.

Vaxtilə böyük loğman İbn Sina analara xitabən deyirdi: “Körpələrə layla deyin və beşik­də yırğalayın. Onlardan biri uşa­ğın mənəvi cəhətdən, digəri fiziki cəhətdən inkişafına kömək edə­cək”.

Müasir araşdırmalar da ana laylasının əvəzsiz olduğunu sübut edir. Laylaların hər kəlməsi uşa­ğın şəxsiyyət kimi formalaşması­na xidmət edir. Analarda belə bir inam olub ki, laylalar körpəni şər qüvvələrdən qoruyur. Hətta pislik və xəstəliklərdən də... 

Filologiya üzrə fəlsəfə dokto­ru, dosent Şakir Albalıyevin de­diyinə görə, laylalar ana dilimizin əlifbasıdır. Körpə ana bətnindən ayrılandan sonra cismən ana südü, mənən ana laylası ilə qida­lanır. Körpənin ruhu və yaddaşı layla dünyası ilə təmasdan dinc­lik- sakitlik tapır, dilimizin şirinliyi körpənin ruhuna, qanına hopur.

Sənətşünaslıq üzrə elmlər doktoru Aytən İbrahimova isə de­yib: Laylanın həzin zümzüməsi altında körpə sakitləşir və yuxuya gedir. Layla vasitəsilə körpənin əsəbləri sakitləşir, onun ritm və musiqi duyumu formalaşır. Layla həyatımız boyu bizi müşayiət edir, dünyaya gələndə də onu eşidir, dünyadan köçəndə də ağı ilə layla oxunur.

Tibb üzrə fəlsəfə doktoru, do­sent Sevinc Nəsirovanın mövqe­yi də maraqlıdır: “Laylalar körpə üçün sakitləşdirici və öyrənmə tə­sirlərinə malikdir və onu dinləyən yeni doğulmuş uşaq sakitləşir; ananın səsinə reaksiya verərək cavab səsləri çıxarır, bununla da körpənin nitq duyğusu inkişaf edir. Laylalar uşağın xarakteri­nin formalaşmasına, düşüncə və psixoloji vəziyyətinə təsir göstə­rir. Beləliklə, körpə sakit, xeyirxah böyüyür. Tədqiqatçıların araşdır­malarına əsasən, erkən yaşlarda layla dinləməyən uşaqlar eqoist və daha az stresə davamlı olur­lar. Layla uşağın müəyyən bir yuxu, oyanma və qidalanma reji­minin inkişafına kömək edir”.

Psixologiya üzrə fəlsəfə dok­toru Yeganə Əsgərova isə layla­ların psixoloji təsirini qeyd edir: “Beşiyi başında layla çalınan uşaqlar emosional cəhətdən da­yanıqlı olur, stresi qəbul etmir, həyəcan hissinin öhdəsindən vaxtında gələ bilirlər. Layla eşit­məyən uşaqlar gələcəkdə daha aqressiv olur, onlarda psixoloji pozuntu hallarına daha çox rast gəlinir. Uşaqların nitqinin inkişa­fına da laylalar güclü təsir edir, çünki onlar ilk fonetik səslərlə lay­lalar vasitəsilə tanış olurlar. Bun­dan başqa, layla eşidən uşaq­larda diqqətin mərkəzləşməsi və inkişafı çox güclü şəkildə gedir”.

Lakin laylanı musiqi və me­lodiya ilə əvəz edənlər də var. Hətta təəssüf ki, son vaxtlar, xü­susilə son illər analar laylaları te­leviziya və telefondakı musiqilərlə əvəz edirlər. Tədqiqatlar göstərir ki, belə uşaqlarda diqqət əskik­liyi sindromu əmələ gəlir, diqqə­tin cəmlənməsində layla eşidən uşaqlarla müqayisədə geri qalır­lar.

Laylalar uşaqlar üçün söz ba­zası rolu oynayır. Ana layla çaldıq­ca körpə həmin sözləri yaddaşına həkk edir, sonralar onun təsiri ilə uşağın dili tez açılır. Laylalar həm dəyərlərin, həm də sevginin tərən­nümüdür. Layla körpənin ana di­lində aldığı ilk dərsdir. 

Mütəxəssislərin fikrincə, lay­lanın psixoloji təsiri də böyükdür. Ana-bala arasında sevgi bağları güclənir, uşaqlarda özünəinam hissi daha da artır, dinləmə mədə­niyyəti formalaşır. Uşaqlar musiqi dinlədikcə rahatlaşır və onlarda çağalıq və körpəlik dövrünün şıl­taqlıqları azalmağa başlayır. 

Məsələn, yuxu zamanı və yaxud yuxudan oyananda aqres­siv olan uşaqlara layla deyəndə onlar daha rahat yuxuya gedirlər. Gözəl səs və gözəl söz həmişə xoş duyğular oyadır.

Süleyman QARADAĞLI

Sosial həyat