Sağlamlığa biganəliyin bəlası
Deyirlər ki, N. Nərimanov həkim işləyən vaxt qəbuluna gələn müxtəlif millətlərin nümayəndələri arasında azərbaycanlıları birinci qəbul edirmiş. Digər millətlərin nümayəndələri onun millətçiliyi barədə məhkəməyə şikayət edəndə belə cavab verib: Ay yoldaş hakim, illərin təcrübəsindən bilirəm ki, yəhudilər müayinədən keçmək üçün, ruslar yüngülvari ağrılar zamanı, azərbaycanlılar isə son nəfəsdə həkimə gəlirlər. Ona görə də mən azərbaycanlıları növbədənkənar qəbul edirəm...
Yaşadığım binanın həyətində hər səhər əlində əsa olan ixtiyar saatlarla o baş-bu başa gedib gəlir. Son günlər qonşu binaların həyətində də əlinə əsa götürən xəstələrin gəzib dolaşdığını görürəm. Dəfələrlə fikir vermişəm, onların hər biri səhərlər eyni saatda həyətə enir, hər gün müəyyən olunmuş vaxtda hərəkətləri çox dəqiqliklə yerinə yetirirlər. Onların yanından biganəliklə adlayıb işə gedən kim, oturacaqlarda oturub siqaret tüstülədən, dükan-bazardan şərab şüşələri ilə qayıdan kim...
Yəqin ki, nə vaxtsa bu gün həyətdə əlində əsa o başbu baş gedib gələn, itirilmiş sağlamlığını bərpa etmək üçün həkim göstərişlərinə dəqiqliklə əməl edən qocaların yanından biganəliklə ötüb-keçənlər də nə vaxtsa oxşar aqibəti yaşayacaqlar. Təəssüf ki, xərçəng və iflic, insult və infarkt, şəkər və qan təzyiqi sağlamlığın “qapısını” döyməyənə qədər onun fərqində olmuruq.
Səhərlər beş-on dəqiqə də olsa, idman hərəkətləti yerinə yetirmirik, dağa qalxıb bulaq suyu içmirik, dənizə sahilində quma girmirik, palçıq vannası qəbul eləmirik, at minmirik, velosiped sürmürük, qida rejimini gözləmirik. Sanatoriyaya, müalicə mərkəzlərinə getmirik, pəhriz saxlamırıq, həkim məsləhətinə əməl eləmirik, sonra da sağlamlığın yerində olmadığından gileylənirik. Axı orqanizm hüceyrədən təşkil olunub. Dağ deyil, daş deyil ki, hər tərəfdən əlinə çəkic, düsər götürüb onu oyasan. Ona görə də lətifə kimi çıxmasın, bizim sağlamlıq arzumuz lotereya almayan adamın maşın udmaq istəyinə bənzəyir...
Məşhur bir aforizmdə deyilir: Cavanlıqda qaçmasan, qocalıqda həkimlərin arxasınca qaçmalı olacaqsan. El arasında da haqlı olaraq deyilir ki, sağlamlığı cavanlıqdan, paltarı təzə vaxtından qorumaq lazımdır. Qəribədir ki, sağlam və gümrah vaxtı bunun fərqində o qədər də olmursan, ağrı-acılar başlayanda isə əl-ayağa düşürsən. Məşhur ingilis yazıçısı Bernard Şou ömrünün ixtiyar çağlarında küçə ilə əyilə-əyilə gedirmiş. Bir gənc ona “nə axtarırsan, qoca ” deyə sual verəndə böyük yazıçı “gəncliyimi axtarıram, oğul”, – deyə cavab verir.
Sağlamlığın da qayğısına gənclik illərində - bel bükülüb diş tökülməmiş, əl əsaya yetməmiş qalmaq daha yaxşı olmazmı?
Əgər ona dünyada ən şirin, ən əvəzolunmaz nemət deyiriksə...
Süleyman QARADAĞLI